Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-478/2022 28.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 06 mart 2020-ci il tarixli, İK0603/07 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il 5752,88 (beş min yeddi yüz əlli iki manat 88 qəpik) manat əsas borc, 937,77 (doqquz yüz otuz yeddi manat 77 qəpik) manat faiz borcu, 551,63 (beş yüz əlli bir manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7 242,28 (yeddi min ikiyüz qırx iki manat 28 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 92,42 (doxsan iki manat 42 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi təmin edən qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli, İK0603/07 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 6 800 (altı min səkkiz yüz) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2zamin qismində iştirak etdiyi üçtərəfli 06 mart 2020-ci il tarixli, ZM0603/07 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləricədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşımasımüəyyənləşdirilir. Cavabdeh1 tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli, İK0603/07 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5 752,88 (beş min yeddi yüz əlli iki manat 88 qəpik) manat əsas borc, 937,77 (doqquz yüz otuz yeddi manat 77 qəpik) manat faiz borcu, 551,63 (beş yüz əlli bir manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7 242,28 (yeddi min iki yüz qırx iki manat 28 qəpik) manat kredit borcu öhdəliyi var. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdehlərə göndərilmiş məhkəmə bildirişlərində iddia tələbinə qarşı etirazların əsası kimi istinad etdiyi halların təsdiqi üçün onlarda olan bütün zəruri sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, həmçinin işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmayacağı barədə xəbərdarlıq olunmuş, buna baxmayaraq cavabdehlər tərəfindən məhkəməyə iddia tələbinə qarşı hər hansı etiraz və onu təsdiq edən sübut daxil olmamışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh1 istehlak məqsədi üçün "xxxx" ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması, cavabdehlərə öhdəliyin icrası tələbilə bir neçə dəfə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 06 mart 2020-ci il tarixli, İK 0603/07 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh1 Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 6800 (altı min səkkiz yüz) manat məbləğində illik 17% (on yeddi) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 06 mart 2020-ci il tarixli ZM0603/07 nömrəli kredit müqaviləsinə əlavə - zaminlik müqaviləsindən "xxxx" ASC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsinin bağlandığı, X2rşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürdüyü; - xəbərdarlıqdan və poçt xəbərnamələrindən "xxxx" ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin hüquqi əsası olan borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilib-verilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 6800 (altı min səkkiz yüz) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir, öhdəliyin icrasının təminatı Zamin və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır; - müqavilənin 2.1-ci bəndinə görə kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 17.65%-dir. - müqavilənin 2.7-ci bəndindən aydın olur ki, kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir; - müqavilənin 2.14-cu bəndinə əsasən müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - müqavilənin Bankın hüquqları adlanan 4.1-ci bəndinə görə Bankın bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək hüququnun olması müəyyən edilir; - müqavilənin 4.4-cü bəndinə görə isə borcalanın ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək kimi vəzifələri vardır; - müqavilənin 5.2-ci-cü bəndinə görə bank aşağıdakı hallarda müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər: a) borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; b) borcalan müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə və s. - müqavilənin 6.1-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin 7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məxaric orderindən belə məlum olur ki, 6738 manat Cavabdeh1 təqdim edilmişdir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilələrdən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliklərini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehlərə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan və 21 sentyabr 2022-ci il tarixli maliyyə arayışından 21 sentyabr 2022-ci il tarixinə cavabdehlərin 5752,88 (beş min yeddi yüz əlli iki manat 88 qəpik) manat əsas borc, 937,77 (doqquz yüz otuz yeddi manat 77 qəpik) manat faiz borcu, 551,63 (beş yüz əlli bir manat 63 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7 242,28 (yeddi min iki yüz qırx iki manat 28 qəpik) manat borc öhdəliyi vardır. Cavabdeh əsas borc üzrə 1047.12 manat, faiz borcu üzrə 808.92 manat, cərimə borcu üzrə 475.83 manat olmaqla cəmi 2331.87 manat banka ödəniş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. Məhkəmə cərimə məbləğinin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Sözügedən halları nəzərə alan məhkəmə cərimə məbləğinin ödənilməsinə dair tələbin də əsaslı olması qənaətinə gəlir. Mülki iş materiallarında olan 06 mart 2020-ci il tarixli, ZM0702/07 saylı Zaminlik müqaviləsinə görə isə Zamin sözügedən Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür, müqavilə Borcalanın Bank qarşısında 06 mart 2020-ci il tarixli, İK 0603/07 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faizlərin tam ödənildiyi günə kimi qüvvədədir. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borcalanın bank qarşısında 06..3.2020-ci il tarixli kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış fazilərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndinə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə Bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu öhdəliyini icra etməməklə bankın öhdəliyin vaxtından əvvəl icrasını tələb etməsi üçün hüquqi zəmin yaratmışdır. Göründüyü kimi bankın bu hüququ tərəflərin qarşılıqlı müəyyən etdiyi öhdəliyin şərtlərindən irəli gəlir. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 06 mart 2020-ci il tarixli, İK0603/07 saylı kredit müqaviləsinə əsasən 5752,88 manat (beş min yeddi yüz əlli iki manat səksən səkkiz qəpik) əsas borc, 937,77 manat (doqquz yüz otuz yeddi manat yetmiş yeddi qəpik) faiz borcu, 551,63 manat (beş yüz əlli bir manat altmış üç qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7 242,28 manat (yeddi min iki yüz qırx iki manat iyirmi səkkiz qəpik) kredit borcu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 92,42 manat (doxsan iki manat qırx iki qəpik) miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 06 mart 2020-ci il tarixli, İK0603/07 saylı kredit müqaviləsinə əsasən 5752,88 manat (beş min yeddi yüz əlli iki manat səksən səkkiz qəpik) əsas borc, 937,77 manat (doqquz yüz otuz yeddi manat yetmiş yeddi qəpik) faiz borcu, 551,63 manat (beş yüz əlli bir manat altmış üç qəpik) cərimə borcu olmaqla, ümumilikdə 7 242,28 manat (yeddi min iki yüz qırx iki manat iyirmi səkkiz qəpik) kredit borcu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 92,42 manat (doxsan iki manat qırx iki qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-478/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-478/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver