Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-422/2022 28.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 715 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 71 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manat vəkil xərcinin, 13 manat notarius xərcinin, nəticə etibarilə ümumilikdə 999 (doqquz yüz doxsan doqquz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMCə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin təsisçisi, mən Nümayəndə Cavabdeh ilə 27 fevral 2022-ci il tarixində 666 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 27 fevral 2022-ci il tarixli 666 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “SAMSUNG GALAXY A52” markalı telefonu 6 aylıq kreditlə 850 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 135 manat ödənilmiş, lakin hazırda qalan 715 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən Nümayəndə telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X2 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərimin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 27 fevral 2022-ci il tarixli 666 nömrəli müqavilədən yaranan 715 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 71 manat peniya, həmçinin məhkəmədə iddia qaldırmaq üçün özümə vəkil tutduğuma görə qonorar olaraq ödədiyim 200 manat pulun, 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-təsisçi Nümayəndə məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı təsisçisi və Naxçıvan şəhərində bir neçə telefon-satış mağazasının sahibiyəm. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Əvvəlcədən Naxçıvan şəhərində mebel ustası kimi tanıdığım və işlətdiyim mağazanın da mebellərini hazırlayan Cavabdeh 22 fevral 2022-ci il tarixdə işlətdiyim mağazaya gələrək məndən telefon almaq istədiyini bildirdi. Belə ki, onunla 15 fevral 2022-ci il tarixdə sahibi olduğum telefon mağazasının mebel sifarişini verərkən tanış olmuşduq. Bundan sonra 27 fevral 2022-ci il tarixdə Cavabdeh Heydər Əliyev prospekti 58 ünvanında yerləşən mağazaya gələrək Samsung Galaxy A52 markalı telefonu daxili kreditlə almaq istədiyini bildirdi. Telefonun qiyməti olan 850 manatı 6 ay ərzində hər ay 163 manat ödəməklə almağı öhdəsinə götürdü. Telefonu mən cavabdehə şəxsən özüm satmışam. Həmin gün aramızda bununla bağlı alğı-satqı müqaviləsi imzalandı, ilkin ödəniş olaraq 35 manat ödədi, daha sonra isə mart və aprel aylarında hər dəfə 50 manat olmaqla cəmi 100 manat ödədi, qalan 715 manat pulu isə dəfələrlə zəng etməyimizə baxmayaraq hər dəfə gətirib ödəyəcəyini bildirsə də, bundan yayındı. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçının vəkil-nümayəndəsi məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında 27 fevral 2022-ci il tarixdə bağlanan yazılı, hissəhissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı alqı-satqı predmetini cavabdehə vermiş, cavabdeh ilkin olaraq 35 manat, 6 ay müddətində hər ay 163 manat olmaqla əmlakın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İlkin olaraq cavabdeh tərəfindən iddiaçıya 35 manat pul ödənilib. Bundan sonra cavabdeh növbəti aylarda yəni, mart və aprel aylarında cəmi 100 manat pul ödəmiş, daha sonra qalan 715 manat pulu isə ödəməkdən yayınmışdır. Dəfələrə iddiaçı tərəfindən cavabdehdən pulun ödənilməsi tələb edilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. İddia tələbinin əsası kimi istinad etdiyimiz halları iddia ərizəsinə əlavə olunmuş alqı-satqı müqaviləsi, onun üzərində cavabdehin əl yazısı ilə qeyd aparılmış təhvil-təslim qeydi tam sübut edir. Eyni zamanda məhkəmə məsrəfləri də iddia ərizəsinə əlavə olunmuş sübutlarla öz təsdiqini tapır. Sözügedən hallar nəzərə alınmaqla iddianin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Cavabdehə məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə bildirişləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdeh ilə İddiaçı arasında 27 fevral 2022-ci ildə 666 nömrəli kredit-satış müqaviləsindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 27 fevral 2022-ci il tarixli kredit-satış müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung Galaxy A52 markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 27 fevral 2022-ci ildə 666 nömrəli kredit-satış müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - 1-ci bəndə əsasən satıcı seriya nömrəsi **********35087, **********35084 olan, Samsung Galaxy A52 markalı mobil telefonu kredit-satış qaydasında alıcının mülkiyyətinə verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür; - 2-ci bənddən aydın olur ki, məbləğin ödənilməsi şirkət tərəfindən müəyyənləşdirilir və müqaviləyə əlavə olunmuş protokolda göstərilir; - 3-cü bəndə görə alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür; - 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır. - 5 və 6-cı bəndlərlə müəyyən edilir ki, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər, borc tam ödənildikdən sonra isə müqaviləyə xitam verilir. Müqaviləyə əlavə edilmiş protokoldan isə görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 850 manat olan (seriya nömrəsi **********35087, **********35084 olan, Samsung Galaxy A52 markalı) mobil telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır, alınan malın 35 (otuz beş) manatını nağd qaydada, qalan 815 (səkkiz yüz on beş) manat borcu aşağıda göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq hər ay 163 (bir yüz altmış üç) manat olmaqla müntəzəm olaraq aylıq ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdı. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kredit-satış müqaviləsində cavabdeh tərəfindən aparılmış qeyddə bildirilmişdir ki, bütün maddələr mənə oxundu, bütün şərtlərlə razıyam. Telefonu yoxladım və təhvil aldım. Sözügedən qeyd cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən qeyd yazılmış müqavilənin surəti cavabdehə göndərilmiş, sonuncunun isə bununla bağlı məhkəməyə hər hansı bir etirazı daxil olmamışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilən müqavilələrə əlavələrə əsasən “ödəniş cədvəli” üzrə müştəri 10 sentyabr 2020-ci ildən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 60.6 (altmış manat, altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilələrə əlavələrin 5-ci bəndinə görə Müştəri Ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə "ABC"-nin Müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və müvafiq olaraq, 119 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndlərinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh digər məhkəmə xərci olaraq vəkilə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun və 13 (on üç) manat notarius xərcinin də cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir (115.0, 115.0.6 və 115.0.9-cu maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş 005397 nömrəli, 10 avqust 2022-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş 008007 nömrəli, 10 avqust 2022-ci il tarixli orderdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Nümayəndə ilə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil arasında həmin tarixdə 04/384 nömrəli müqavilə bağlanması və vəkil xərci olaraq 200 (iki yüz) manat miqdarında pul ödənilməsi aydın olur. İddiaçı ilə vəkil arasında bağlanmış müqavilə xərcini çəkməsinə səbəb cavabdehin onun qarşısında olan öhdəliyinin icra etməməsi olmasını, həmçinin yuxarıda qeyd edilən prosessual normaları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq vəkilə çəkilmiş xərcin 100 (bir yüz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcini gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o, məhkəməyə müraciət etməsi ilə bağlı olaraq iki sənədi notarial qaydada təsdiq etdirmişdir. Bu sənədlərə Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi aiddir. Həmin sənədləri tədqiq edən zaman müəyyən edilir ki, iddiaçı birinci sənədin notarial qaydada təsdiqi üçün 0,30 (otuz qəpik) manat, ikinci sənədin təsdiqi üçün isə 10 (on) manat notarius xərci ödəmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini bu hissədə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 27 fevral 2022ci il tarixli müqavilə üzrə 715 (yeddi yüz on beş) manat ödənilməmiş əsas borc, 71 (yetmiş bir) manat cərimə borcu, iddiaçının vəkilə etdiyi kömək üçün ödədiyi 100 (bir yüz) manat və notarius xərci olan 10.30 (on manat otuz qəpik) məhkəmə xərci olmaqla, ümumilikdə cəmi 896.30 (səkkiz yüz doxsan altı manat otuz qəpik) manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 27 fevral 2022-ci il tarixli müqavilə üzrə 715 (yeddi yüz on beş) manat ödənilməmiş əsas borc, 71 (yetmiş bir) manat cərimə borcu, iddiaçının vəkilə etdiyi kömək üçün ödədiyi 100 (bir yüz) manat və notarius xərci olan 10.30 (on manat otuz qəpik) məhkəmə xərci olmaqla, ümumilikdə cəmi 896.30 (səkkiz yüz doxsan altı manat otuz qəpik) manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-422/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-422/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver