Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-480/2025 12.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı2 Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: İddiaçı2 “09” iyul 2025-ci ildə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək Cavabdeh 1150 manat əsas borcun, bundan əlavə gecikdirilmiş 115 manat peniya, nəticə etibarilə ümumilikdə 1265 (bir min iki yüz altmış beş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 32.65 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" MMC-nin təsisçisi, mən İddiaçı2 Elfida oğlu Cavabdeh ilə 14 dekabr 2023-cü il tarixində 208 nömrəli kredit-satış müqaviləsi imzalamışıq. Həmin 14 dekabr 2023-cü il tarixində 208 nömrəli kredit-satış müqaviləsinə əsasən cavabdeh Mebel dəstini 5 aylıq kreditlə 1250 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 100 manat ödənilmiş, lakin 1150 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı2 mebel satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım mebel dəstini vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin mebel dəsti satılsaydı mən İddiaçı2 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimdən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin, onu da qeyd edim ki, mən Nuriyev X2 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərimin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 14 dekabr 2023-cü il tarixində 208 nömrəli müqavilədən yaranan 1150 manat əsas borcu vardır. Bundan əlavə, 31.50 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasım istəyirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı2 ilə Cavabdeh arasında 14 dekabr 2023-cü il tarixli 208 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş müqavilədən belə məlum olur ki, tərəflər alqı-satqı müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər: - 14 dekabr 2023-cü il tarixli, 208 nömrəli müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcının mülkiyyətinə mebel dəsti kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyə öhdəsinə götürür; - müqavilənin 4-cü bəndinə əsasən alıcı firmaya xəbırdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcimində peniya hesaplanır; - müqavilənin protokol hissəsinə əsasən alıcı "xxxx"-dən dəyəri 1250 manat olan mebel dəstini 5 ay müddətinə kreditlə almağa razılaşır. Alınan malın 100 manat nağd qaydada, qalan 1150 manat borcu aylıq 230 manat olaraq ödəyir. - 14 dekabr 2023-cü il tarixli 208 nömrəli müqavilənin 1 nömrəli əlavəsinə əsasən, satıcı ümumi dəyəri 1250 manat olan «Mebel dəstini» alıcıya təhvil verdiyi aydın olur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə «Mebel dəsti»nin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 14 dekabr 2023-cü il tarixli 208 nömrəli müqavilənin 1 nömrəli əlavəsindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı2 tərəfindən «Mebel dəsti»nin Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə göstərilmiş malı aldığını təsdiq etmişdir. İddiaçı tərəfindən borcalana xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, 14 dekabr 2023-cü il tarixli, 208 nömrəli nisyə mal satınalması müqaviləsinə əsasən Cavabdeh “Mebel dəsti"ni 5 aylıq kreditlə 1250 manat dəyərində almağa razılıq verib və hazırki vaxtadək tərəfindən 100 manat kredit ödənişi ödənilmiş, lakin 1150 manat borcu hələ də qalmaqdadır. Eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də Cavabdeh borcu hesab olunur. Cavabdeh tərəfindən iddiaçı qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh məxsus maliyyə arayışından 14 dekabr 2023cü il tarixli, 208 nömrəli müqavilə üzrə 1150 manat əsas, 115 manat gecikdirilmiş peniya pulu, ümumilikdə 1265 manat borc pulun qaldığı bəlli olur. Sözügedən müqavilə kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh öhdəliyin lazımınca icrasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 4-cü bəndinə əsasən alıcı firmaya xəbırdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcimində peniya hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 1150 (bir min bir yüz əlli) manat əsas borcuna münasibətdə iddiaçı 115 (bir yüz on beş) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 57.5 (əlli yeddi manat, əlli qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı vaxtında hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 14 dekabr 2023-cü il tarixli 208 nömrəli kredit müqaviləsinə əsasən 1150 (bir min bir yüz əlli) manat əsas, 57.5 (əlli yeddi manat, əlli qəpik) manat cərimə borcu olmaqla cəmi 1207.5 (bir min iki yüz yeddi manat, əlli qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı2 ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 31.16 (otuz bir manat, on altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 14 dekabr 2023-cü il tarixli, 208 nömrəli kredit müqaviləsinə əsasən 1150 (bir min bir yüz əlli) manat əsas, 57.5 (əlli yeddi manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 1207.5 (bir min iki yüz yeddi manat, əlli qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 31.16 (otuz bir manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-480/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-480/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver