Məhkəmə qərarları › İş №e-2(079)-469/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-469/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-469/2023 05.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi X6 məhkəmə iclas katibliyi ilə, cavabdehlər Cavabdeh2 iştirakı ilə “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı Məhdud X2 Toğrul Fərman oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı X5 09 avqust 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 4000 (dörd min) manat əsas, 1103,79 (bir min bir yüz üç manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5103,79 (beş min yüz üç manat, yetmiş doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 71.04 (yetmiş bir manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, “FİNCA Azərbaycan» Qeyri-bank kredit təşkilatı X5 ilə Cavabdeh2 arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 225 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 15 sentyabr 2022-ci il tarixli, *************-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdu. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 03 avqust 2023-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh2 4000 (dörd min) manat əsas borc, 1103,79 (bir min bir yüz üç manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 5103,79 (beş min yüz üç manat, yetmiş doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya və Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisənin nümayəndəsi Nümayəndə “28” sentyabr 2023-cü il tarixli, **********4 nömrəli teleqramla məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, inək almaq üçün 2022-ci ilin sentyabr ayında bankdan 4000 manat kredit götürdüyünü, anasının ona zamin durduğunu, bu günədək banka iki dəfə ödəniş etdiyini, sonuncu ödənişi təqribən 4-5 ay bundan qabaq etdiyini, əvvəllər fəhləlik etməklə bankın pulunu verdiyini, lakin sonradan məktəbdə mühafizəçi kimi işə düzəldiyini, 379 manat əmək haqqı aldığını, onun 200 manatını alimentə verdiyini, qalan məbləğin isə banka ödənilməsinə etiraz etmədiyini, bank tərəfindən ona borcun ödənilməsi üçün yazılı və şifahi qaydada xəbərdarlıq edildiyini bildirmişdi. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı X5 ilə Cavabdeh2 arasında 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh2 iddiaçıdan illik 29 faizlə 24 ay müddətində 4000 (dörd min) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərin razılığa gəlmələri, həmçinin onun həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1 Cavabdeh2 zamin olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsindən "xxxx" Qeyri-bank Kredit Təşkilatı X5 ilə Cavabdeh2 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən Cavabdeh2 ilə iddiaçı arasında sonuncu tərəfindən ona illik 29 faizlə 24 ay müddətində 5000 (beş min) manat kredit verilməsi barədə razılığa gəlmələri; - iddia ərizəsinə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli, *************-******* nömrəli zaminlik müqaviləsindən Cavabdeh2 ilə "xxxx" Qeyri-bank Kredit Təşkilatı X5 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin kredit götürən tərəfindən icra edilməsinin təminatı üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının tələbi isə cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasıdır. İddiaçının tələbini məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək onun hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar, həmçinin Cavabdeh2 məhkəmədə verdiyi izahatlardır. Cavabdehin verdiyi izahatlarında iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, "xxxx" Qeyri-bank Kredit Təşkilatı X5 ilə Cavabdeh2 arasında borc və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit və 15 sentyabr 2022-ci il tarixli, *************-******* nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; - 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 29 faiz hesablanır; - 1.3 və 1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3,8 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcun tutulması və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" ("Ödəniş cədvəli") müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulur; - 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir; - 2.1 və 2.1.4-cü bəndlərindən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal, qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə borcun tutulması sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur; - 3.2, 3.2.1-3.2.2-ci bəndlərinə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir; - 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab edilir; - 4.4-cü bəndindən isə görünür ki, kredit alan ödənişləri kredit verənin hesabına “epul” onlayn ödəniş xidməti vasitəsi ilə, “Milli ön” və “E-Manat” ödəmə terminalları, partnyor bankların (Kapital Bank, ABB) aidiyyəti filialları və “Azərpoçt” poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə kredit verən heç bir məsuliyyət daşımır; - 6.1-ci bəndlərinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə borcun tutulması sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcun tutulmasının və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; - 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədədir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 27 oktyabr 2022-ci ildən başlamaqla 27 sentyabr 2023-cü ilədək hər ay 225 (iki yüz iyirmi beş) manat, sonuncu ay isə 209 (iki yüz doqquz) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş şef zərfi, 15 sentyabr 2022-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktı və 15 sentyabr 2022-ci il tarixli kassa məxaric orderilə öz təsdiqini tapır. Həmçinin Cavabdeh2 məhkəmədə verdiyi izahatında iddiaçının öhdəliyini icra etməsi aydın olur. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" X7-bank kredit təşkilatı ilə Cavabdeh2 arasında 15 sentyabr 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Cavabdeh2 məhkəmədə verdiyi izahatında iddia tələbini etiraf etmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı Məhdud X1 Hürnisə Məhərrəm qızına qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “FİNCA Azərbaycan» Qeyri-bank kredit təşkilatı X5 ilə Cavabdeh1 arasında bağlanmış *************-******* nömrəli zaminlik müqaviləsindən müəyyən edilir ki, onlar iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1.1-ci bəndinə görə zamin 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 4000 (dörd min) manat məbləğində pul vəsaitini illik 29 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - 2.1 və 2.2-ci bəndlərində qeyd edilir ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit Verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - 3.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə görə Cavabdeh1 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə tam məsuliyyət daşıyır. Mülki Məcəllənin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə “FİNCA Azərbaycan» Qeyri-bank kredit təşkilatı X3 zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli müqavilənin 6-cı və zaminlik müqavilələrinin 2-ci bölmələrindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 03 avqust 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh2 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 4000 (dörd min) manat əsas və 1103,79 (bir min bir yüz üç manat, yetmiş doqquz qəpik) manat faiz borcu olması qeyd edilir. Həmin sənəddə Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcdan ödəniş etməməsi, faiz borcundan 280.21 (iki yüz səksən manat, iyirmi bir qəpik) manat, cərimə borcundan 194.79 (bir yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat olmaqla, ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat ödəməsi qeyd edilib. İddia ərizəsinə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli, **********211 nömrəli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin müqavilə üzrə ödəməli olduğu əsas borc 4000 (dörd min) manat, faiz borcu isə 1384 (bir min üç yüz səksən dörd) manat olmaqla, ümumilikdə bank qarşısında öhdəliyi 5384 (beş min üç yüz səksən dörd) manat təşkil edir. Tərəflər arasında bağlanmış sazişdən aydın olur ki, o iki il müddətinə bağlanıb. İddiaçı isə müqavilə üzrə 03 avqust 2023-cü il tarixədək yaranmış əsas və faiz borcunu tələb edir. Ödəniş cədvəlindən isə müəyyən edilir ki, cavabdehlərin 2023-cü ilin avqust ayınadək müqavilə üzrə ödəməli olduğu faiz borcu 875 (səkkiz yüz yetmiş beş) manat təşkil edir. Cavabdehlərin əsas və faiz borclarına münasibətdə ödədiyi məbləğlər nəzərə alındıqda, onların müqavilə üzrə 4000 (dörd min) manat (4000 – 0 =4000) əsas, 594.79 (beş yüz doxsan dörd manat, yetmiş dörd qəpik) manat (875 - 280.21 = 594.79) faiz borcu olması müəyyən edilir. İddiaçı isə cavabdehlərdən ümumilikdə 4000 (dörd min) manat əsas, 1103,79 (bir min bir yüz üç manat, yetmiş doqquz qəpik) manat faiz borcu tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutları iddia tələbi ilə əlaqələndirdikdə əsas borcla tələb edilən məbləğin eynilik təşkil etməsi, faiz borcunun isə fərqli olması müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən əsaslı sayılmalıdır. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 63.93 (altmış üç manat, doxsan üç qəpik) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 15 sentyabr 2022-ci il tarixli, **********211 müqavilə üzrə 4000 (dörd min) manat əsas, 594.79 (beş yüz doxsan dörd manat, yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4594.79 (dörd min beş yüz doxsan dörd manat, yetmiş dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı X4 ödənilməli; -həmçinin 63.93 (altmış üç manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb “FİNCA Azərbaycan» Qeyribank Kredit Təşkilatı X4 verilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. 15 sentyabr 2022-ci il tarixli, **********211 müqavilə üzrə 4000 (dörd min) manat əsas və 594.79 (beş yüz doxsan dörd manat, yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4594.79 (dörd min beş yüz doxsan dörd manat, yetmiş dörd qəpik) manat məbləğində kredit borcu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “FİNCA Azərbaycan» Qeyri-bank Kredit Təşkilatı X4 ödənilsin. Həmçinin 63.93 (altmış üç manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb “FİNCA Azərbaycan» Qeyribank Kredit Təşkilatı X4 verilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar