Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-494/2022 10.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6061.99 AZN əsas məbləğ üzrə, 699.61 AZN faiz üzrə və 2.24 AZN cərimə olmaqla, cəmi 6763.84 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 88.04 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 2749nkXRD/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 20% ödəmək şərtilə 6062 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Beləliklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə iştirakı olmadan baxılaraq tələbin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişlərində iddia tələbinə qarşı etirazların əsası kimi istinad etdiyi halların təsdiqi üçün onlarda olan bütün zəruri sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, həmçinin işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmayacağı barədə xəbərdarlıq olunmuş, buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı hər hansı etiraz və onu təsdiq edən sübut daxil olmamışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh başqa kredit müqaviləsinin bağlanması məqsədilə iddiaçı tərəfindən kreditin verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, 2749nkXRD/21 saylı müqavilədən "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh Bank tərəfindən xx.xx.2026-cı ilədək 6062 (altı min altmış iki) manat məbləğində kreditin verilməsi barədə razılıq əldə olunması; - bildirişdən və poçt xəbərnaməsindən iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin hüquqi əsası olan borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini Bankın xx.xx.2026-cı il tarixinədək, illik 20 (iyirmi) faiz ödəmək şərtilə 6062 (altı min altmış iki) manat məbləğində krediti Borcalanın mülkiyyətinə verməsi və ona bank hesabı (cari, kredit) açması, Borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürməsi təşkil edir. Həmçinin, bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12%, maksimum 40% təşkil edir. - müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasıdır. - müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə son ödəniş həmin kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan xx.xx.2026-cı il tarixində bir dəfəyə ödənilməlidir. - müqavilənin 2.2-ci bəndinə əsasən müştəriyə verilmiş kreditin uçotu müştərinin kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi cari hesab üzrə həyata keçirilir. - müqavilənin 2.3-cü bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən Bankın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən Banka qaytarıldığı tarix hesab olunur. - müqavilənin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. - müqavilənin 2.6-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30, ildə 360 gün götürülür. - müqavilənin 2.7-ci bəndinə əsasən borcalan kredit və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə 5 təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. - müqavilənin 2.8-ci bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i məbləğində cərimə tətbiq edə bilər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilib-verilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və ona bank hesabı açmaqdır. İddia ərizəsinə əlavə olunmuş cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X2" ASC tərəfindən 6062.00 manat məbləğin Cavabdeh hesabına köçürüldüyü məlum olur. 2749nkXRD/21 saylı kredit müqaviləsinə 1 saylı əlavə - ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" KB ASC qarşısında əsas öhdəliyi 60 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 172 manat, sonuncu ay isə 107 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i məbləğində cərimə tətbiq edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 2749nkXRD/21 saylı saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu barədə Maliyyə Arayışından və hesabdan çıxarışdan cavabdehin iddiaçı təşkilata 6061.99 manat (altı min altmış bir manat doxsan doqquz qəpik) əsas, 699.61 manat (altı yüz doxsan doqquz manat altmış bir qəpik) faiz və 2.24 manat (iki manat iyirmi dörd qəpik) cərimə borcu olmaqla, cəmi 6763.84 manat (altı min yeddi yüz altmış üç manat səksən dörd qəpik) borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, 2749nkXRD/21 saylı müqavilə üzrə 6061.99 manat (altı min altmış bir manat doxsan doqquz qəpik) əsas, 699.61 manat (altı yüz doxsan doqquz manat altmış bir qəpik) faiz və 2.24 manat (iki manat iyirmi dörd qəpik) cərimə borcu olmaqla, cəmi 6763.84 manat (altı min yeddi yüz altmış üç manat səksən dörd qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 87.64 manat (səksən yeddi manat altmış dörd qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2749nkXRD/21 saylı müqavilə üzrə 6061.99 manat (altı min altmış bir manat doxsan doqquz qəpik) əsas, 699.61 manat (altı yüz doxsan doqquz manat altmış bir qəpik) faiz və 2.24 manat (iki manat iyirmi dörd qəpik) cərimə borcu olmaqla, cəmi 6763.84 manat (altı min yeddi yüz altmış üç manat səksən dörd qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Cavabdeh 87.64 manat (səksən yeddi manat altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-494/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-494/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver