Məhkəmə qərarları › İş №e-2(079)-499/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-499/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-499/2022 11.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 avqust 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən 9994,09 AZN əsas, 1473,97 AZN faiz, cəmi 11468,06 AZN pul vəsaitinin və 124.40 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 9994,09 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 9994,09 AZN əsas; 1473,97 AZN faiz; cəmi 11468,06 AZN borcu yaranmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi, nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin yaxın qohumuna təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 02 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2022-ci il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 17 yanvar 2022-ci il tarixli, RGTK4668715A123 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 60 ay müddətinə 9994.09 manat (doqquz min doqquz yüz doxsan dörd manat doqquz qəpik) manat məbləğində illik 20% dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 15 avqust 2022-ci il tarixli xəbərdarlıqdan və siyahıdan "xxxx" ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı ASC-nin xeyrinə 12419.47 manat əsas, 1244.74 manat faiz borcu olmaqla, cəmi 13664.21 manat məbləğində borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixli, RGTK4668715A123 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq gündəlik tələbat məqsədilə 60 ay müddətinə (müddət kreditin verildiyi tarixdən hesablanır) borcalana 9994.09 manat (doqquz min doqquz yüz doxsan dörd manat doqquz qəpik) manat məbləğində krediti cari hesaba köçürmə yolu ilə verməyi, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; - müqavilənin 2.1-ci bəndinə görə kreditdən istifadəyə görə borcalan illik 20 faiz (faktiki illik faiz dərəcəsi 20.49%) ödəyir. Borcalan əsas və faiz borcunu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. - müqavilənin 2.6-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq xidmət haqqı və dəbbə pulunun, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 3.1.4, 3.1.4.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditor müqavilənin 3.1.4-cü bəndində nəzərdə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan bu müqavilə üzrə borclarını 10 təqvim günü ərzində kreditora qaytarmalıdır; - müqavilənin 5.6-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 9994.09 manat (doqquz min doqquz yüz doxsan dörd manat doqquz qəpik) manat pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 60 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 264.78 manat, sonuncu ay isə 271.11 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından və xx.xx.2022-ci il tarixli müqavilə üzrə çıxarışdan xx.xx.2022-ci il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 9994,09 manat əsas, 1473,97 manat faiz olmaqla cəmi 11468,06 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9994.09 manat (doqquz min doqquz yüz doxsan dörd manat doqquz qəpik) əsas, 1473,97 manat (bir min dörd yüz yetmiş üç manat doxsan yeddi qəpik) faiz olmaqla cəmi 11468,06 manat (on bir min dörd yüz altmış səkkiz manat altı qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 124.40 manat (bir yüz iyirmi dörd manat qırx qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9994.09 manat (doqquz min doqquz yüz doxsan dörd manat doqquz qəpik) əsas, 1473,97 manat (bir min dörd yüz yetmiş üç manat doxsan yeddi qəpik) faiz borcu olmaqla cəmi 11468,06 manat (on bir min dörd yüz altmış səkkiz manat altı qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 124.40 manat (bir yüz iyirmi dörd manat qırx qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar