Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-486/2024 05.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xxxxn Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank “08” iyul 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət edərək 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında 4085.16 (dörd min səksən beş manat, on altı qəpik) manat məbləğində əsas borc, 04 iyun 2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 735.25 (yeddi yüz otuz beş manat, iyirmi beş qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 211.60 (iki yüz on bir manat, altmış qəpik) manat məbləğində penya olmaqla, ümumilikdə 5032.01 (beş min otuz iki manat, bir qəpik) manat məbləğində pul vəsaitinin və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70.32 (yetmiş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, xxxx ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi 04 iyun 2024-cü il tarixə Cavabdeh kreditor qarşısında gecikdirilmiş borcu 4820,41 (dörd min səkkiz yüz iyirmi manat, qırx bir qəpik) manat təşkil edir ki, bunun da 4085.16 (dörd min səksən beş manat, on altı qəpik) manatı vaxtı keçmiş əsas, 735.25 (yeddi yüz otuz beş manat, iyirmi beş qəpik) manatı hesablanmış və ödənilməmiş adi faizlər borcundan ibarətdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 faiz dərəcəsi ilə penya da ödəməlidir ki, 04 iyun 2024-cü il tarixinə bu məbləğ 211.60 (iki yüz on bir manat, altmış qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq 25 avqust 2023-cü il tarixli, ƏHD- XO-25.8.2023-005 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki, həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 04 iyun 2024-cü il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın borc alandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı xxxxnın vəkili-nümayəndəsi X2 məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirərək, yekunda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xxxxnın nümayəndəsi xx.xx.2024-cü ildə Babək Rayon Məhkəməsinə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət edərək həmin tarixdə ölkə hüdudlarından kənarda olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1281 saylı ekspert rəyi ilə razı olduğunu, məhkəmə iclasını iştirakım olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə əvvəldən məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank ilə Cavabdeh arasında 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqavilə üzrə cavabdehə Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilədən aydın olur. İddiaçı isə Cavabdeh aralarında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən təsdiq etdiyindən, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş yazılı sübutlardır. Cavabdehə rəsmi qaydada verilmiş məhkəmə bildirişində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sübutlara münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli kredit əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 407.1-ci maddəsində qeyd edilir ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; - 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır; - 408.2-ci madəsinin tələbinə görə şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır; - 409.1-ci maddəsində göstərilir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında olan razılaşmanı yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə onların qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli kredit müqaviləsindən görünür ki, onlar iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-1.3-cü bəndlərinə görə müqaviləyə əsasən bank borcalana 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərti ilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Kredit istehlak məqsədi üçün verilir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) barədə məlumat, FİFD-in hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Əlavəsində göstərilir; - 2.1 və 2.2-ci bəndlərinə əsasən kredit müqaviləsinin 3.4.6-cı yarımbəndində göstərilən vəzifələr borcalan tərəfindən icra edildikdən sonra 5 (beş) iş günü ərzində bank tərəfindən borcalana bankda açılmış AZ18HAJCFCRAZN**********3001 nömrəli cari hesaba köçürülməklə verilir. Borcalana təqdim edilmiş kreditin uçotu Bankın avtomatlaşdırılmış əməliyyat sistemində həmin sistem tərəfindən Borcalanın adına açılmış müvafiq şəxsi hesabda aparılır; - 3.2 , 3.2.1, 3.3 və 3.3.1-ci -ci bəndlərindən aydın olur ki, müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə borcalana kredit vermək bankın vəzifəsi, krediti vaxtından əvvəl tam və ya qismən qaytarmaq borc alanın hüququdur; - 3.4 və 3.4.2-ci bəndlərinin tələbinə əsasən müqavilə üzrə bütün ödənişləri vaxtlıvaxtında və bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirmək (faizlərin və əsas borc məbləğinin ödənilməsi üzrə borcalanın öhdəlikləri müvafiq pul vəsaitinin 2.1-ci bənddə göstərilən cari hesaba daxil edilməsi üçün bankın kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra yerinə yetirilmiş hesab edilir) borc alının vəzifələrindən biridir; - 3.4.3-cü bəndinin mahiyyətinə əsasən borcalan tərəfindən ödəniş cədvəlində (1 nömrəli Əlavə) nəzərdə tutulmuş tarixdə kredit üzrə annuitet (əsas borc və kreditdən istifadəyə görə faizlər) ödəniş həyata keçirilmədikdə və ya ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə; müqavilənin 3.1.1-ci yarımbəndində göstərilən əsaslar mövcud olduqda; kredit təhsil haqqının ödənilməsi məqsədilə verildiyi hallar istisna olmaqla, kreditdən müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə; kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda bank kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Bu zaman müvafiq tələbi aldığı tarixdən ən geci 20 (iyirmi) iş günü ərzində krediti banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək borc alının vəzifəsidir; - 4.1 və 4.2-ci bəndlərinə görə müqavilə tərəflərin onu imzaladığı andan hüquqi qüvvəyə minir. müqavilənin 1.1-ci bəndi ilə müəyyənləşdirilmiş kreditləşmə müddətinin bilməsi bu müqavilə üzrə öhdəliklərin xitamına səbəb olmur və bu müqavilə tərəflərdən birinin digəri qarşısında mövcud olan müqavilə öhdəliklərinin tam icra edildiyi anadək qüvvədə qalır. Müqaviləyə borcalan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan xitam verilir; - 6.1-ci bəndinin tələbindən görünür ki, müqavilədən və ya onunla əlaqədar yaranan bütün münaqişələr, fikir ayrılıqları və tələblər, o cümlədən Müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olanlar Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll ediləcəkdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 17 fevral 2022-ci ildən başlamaqla 17 noyabr 2024-cü ilədək hər ay 244.82 (iki yüz qırx dörd manat, səksən iki qəpik) manat, sonuncu ay isə 244.70 (iki yüz qırx dörd manat, yetmiş qəpik) manat ödəməli olması aydın olur. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş məbləğdə kredit məbləğini bankda açılmış cari hesaba köçürməklə Cavabdeh verməsi, cavabdehin həmin müqavilə üzrə ona verilmiş kredit məbləğini müqavilə şərtlərinə uyğun olaraq xxxxna ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən Cavabdeh ünvanlanmış 25 avqust 2023-cü il tarixli, ƏHD-XO-25.8.2023-005 nömrəli xəbərdarlıq məktubundan məlum olur. Müəyyən edilir ki, cavabdehə müqavilə şərtlərini pozması və kredit müqaviləsi üzrə gecikmiş əsas və faiz borcun ödənilməsinə dair iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 30 avqust 2023-cü il tarixədək müddət müəyyən edilmişdir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı məhkəmə onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni onun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqaviləsinin 5-ci bölməsindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə xx.xx.2024-cü il tarixli, 1281 saylı ekspert rəyində o nəticəyə gəlinmişdir ki, Cavabdeh ile Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bank arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 saylı kredit müqaviləsi, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 saylı kredit müqaviləsi üzrə 4085.16 (dörd min səksən beş manat, on altı qəpik) manat əsas borc, 735.25 (yeddi yüz otuz beş manat, iyirmi beş qepik) manat faiz borcu və 211.60 (iki yüz on bir manat, altmış qepik) manat cərimə borcu düzgün hesablanmışdır. İddiaçının cavabdehə qarşı olan cərimənin ödənilməsi tələbinin hüquqi həllinə gəldikdə isə məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilənin: - 5.2-ci bəndinə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanan penya ödəyir; - 5.4-cü bəndinə əsasən qüvvədə olan qanunvericiliyə və ya bu Müqaviləyə əsasən yaranmış hüququna müvafiq olaraq bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə, borcalan isə 3.4.3-cü yarımbənddə müəyyən olunan müddətdə kredit üzrə əsas borcu və hesablanmış faizləri tam həcmdə ödəmədikdə, qeyd olunan müddətin bitdiyi andan Bank kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləğini vaxtı keçmiş əsas borc kateqoriyasına aid etmək hüququna malikdir. Bu hal baş verdikdə borcalan həmin məbləğə kreditdən istifadəyə görə müəyyən edilmiş adi faizlərlə yanaşı bu Müqavilənin 5.2-ci bəndi ilə müəyyənləşdirilən miqdarda və qaydada hesablanan penya ödəməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixə olan hesabdan çıxarışdan Cavabdeh xxxxna 211.60 (iki yüz on bir manat, altmış qəpik) manat miqdarında cərimə borcunun olması qeyd edilir. Məhkəmə belə hesab edir ki, sözügedən cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. İddiaçının sonuncu tələbi olan qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faiz hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında (bundan sonra – “Qərar”)məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında 17 noyabr 2022-ci il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh xxxx qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir. Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank isə ilkin olaraq 05 iyun 2024-cü ildə cavabdehə qarşı eyni tələb və eyni əsasla iddia qaldırsa da, onun tələbi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığından geri qaytarılmış və iddiaçı ikinci dəfə hazırki iddia tələbi ilə müraciət etmişdir. xxxxn tələbindən aydın olur ki, o, 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə 04 iyun 2024-cü il tarixə, yəni Babək Rayon Məhkəməsinə ilkin müraciət etdiyi tarixədək yaranmış əsas, faiz və cərimə borcunu tələb edir. Yəni iddiaçı 05 iyun 2024-cü il tarixdə cavabdehə qarşı iddia qaldıraraq ondan banka 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə olan borc məbləğini tam olaraq tələb etməklə, həmin müqaviləni Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyinə əsasən ləğv etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Buna baxmayaraq iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına istinad olunmaqla qətnamənin qəbul edildiyi tarixə qədər olan əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan faizlər tələb edilmişdir. Halbuki sözügedən qərarda da vurğulandığı kimi iddiaçı bütün borc məbləğini qarşı tərəfdən tələb etməklə müqaviləyə vaxtından əvvəl xitam vermişdir və belə olan halda həmin dövrdən sonraya münasibətdə əsas borca hesablanmış adi faizlərin hesablanmasına davam edilməsindən söhbət gedə bilməz. Bu halda iddia yalnız müqavilənin ləğvi anınadək hesablanmış və ödənilməmiş adi faizlərin tutulmasına dair hissədə əsaslı sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan adi faizlərə dair hissədə iddia əsassız sayılmalıdır. Məhkəmə iddia tələbinin qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya hissəsi ilə bağlı qeyd edir ki, “Qərar”da qeyd olunur ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Belə olan halda məhkəmə iddiaçının əsas borca qətnamənin qəbul edildiyi tarixə qədər 15% dərəcəsi ilə hesablanmalı olan zərər tələbini yuxarıda adı çəkilən qərara istinad edərək qətnamənin qəbul edildiyi günə olan bank uçot dərəcəsi əsas götürülməklə həmin hissədə əsaslı hesab edir. Ekspert rəyində o nəticəyə gəlinmişdir ki, iş materiallarından da görüldüyü kimi tərəflər arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə gecikdirilmiş 4085,16 manat əsas borcun xx.xx.2020-cü il tarixə olan bank uçot dərəcəsinə, yəni həmin tarixə olan 7,5% dərəcə ilə götürməklə hesablanmış bir günlük faiz miqdarı iddianın qalxdığı tarix yeni 04 iyun 2024-cü il tarixə hesablanmış 4085,16 manat 7,5%-ə vurulub 360 günə bölünməklə alınar ki, bu zaman bank uçot dərəcəsi əsas götürməklə hesablanmış bir günlük faiz miqdarı 0,85 (4085,16*7.5%/360) manat olar. Belə ki, məhkəmə iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış müqavilənin 5.2ci maddəsinə əsasən 15% dərəcəsi ilə hesablanan penya tələbi bağlı qeyd edir ki, sözügedən faiz müqavilənin qüvvədə olduğu müddət ərzində gecikdirilmiş məbləğə münasibətdə hesablanır, hazırkı vəziyyətdə isə müqavilə ləğv edildikdən sonra qətnamənin qəbul edildiyi tarixə qədər olan gecikdirilmiş məbləğə görə iddiaçının uğradığı zərərin kompensasiyasından söhbət gedir və məhkəmə bunun üçün bugünə olan bank uçot dərəcəsini əsas götürür. Belə olan halda 04 iyun 2024-cü il tarixindən qətnamənin qəbul edildiyi xx.xx.2024-cü il tarixədək keçən müddət (184 gün) ərzində əsas borc 4085.16 manatın bugünə olan bank uçot dərəcəsinin bir günə olan nisbətinə vurulmaqla hesablama aparılmalıdır. (0.85*184)=156.4 manat. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli olduğundan, iddiaçı isə yalnız tələbinin təmin edildiyi hissə ilə bağlı rüsum ödədiyindən, xxxx tərəfdən iddia qaldırılan zaman ödənilmiş 70.32 (yetmiş manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli ekpertiza xərclərinə dair bildirişə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 (altmış) manat miqdarında olan məhkəmə xərci cavabdehdən alınaraq X3 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə Cavabdeh 4085.16 (dörd min səksən beş manat, on altı qəpik) manat əsas, 735.25 (yeddi yüz otuz beş manat, iyirmi beş qəpik) manat faiz və 211.60 (iki yüz on bir manat, altmış qəpik) manat cərimə borcu və 156.4 manat (bir yüz əlli altı manat qırx qəpik) zərər olmaqla, ümumilikdə 5188.41 (beş min bir yüz səksən səkkiz manat qırx bir qəpik) manat məbləğində borc tutularaq xxxxna ödənilməli; -həmçinin 70.32 (yetmiş manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq xxxxna verilməli; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli ekpertiza xərclərinə dair bildirişə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 (altmış) manat miqdarında olan məhkəmə xərci cavabdehdən alınaraq X3 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilsin; -iddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, DKM/020N05A01805622 nömrəli müqavilə üzrə Cavabdeh 4085.16 (dörd min səksən beş manat, on altı qəpik) manat əsas, 735.25 (yeddi yüz otuz beş manat, iyirmi beş qəpik) manat faiz və 211.60 (iki yüz on bir manat, altmış qəpik) manat cərimə borcu və 156.4 manat (bir yüz əlli altı manat qırx qəpik) zərər olmaqla, ümumilikdə 5188.41 (beş min bir yüz səksən səkkiz manat qırx bir qəpik) manat məbləğində borc tutularaq xxxxna ödənilsin. 70.32 (yetmiş manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq xxxxna verilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli ekpertiza xərclərinə dair bildirişə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci cavabdehdən alınaraq X3 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilsin. İddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №e-2(079)-486/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-486/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver