Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-441/2024 21.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 oğluna qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəfərov Səyavuş Əyyub oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 2499.97 manat əsas, 54.45 manat faiz borcu olmaqla, cəmi 2554.42 manat, xx.xx.2021-ci il tarixli, BPM**********47 nömrəli kredit müqaviləsi üzrə 3891.25 manat əsas borc olmaqla ümumilikdə 6445.67 manat kredit borcunun və ödənilmiş 104.47 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Cəfərov Səyavuş Əyyub oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1.1.2-ci bəndinə əsasən şərtlər Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma ilə müəyyən olunmaqla, Cəfərov Səyavuş Əyyub oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 2500 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC ilə Cəfərov Səyavuş Əyyub oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 16 faiz olmaqla 8000 manat məbləğində kredit verilmiş və vəsait Cəfərov Səyavuş Əyyub oğlu tərəfindən məxaric orderi əsasında nağd şəkildə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 265478 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Cəfərov Səyavuş Əyyub oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəfərov Səyavuş Əyyub oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notariat ofisinə müraciət etmiş, xx.xx.2023-cü il tarixində cavabdehlərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışlarına əsasən, Cəfərov Səyavuş Əyyub oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 2499.97 manat əsas, 54.45 manat faiz borcu olmaqla, cəmi 2554.42 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsi üzrə 3891.25 manat əsas borcu olmaqla, cəmi 3891.25 manat borcu qalmışdır. Cavabdehlər X5 Əyyub oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-9244/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsi və iddianın tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə müraciət edərək Bakıdan Naxçıvana gəlmək üçün təyyarə biletinin əldə edilməsi mümkün olmadığından məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ölmüş şəxsin vərəsələrindən tutulması tələbi”nə dair iddia ərizəsi ilə Babək rayon Məhkəməsinə müraciət etmişdir. Lakin hesab edirik ki, iddiaçı cavabdehlərə qarşı hazırki tələbi irəli sürə bilməzdi. Çünki X5 Əyyub oğlunun ölümündən sonra cavabdehlərin notariat ofisinə müraciətinə əsasən Notarius tərəfindən müvafiq sorğular göndərilmiş, lakin mərhumun ölüm anınadak adına hər-hansı əmlakının olması müəyyən edilməmişdir. Lakin iddiaçı Cəfərov Səyavuş Əyyub oğlunun ölümü ilə bağlı onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 notariat ofisinə müraciat etmələri ilə bağlı xx.xx.2023-cü il tarixdə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini onların mirası qəbul etmələri kimi göstərmişdir. Ancaq iddiaçı cavabdehlərin hansı mirası qəbul etmələrinə dair məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, istinad edilən hüquq normasının mənasına görə miras əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalıdır. Lakin iddiaçı Cəfərov Səyavuş Əyyub oğlunun öldüyü məqamadək hansı əmlaka malik olmasını və onun ölümü ilə açılmış mirasın nədən ibarət olmasını və cavabdehlərin Cəfərov Səyavuş Əyyub oğlundan qalmış hansı mirası qəbul etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. X5 Əyyub oğlunun ölümü ilə bağlı onun qanun üzrə birinci növbə vərəsələri vərəsəlik hüququ haqqında şəhadətnamə almaları onların mirası qabul etmələri kimi qiymətləndirilə bilməz. Sonda isə cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2499.97 manat əsas, 54.45 manat faiz borcu olmaqla, cəmi 2554.42 manat borc tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, 13 oktyabr 2020-ci il tarixli, BPM**********94 saylı tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə Cəfərov Səyavuş Əyyub oğlu arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 36 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində illik 24% faiz dərəcəsi ilə kredit xəttinin açılması barədə razılıq əldə olunması aydın olur. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin əsas anlayışlar adlanan 1-ci bəndinin 1.1.2-ci bəndinə əsasən "Kredit xətti" Bank tərəfindən Borc alana müəyyən müddətə və məbləğdə faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, bu Müqavilənin 4.3-cü bəndinə əsasən Borc alanın kredit kartına bağlı olan kart hesabı üzrə açılan bərpa olunan kredit xətti; - müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on beş min) manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərofındon ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür; - müqavilənin 2.3-cü bəndinə görə kredit şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə verilmişdir. - müqavilənin 2.5-ci bəndinə əsasən tam kartın qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir; - müqavilənin 6.2-ci bəndinə əsasən bu Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq Borc alana təqdim edilmiş Kredit xətti üzrə güzəşt müddəti təyin edilir. Güzəşt müddəti dedikdə Borc alan tərəfindən təqvim ayı ərzində Kredit xətti üzrə istifadə etdiyi Kredit məbləği (Taksit əməliyyatları istisna olmaqla) İstifadə tarixindən (daxil olmaqla) asılı olaraq 30 (otuz) toqvirn günündən 60 (altmış) təqvim gününədək müəyyən edilir və hamin müddət ərzində tam qaytarıldığı halda, faizlərin hesablanmadığı və Borc alan tərəfindən ödənilmədiyi dövr başa düşülür; - müqavilənin 6.9-cu bəndinə əsasən faizlərin hesablanması zamanı əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir; - müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar; - müqavilənin 11.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və Tərəflərin bu Müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir; - müqavilənin 11.5-ci bəndinə əsasən Bank tərəfindən X3 üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə; Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar elməklə Bank tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq hallarda birtərəfli qaydada ləğv edə bilər. İddia ərizəsinə əlavə olunan xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə Cəfərov Səyavuş Əyyub oğlu arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 12 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində, kreditdən istifadəyə görə illik 16% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması aydın olur. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin predmeti adlanan 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən Borc verən Borc alana 12 (on iki) ay müddətində (xx-xx-2022 tarixədək) 8000 AZN (səkkiz min manat 0 qəpik) məbləğində, kreditdən istifadəyə görə illik 16% (on altı) faiz ödəmək şərtilə şəxsi istehlak məqsədləri üçün kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür; - müqavilənin 3.2-ci bəndinə əsasən Kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli ələvədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir; - müqavilənin 3.9-cu bəndinə əsasən borc verən borc alan tərəfindən kredit üzrə əsas borcun qayarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildiyi hallarda kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə bilər. - müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytanhması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq Borc verən tərəfindən Borc alana gecikdirnənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi, həmçinin cavabdehin hesabına razılaşdırılmış kredit xəttinin açılıb-açılmaması və borcalan tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalan verilməsidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli məxaric orderindən 5139 (beş min bir yüz otuz doqquz) manat pulun Cəfərov Səyavuş Əyyub oğluna verilməsi və şəxsin öz imzası ilə sözügedən halı təsdiq etməsi aydın olur. xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyinin 12 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 725.85 manat, sonuncu ay isə 725.75 manat borcu iddiaçıya qaytarmaq olduğu müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinin şərtlərindən isə belə məlum olur ki, həmin müqavilə üzrə iddiaçının cavabdeh qarşısında əsas öhdəliyi 36 ay müddətinə illik 24% dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit xəttinin borcalan üçün açılmasıdır. İddia ərizəsinə əlavə olunan xx.xx.2024-cü il tarixli xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsindən çıxarışdan borcalanın həmin kredit limitindən tələb olunan məbləğdə istifadə etdiyi müəyyən olunur. 13 oktyabr 2020-ci il tarixli, BPM**********94 saylı tam kart çərçivə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından Cəfərov Səyavuş Əyyub oğlunun kredit müqaviləsi üzrə 2499.97 manat əsas, 54.45 manat faiz borcu olmaqla cəmi 2554.42 manat borcunun olduğu müəyyən olunur. xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından Cəfərov Səyavuş Əyyub oğlunun kredit müqaviləsi üzrə 3891.25 manat əsas, 0 manat faiz borcu olmaqla cəmi 3891.25 manat borcunun olduğu müəyyən olunur. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Borcalanın isə hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 265478 nömrəli ölüm haqqında şəhadətnamədən Cəfərov Səyavuş Əyyub oğlunun Bakı şəhərində travmatik şok səbəbiylə 27 aprel 2022-ci il tarixdə vəfat etdiyi və bu barədə ölüm akt qeydləri kitabında 292 nömrə ilə qeydin mövcud olması aydın olunur. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı”) İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cəfərov Səyavuş Əyyub oğlunun vərəsələrinə Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan Cavabdeh1, Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olan Cavabdeh3, Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olan Cavabdeh2 daxil olduğu və onların hər birinin miras əmlakdan 1/3 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın isə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 05/01-288 nömrəli məktubuna əsasən Cəfərov Səyavuş Əyyub oğlunun ölümü ilə əlaqədar Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" qanununun 14.2.1-ci maddəsinə əsasən 5000 (beş min) manat pul məbləğindən ibarət olduğu müəyyən edilir. MM-in 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qərardan da göründüyü kimi mirası qəbul etmiş vərəsələr yalnız onlara çatan miras payı həcmində miras qoyanın vərəsələri qarşısında məsuliyyət daşıyır. MM-in 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. MM-in 500.2-ci maddəsinə əsasən isə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Sözügedən halda isə borcluların birgə öhdəliyi qanundan, MM-in 1306-cı maddəsinin tələbindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalıdır. Məhkəmə cavabdehin vəkil-nümayəndəsinin iddia tələbinə qarşı etirazında irəli sürdüyü dəlillərə cavab olaraq bildirir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Belə olan halda hazırki iş üzrə iddia ərizəsinə əlavə olunmuş miras açılması faktını, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsi məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəddir və bunun əksini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sonda məhkəmə o nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2499.97 (iki min dörd yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas, 54.45 (əlli dörd manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2554.42 (iki min beş yüz əlli dörd manat qırx iki qəpik) manat, xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsinə əsasən isə 3891.25 (üç min səkkiz yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 6445.67 manat (altı min dörd yüz qırx beş manat altmış yeddi qəpik) borcdan mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq Cavabdeh1 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik), X1 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik və Cavabdeh3 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik) borc birgə borclu kimi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80.68 manat (səksən manat altmış səkkiz qəpik) miqdarında dövlət rüsumu cavabdehlərin hər birindən mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq 26.89 manat (iyirmi altı manat səksən doqquz qəpik) olmaqla müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş ********** nömrəli məxaric qəbzindən belə məlum olur ki, iddiaçı dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödəmişdir. MPM-in 115.0 və 115.0.9-cu maddəsinə əsasən isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsinə həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. İddiaçının 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərc hesab edir. Həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq hər br cavabdehdən 0.13 manat (on üç qəpik) alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2499.97 (iki min dörd yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas, 54.45 (əlli dörd manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2554.42 (iki min beş yüz əlli dörd manat qırx iki qəpik) manat, xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsinə əsasən isə 3891.25 (üç min səkkiz yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 6445.67 (altı min dörd yüz qırx beş manat altmış yeddi qəpik) manat borcdan mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq Cavabdeh1 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik), X1 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik) və Cavabdeh3 1666.66 manat (bir min altı yüz altmış altı manat altmış altı qəpik) borc birgə borclu kimi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. 80.68 manat (səksən manat altmış səkkiz qəpik) miqdarında dövlət rüsumu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birindən mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq 26.89 manat (iyirmi altı manat səksən doqquz qəpik) olmaqla müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 0,40 (qırx) manat bank xidmət haqqı mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birindən 0.13 manat (on üç qəpik) olmaqla müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-441/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-441/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver