Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-481/2025 12.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı1 Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı1 “09” iyul 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 550 manat əsas borcun, bundan əlavə gecikdirilmiş 55 manat peniya, nəticə etibarı ilə ümumilikdə 605 (altı yüz beş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" MMC-nin təsisçisi, mən İddiaçı1 Cavabdeh ilə 15 yanvar 2024-cü il tarixində 214 nömrəli kredit-satış müqavilələri imzalamışıq. Həmin 15 yanvar 2024-cü il tarixində 214 nömrəli kredit-satış müqaviləsinə əsasən cavabdeh Mebel dəstini 8 aylıq kreditlə 2050 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1500 manat ödənilmiş, lakin 550 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən Nuriyev X1 ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım Mebel dəstini vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin Mebel dəsti satılsaydı, mən İddiaçı1 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimdən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Nuriyev X3 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 15 yanvar 2024-cü il tarixində 214 nömrəli müqavilədən yaranan 550 manat əsas borcu vardır. Bundan əlavə, 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568- ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı1 ilə Cavabdeh arasında 15 yanvar 2024-cü il tarixli, 214 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - yuxarıda qeyd edilən müqavilənin müvafiq olaraq 1-ci maddəsinə əsasən satıcı həmin müqaviləyə əsasan alıcının mülkiyyətinə mebel dəstini kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür; - müqavilənin 4-cü maddəsində göstərilir ki, alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır; - müqavilənin 5-ci maddəsinə əsasən, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər; - bundan əlavə müqaviləyə edilmiş 1 nömrəli əlavədən isə aydın olur ki, malın qiyməti 2050 manatdır. Əlavənin 2-ci bəndində malların satıcı tərəfindən, satıcının ünvanında alıcıya yoxlanaraq təhvil verildiyi qeyd olunub. İlkin ödəniş 500 manat olmaqla, 8 ay üçün aylıq ödəniş məbləği 200 manat, sonuncu ay 150 manat olaraq müəyyənləşdirilmişdir. İlkin ödəniş tarixi xx.xx.2024-cü ildir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. xx.xx.2025-ci il tarixli cavabdehə təqdim edilmiş məktubla öhdəliyin icrasını gecikdirməsi barədə xəbərdarlıq olunmuş, 550 manat borcunun olduğu və cərimənin hesablanacağı, öhdəliyin icrası tələbi ilə bağlı çağırışa 5 gün ərzində riayət olunmadığı təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddia ərizəsinə əlavə olunmuş arayışdan Cavabdeh 15 yanvar 2024-cü il tarixli, 214 nömrəli kredit-satış müqaviləsinə əsasən 550 (beş yüz əlli) manat əsas, 55 (əlli beş) manat peniya borcunun qaldığı bəlli olur. Sözügedən müqavilə kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü maddəsində göstərilir ki, alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 15 yanvar 2024-cü il tarixli, 214 nömrəli müqavilə üzrə cəmi 550 manat əsas borcuna münasibətdə iddiaçı 55 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 27.50 (iyirmi yeddi manat, əlli qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 15 yanvar 2024-cü il tarixli, 214 nömrəli kredit müqaviləsinə əsasən 550 (beş yüz əlli) manat əsas, 27.50 (iyirmi yeddi manat, əlli qəpik) manat peniya borcu olmaqla, ümumilikdə 577.5 (beş yüz yetmiş yeddi manat, əlli qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 28.63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 15 yanvar 2024-cü il tarixli, 214 nömrəli kredit müqaviləsinə əsasən 550 (beş yüz əlli) manat əsas, 27.50 (iyirmi yeddi manat, əlli qəpik) manat peniya borcu olmaqla, ümumilikdə 577.5 (beş yüz yetmiş yeddi manat, əlli qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 28.63 (iyirmi səkkiz manat, altmış üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-481/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-481/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver