Məhkəmə qərarları › İş №e-2(079)-505/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-505/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-505/2022 15.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 oktyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1185.5 manat məbləğində əsas bоrc və 327.84 manat faiz borcu оlmaqla, cəmi 1513.34 (bir min beş yüz on üç manat otuz dörd qəpik) borcun və 35.53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə borcalanCavabdeh arasında bağlanmış 08 aprel 2021 il tariхli, 108804-127734/1 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 2000 (İkimin (.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsinin şərtləriəsasən borclu 2000 manat məbləğində pul vəsaitini götürmüşdür. 29 sentyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1185.5 manat məbləğində əsas bоrcu və 327.84 manat faiz borcu оlmaqla, ümumilikdə 1513.34 (Bir min beş yüz on üç (.34)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eynizamanda həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdehə ərizə və iddia tələbinə dair etirazları olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi barədə rəsmi qaydada məlumat verilmişdir. Belə ki, cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi, nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin yaxın qohumuna təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 108804-127734/1 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - Bank borcalana 2000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib müqavilə üzrə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 (iyirmi) faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. - Kredit 24 ay müddətinə, şəxsi istehlak məqsədi üçün verilir. - Kredit müqavilə ilə müəyyən olunmuş şərtlər borcalan tərəfindən icra edildikdən sonra bank tərəfindən borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. - Kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 10 manat, kredit məbləğinin nağd çıxarılmasına görə 10 manat komisyon haqqı ödəyir. - əsas borc və faizlər ödəniş cədvəlinə əsasən borcalanın bankdakı cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. - Kredit müddətinin axımı kredit borcalanın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü qurtarır. - Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. - Müqavilə üzrə ödənişin silinməsi cərimə, gecikdirilmiş əsas borc üzrə faizlər, gecikdirilmiş əsas borc, faiz borcu və əsas borc ardıcıllığı ilə silinir. - Bankın borcalandan üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi tələb etmək hüququ vardır. - Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borc və faizləri ödəmək borcalanın vəzifəsidir. - Ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəməməsi bankın öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququnun yaranmasına səbəb olur. - Müqavilə imzalandığı andan qüvvəyə minir və borcalan tərəfindən əsas borc, faizlər və digər xərclərin banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2000 manat pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 102.18 manat, sonuncu ay isə 101.82 manat məbləğində ödənişi həyata keçirməkdir. İş üzrə cavabdehə rəsmi qaydada verilmiş məhkəmə sənədlərində iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etirazı, bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1185.5 manat (min yüz səksən beş manat əlli qəpik) məbləğində əsas bоrc və 327.84 manat (üç yüz iyirmi yeddi manat səksən dörd qəpik) faiz borcu оlmaqla, cəmi 1513.34 (bir min beş yüz on üç manat otuz dörd qəpik) borcun borcunun olması aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını, yuxarıda qeyd edilən işin faktiki hallarını və sadalanan hüquq normalarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1185.5 manat (min yüz səksən beş manat əlli qəpik) əsas bоrc və 327.84 manat (üç yüz iyirmi yeddi manat səksən dörd qəpik) faiz borcu оlmaqla, cəmi 1513.34 (bir min beş yüz on üç manat otuz dörd qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 35.53 manat (otuz beş manat əlli üç qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1185.5 manat (min yüz səksən beş manat əlli qəpik) əsas bоrc və 327.84 manat (üç yüz iyirmi yeddi manat səksən dörd qəpik) faiz borcu оlmaqla, cəmi 1513.34 (bir min beş yüz on üç manat otuz dörd qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 35.53 manat (otuz beş manat əlli üç qəpik) miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar