Məhkəmə qərarları › İş №e-2(079)-488/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-488/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-488/2022 10.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakları ilə, Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 28 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, RGTK4164759A130 saylı kredit müqaviləsinə əsasən 6713.43 AZN əsas; 235.1 AZN faiz, cəmi 6948.53 AZN borcun və ödənilmiş 89.48 AZN dövlət rüsumunun tutulması barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4164759A130 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2021-ci il tarixli, ZRGTK4164759A130 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Cavabdeh1 məhkəmə baxışı iclasında verdiyi izahatında borcalanın əmisi olduğunu, iddiaçıya olan köhnə borcunun bərpa edilməsi məqsədilə zaminə ehtiyacı olduğundan iddiaçı ilə zaminlik müqaviləsini bağladığını, ondan sonra hər ay əmək haqqı kartından aylıq kreditin yarısı məbləğində pul çıxıldığını, bunun qarşılığında isə Elməddinin arabir ona pul göndərdiyini, artıq ödəməyə imkanı çatmadığını bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. 26 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2022-ci il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə Cavabdeh2 və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, öhdəliyin icrasının təmini məqsədilə zaminlik müqaviləsinin bağlanmış olması, borcalana gündəlik tələbat məqsədilə "xxxx" ASC tərəfindən kreditin verilməsi, borcalana öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 16 sentyabr 2021-ci il tarixli, RGTK34164759A130 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 60 ay müddətinə 6877.58 (altı min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat məbləğində illik 25.5% dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 16 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsindən "xxxx" ASC ilə Cavabdeh1 arasında Zaminlik müqaviləsinin bağlandığı, X2rşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə təminat verdiyi; - 15 avqust 2022-ci il tarixli xəbərdarlıqdan və siyahıdan "xxxx" ASC tərəfindən borcalana öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilib-verilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 16 sentyabr 2021-ci il tarixli, RGTK34164759A130 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq gündəlik tələbat məqsədilə 60 ay müddətinə (müddət kreditin verildiyi tarixdən hesablanır) borcalana 6877.58 (altı min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat məbləğində krediti cari hesaba köçürmə yolu ilə verməyi, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; - müqavilənin 2.1-ci bəndinə görə kreditdən istifadəyə görə borcalan illik 25.5 faiz (faktiki illik faiz dərəcəsi 26.02%) ödəyir. Borcalan əsas və faiz borcunu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. - müqavilənin 2.6-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq xidmət haqqı və dəbbə pulunun, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 3.1.4, 3.1.4.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditor müqavilənin 3.1.4-cü bəndində nəzərdə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan bu müqavilə üzrə borclarını 10 təqvim günü ərzində kreditora qaytarmalıdır; - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. - müqavilənin 5.6-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. Mülki iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsindən belə məlum olur ki, zamin müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün kreditor qarşısında borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə görə zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu və s. də daxil olmaqla kreditor qarşısında eyni şərtlər daxilində məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2ci bəndinə görə zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək olan müddətdə qüvvədədir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh2 verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 16 sentyabr 2021-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 6877.58 (altı min səkkiz yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat pulun Cavabdeh2 verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh2 öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 İddiaçı ASC qarşısında əsas öhdəliyi 60 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 203.89 manat, sonuncu ay isə 211.26 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdehlər isə öhdəliyi lazımınca icra etmələri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Maliyyə arayışından xx.xx.2022-ci il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 6713.43 manat əsas, 235.1 manat faiz borcunun qaldığı məlum olur. Yuxarıda qeyd edilənləri və cavabdehlərin iddiaya qarşı heç bir etirazının daxil olmadığını nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehlərə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6713.43 (altı min yeddi yüz on üç manat qırx üç qəpik) əsas, 235.1 manat (iki yüz otuz beş manat on qəpik) faiz borcu olmaqla, cəmi 6948.53 manat (altı min doqquz yüz qırx səkkiz manat əlli üç qəpik) borc müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 89.48 manat (səksən doqquz manat qırx səkkiz qəpik) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6713.43 (altı min yeddi yüz on üç manat qırx üç qəpik) əsas, 235.1 manat (iki yüz otuz beş manat on qəpik) faiz borcu olmaqla, cəmi 6948.53 manat (altı min doqquz yüz qırx səkkiz manat əlli üç qəpik) borc müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 89.48 manat (səksən doqquz manat qırx səkkiz qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar