Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-430/2025 31.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1317,08 AZN əsas, 203,8 AZN faiz, 218,43 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1739,31 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 37,42 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 may 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 1317,08 AZN əsas, 203,8 AZN faiz, 218,43 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1739,31 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 6966sBKX/20 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən " Bank" "Borcalana illik 29% olmaq şərtilə 60 ay müddətinə ( 36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2025-ci il tarixədək kredit ayırır, kreditin ilkin limiti 1500.00 (bir min beş yüz) manat təyin edilir. Borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. "Borcalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Bank"a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartının istifadə müddəti 60 (altmış) aydır. - 1.3 və 1.4-cü bəndləriə əsasən Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 29 % , maksimum 40 % faiz təşkil edir. Kreditin məqsədli təyinatı: İslehlak; Borcalan bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kart kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı gündəlik qalığa illik min 1%, max 6% faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü Borcalanın istifadəsindəki kartın cari hesabına köçürülür. - 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları, bu müqavilə, həmçinin «Bank»ın daxili qaydaları ilə müəyyən edilir. «Bank», Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və «Bank»ın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və «Borcalan»ın ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün «Borcalan»a kart verir. «Borcalan» bank xidmətlərinin illik haqqını «Bank» tərəfindən müəyyən edilən Tariflər əsasında əvvəlcədən ödəyir. Tariflər «Bank»ın - www.unibank.az rəsmi internet saytında (bundan sonra “sayt” adlandırılacaq) yerləşdirilir və «Borcalan»a “sayt” a mütəmadi olaraq daxil olaraq onlarla tanış olması tövsiyə olunur. «Borcalan» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir. -3.1-ci bəndə əsasən Kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun «Borcalan» tərəfindən «Bank»a qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur: Borcalan bu müqavilə üzrə ödənişləri “ödəmə müddəti” ərzində ödəməlidir, kreditin verildiyi tarix olmaqla növbəti aym həmin tarixi və sonrakı 40 (qırx gün) “ödəmə müddəti” adlanır. Ödəniş ödəmə müddətinin ilk 10 günündə olarsa, əsas məbləğ üzrə qalıq borca bu müqavilənin 1.3. maddəsində göstərilən faiz dərəcəsi, hissəli (taksitli) alış-veriş zamanı isə bu müqavilənin 1.2. maddəsində göstərilən faiz dərəcəsi (“0” faiz) tətbiq edilir. Ödəniş ödəmə müddətinin 11-40-cı günləri arası olarsa bu zaman əsas borcun ödənilməli hissəsinə gündəlik olaraq illik 40% dərəcə ilə əlavə faizlər hesablanır. Faizlər hər təqvim günü üçün hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə "Borcalan” tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür. -3.2-ci bəndinə əsasən Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən «Bank»ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən Banka qaytarıldığı tarix hesab olunur. “Borcalan”ın bu Müqavilə üzrə kredit və onun faizlərini bankomat vasitəsilə ödədiyi halda (card to card), digər elektron ödəniş sistemləri(online ödəniş, milli ön, ödəniş terminalları və s,) -9-cu bəndin yarımbəndlərinə əsasən X3 onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri taın icra olunana qədər qüvvədədir. X1rşılıqlı razılığı iləb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə uyğun olaraq Özündə kredit və bank hesabı müqavilələrinin şərtlərini əhatə edən Qarışıq müqavilə kimi bağlanmışdır və Tərəflərin münasibətlərinə mülki qanunvericiliyin müvafiq olaraq kredit və bank hesabına dair müddəaları tətbiq olunur, Bu Müqavilə ləğv edildikdə Bank Hesabdakı pul vəsaitinin qalığını «Borcalan»in göstərişi itə onun müvafiq yazılı ərizəsi alındığı gündən ən geci 7 (yeddi) təqvim gün keçənədək başqa hesaba köçürülür. Pul vəsaiti köçürülməli olan yeni hesab Banka bildirilmədikda və ya «Borcalan» həmin vəsaiti geri almadıqda «Bağlanmış Borcalan hesabları» adlı hesaba köçürülür və «Borcalan»a bu barədə yazılı məlumat verilir. Bu müqaviləyə xitam verilməsi hesabın bağlanması üçün əsasdır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və ona bank hesabı açmaqdır. İddia ərizəsinə əlavə olunmuş cavabdehin xx.xx.2020-xx.xx.2025-ci illəri əhatə edən kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X2" ASC tərəfindən kredit xətti açıldığı məlum olur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 30 may 2025-ci il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 1317.08 (bir min üç yüz on yeddi manat, səkkiz qəpik) manat əsas, 203.8 (iki yüz üç manat, səksən qəpik) manat faiz və 218.43 (iki yüz on səkkiz manat, qırx üç qəpik) manat cərimə olmaqla, cəmi 1739.31 (bir min yeddi yüz otuz doqquz manat, otuz bir qəpik) borcunun olduğu aydın olur. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və bütün qalıq borcun ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və 1317.08 manat əsas, 114.99 manat faiz və 96.42 manat cərimə borcu olmaqla cəmi 1528.49 manat borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli, 6966sBKX/20 nömrəli müqavilə üzrə 1317.08 (bir min üç yüz on yeddi manat, səkkiz qəpik) manat əsas borca münasibətdə 218.43 (iki yüz on səkkiz manat, qırx üç qəpik) manat cərimənin tutulmasını və tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği xx.xx.2020-ci il tarixli, 6966sBKX/20 nömrəli müqavilə üzrə 65.85 (altmış beş manat, səksən beş qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə 1317.08 (bir min üç yüz on yeddi manat, səkkiz qəpik) AZN əsas, 114.99 (bir yüz on dörd manat, doxsan doqquiz qəpik) AZN faiz, 65.85 (altmış beş manat, səksən beş qəpik) AZN cərimə borcu olmaqla, cəmi 1497.92 (bir min dörd yüz doxsan yeddi manat, doxsan iki qəpik) AZN borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 32.22 manat (otuz iki manat, iyirmi iki qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 1317.08 (bir min üç yüz on yeddi manat, səkkiz qəpik) AZN əsas, 114.99 (bir yüz on dörd manat, doxsan doqquiz qəpik) AZN faiz, 65.85 (altmış beş manat, səksən beş qəpik) AZN cərimə borcu olmaqla, cəmi 1497.92 (bir min dörd yüz doxsan yeddi manat, doxsan iki qəpik) manat borcun Cavabdeh tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 32.22 manat (otuz iki manat, iyirmi iki qəpik) miqdarında dövlət rüsumu alınaraq «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-430/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-430/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver