Məhkəmə qərarları › İş №e-2(079)-502/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-502/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-502/2022 16.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 12 fevral 2021-ci il tarixli, İK1002331 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5136,40 (beş min bir yüz otuz altı manat 40 qəpik) manat əsas borc, 489,32 (dörd yüz səksən doqquz manat 32 qəpik) manat faiz borcu, 287,84 (iki yüz səksən yeddi manat 84 qəpik) manat cərimə olmaqla, ümumilikdə 5913,56 (beş min doqquz yüz on üç manat 56 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 79,14 (yetmiş doqquz manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, İK1002331 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 12 fevral 2021-ci il tarixli, 1002331/21411 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Cavabdeh2 tərəflər arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, İK1002331 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5 136,40 (beş min bir yüz otuz altı manat 40 qəpik) manat əsas borc, 489,32 (dörd yüz səksən doqquz manat 32 qəpik) manat faiz borcu, 287,84 (iki yüz səksən yeddi manat 84 qəpik) manat cərimə olmaqla, ümumilikdə 5 913,56 (beş min doqquz yüz on üç manat 56 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehə xx.xx.2021-ci il tarixdə 17% dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində istehlak krediti verildiyini, müqavilə bağlandıqdan sonra 2021-ci ilin mart ayında 215.50 manat, aprel ayında 100,77 manat, may ayında 109.23 manat, iyun ayında 300 manat, iyul ayında 270 manat, avqust ayında 215 manat, sentyabr ayında 150 manat, noyabr ayında 100 manat ödəniş etdikdən sonra ödənişlərin dayandığını və 2022-ci ilin sentyabr ayında cəmi 215 manat ödəniş edildiyini, cavabdehlərə edilmiş xəbərdarlıqların nəticə vermədiyini, müqavilənin 2.10-cu bəndində nəzərdə tutulan cərimənin gecikdirilmiş əsas borcun üzərinə hesablandığını, orada “müəyyən olunmuş illik faizin üzərinə” ifadəsinin isə 17% dərəcəsini ehtiva etdiyini, heç bir halda faizin üzərinə faiz hesablanması olaraq təfsir edilə bilməyəcəyini, tələb olunan borcun da bunu açıq-aşkar ortaya qoyduğunu, cavabdehlərin etirafı və iddia ərizəsinə əlavə olunmuş sənədlər nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasında verdiyi izahatında 12 fevral 2021-ci il tarixdə X3 Cəmiyyətindən borclarını ödəmək məqsədilə illik 17% dərəcəsi ilə 3 il müddətinə 6000 manat məbləğində istehlak krediti götürdüyünü, aylıq olaraq banka qrafikə uyğun olaraq 213 manat, 92 qəpik ödəməli olduğunu, krediti götürən vaxt həyat yoldaşı Cavabdeh1 zamin durduğunu, bir neçə ay krediti vaxtında ödədiyini, lakin daha sonra ailə üzvlərinin başqa borcları yarandığından kreditin ödənişini dayandırdığını, 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına qədər heç bir ödəniş edə bilmədiklərini, bu müddət ərzində bankın xəbərdarlıqlarını aldıqlarını, daha sonra 1 ayın kreditini ödədiyini, iddiaçıya olan borcunu etiraf etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Cavabdeh2 yazılı ərizə verərək iddianı tam etiraf etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasında verdiyi izahatında həyat yoldaşı Cavabdeh2 Naxçıvan bankdan götürdüyü 6000 manat məbləğində kreditə zamin durduğunu, ailədə əvvəlcədən nəzərdə tutulmayan başqa borclar yarandığından kredit ödəmələrini bir müddət dayandırdıqlarını, son ayın ödənişini həyata keçirdiklərini, birgə məsuliyyətini anladığını və iddianı etiraf etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh1 yazılı ərizə verərək iddianı tam etiraf etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh2 istehlak məqsədi üçün "xxxx" ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması, həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişinin cavabdehlərə rəsmi qaydada verilməsi, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmaması işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, İK ******* saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 6000 (altı min) manat məbləğində illik 17% (on yeddi) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - xx.xx.2021-ci il tarixli, 1002331/21411 nömrəli kredit müqaviləsinə əlavə zaminlik müqaviləsindən "xxxx" ASC ilə Cavabdeh1 arasında Zaminlik müqaviləsinin bağlandığı, X2rşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürdüyü; - xəbərdarlıqdan və poçt xəbərnamələrindən "xxxx" ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin hüquqi əsası olan borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilib-verilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 6000 (altı min) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir, öhdəliyin icrasının təminatı Zamin və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır; - müqavilənin 2.1-ci bəndinə görə kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 17.65%-dir. - müqavilənin 2.7-ci bəndindən aydın olur ki, kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir; - müqavilənin 2.14-cu bəndinə əsasən müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - müqavilənin Bankın hüquqları adlanan 4.1-ci bəndinə görə Bankın bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək hüququnun olması müəyyən edilir; - müqavilənin 4.4-cü bəndinə görə isə borcalanın ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək kimi vəzifələri vardır; - müqavilənin 5.2-ci-cü bəndinə görə bank aşağıdakı hallarda müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər: a) borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; b) borcalan müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə və s. - müqavilənin 6.1-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin 7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1002331/21411 saylı Zaminlik müqaviləsinə görə isə Zamin sözügedən Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin Banka tam ödənilməsini öhdəsinə götürür, müqavilə Borcalanın Bank qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faizlərin və cərimələrin tam ödənildiyi günə kimi qüvvədədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddianın etiraf olunduğu nəzərə alınmaqla məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri sayır. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Belə ki, iddianın əsaslılığı iddia ərizəsinə əlavə olunmuş sənədlərlə də öz təsdiqini tapır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən olunmadığından cavabdehin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1- 52.3-cü maddələri). Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 5136,40 manat (beş min bir yüz otuz altı manat qırx qəpik) əsas borc, 489,32 manat (dörd yüz səksən doqquz manat otuz iki qəpik) faiz borcu, 287,84 manat (iki yüz səksən yeddi manat səksən dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 5913,56 manat (beş min doqquz yüz on üç manat əlli altı qəpik) borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 79,14 manat (yetmiş doqquz manat on dörd qəpik) miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 5136,40 manat (beş min bir yüz otuz altı manat qırx qəpik) əsas borc, 489,32 manat (dörd yüz səksən doqquz manat otuz iki qəpik) faiz borcu, 287,84 manat (iki yüz səksən yeddi manat səksən dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 5913,56 manat (beş min doqquz yüz on üç manat əlli altı qəpik) borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 79,14 manat (yetmiş doqquz manat on dörd qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar