Məhkəmə qərarları › İş №e-2(079)-466/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-466/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-466/2022 05.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı «Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyəti 16 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cavabdeh – Cavabdeh 17 yanvar 2022-ci il tarixli, İK100924 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 2 968,24 (iki min doqquz yüz altmış səkkiz manat 24 qəpik) manat əsas borc, 145,45 (bir yüz qırx beş manat 45 qəpik) manat faiz borcu, 85,56 (səksən beş manat 56 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3 199.25 (üç min bir yüz doxsan doqquz manat 25 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 51.99 (əlli bir manat 99 qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, İK1009248 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 3200 (üç min iki yüz) manat məbləğində istehlak krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-cimaddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflə rmüqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, İK100924 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 2 968,24 (iki min doqquz yüz altmış səkkiz manat 24 qəpik) manat əsas borc, 145,45 (bir yüz qırx beş manat 45 qəpik) manat faiz borcu, 85,56 (səksən beş manat 56 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3 199.25 (üç min bir yüz doxsan doqquz manat 25 qəpik)manat kredit borcu öhdəliyi var. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «Naxçıvan Bank” ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilə predmetini Bankın Borcalana heyvandarlıq üçün 24 ay müddətinə 3200 (üç min iki yüz) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə istehlak kreditinin verilməsi, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - öhdəliyin icrası Borcalanın aylıq gəlirləri və təsərrüfatdan əldə etdiyi qazanc hesabına həyata keçiriləcəkdir, - kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - kredit məbləği borcalana illik 15% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 15.68%dir. - kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yarandığı tarixdən başlayır və bu borcun qaytarılması tarixində qurtarır... - gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir; - faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. - cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir. Cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən başlayır və ödəniş aparılan tarixdə qurtarır. - müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - borcalan tərəfindən müqavilə şərtləri pozulduqda (borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə) Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququnun olması müəyyən edilir; - tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. Ərizəyə əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "xxxx" ASC tərəfindən 3200 manat məbləğin Cavabdeh ödənildiyi məlum olur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh «Naxçıvan Bank” ASC qarşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 155.16 manat, sonuncu ay isə 155.10 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, KT0806/02 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata əsas borc üzrə 231.76 manat, faiz borcu üzrə 53.10 manat, cərimə borcu üzrə 31.23 manat ödədiyi müəyyən olunur. Kredit borcu haqqında məlumatdan 2968,24 (iki min doqquz yüz altmış səkkiz manat 24 qəpik) manat əsas borc, 145,45 (bir yüz qırx beş manat 45 qəpik) manat faiz borcu, 85,56 (səksən beş manat 56 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3199.25 (üç min bir yüz doxsan doqquz manat 25 qəpik) manat kredit borcunun qaldığı iddia edilir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə tələb olunan cərimə məbləğini əsas borca mütənasib hesab edir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit hesabından çıxarışı, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın verilməməsini nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tam qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 2968,24 (iki min doqquz yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 145,45 (bir yüz qırx beş manat qırx beş qəpik) manat faiz borcu, 85,56 (səksən beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3199.25 (üç min bir yüz doxsan doqquz manat iyirmi beş qəpik) Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 51.99 (əlli bir manat doxsan doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 2968,24 (iki min doqquz yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 145,45 (bir yüz qırx beş manat qırx beş qəpik) manat faiz borcu, 85,56 (səksən beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3199.25 manat (üç min bir yüz doxsan doqquz manat iyirmi beş qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 51.99 manat (əlli bir manat doxsan doqquz qəpik) miqdarında dövlət rüsumu alınaraq «Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar