Məhkəmə qərarları › İş №e-2(079)-512/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-512/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-512/2022 21.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 15 oktyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 17 Noyabr 2020-ci il tarixli, RBNPU-07256 saylı əsas kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixli müraciəti ilə limitdən ayrılmış 5000 AZN məbləğində pul krediti üzrə əsas borcuna görə 3782,4 (üç min yeddi yüz səksən iki manat 40 qəpik) manat, faiz borcuna görə 715,10 (yeddi yüz on beş manat 10 qəpik) manat, dəbbə borcuna görə 1000 (bir min manat 00 qəpik) manat, cəmi 5497,50 (beş min dörd yüz doxsan yeddi manat 50 qəpik) manat məbləğində pulun və 74,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC-nin Baş ofis ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 17 Noyabr 2020-cu il tarixli, RBNPU- 07256 saylı əsas kredit müqaviləsi üzrə ayrılmış 15 000 AZN limitdən onun xx.xx.2020-ci il tarixli müraciəti ilə illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla 34 (otuz dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3, 2.4-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit cavabdehə müqavilə məqsədləri üçün açılmış cari hesaba köçürülərək, həmin cari hesaba bağlı olan plastik kart vasitəsilə verilmişdir. 17 Noyabr 2020-cu il tarixli, RBNPU-07256 saylı əsas kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixli müraciəti ilə limitdən ayrılmış 5000 AZN məbləğində pul kreditinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 Noyabr 2020-cu il tarixli, RBNPU- 07256 saylı əsas kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixli müraciəti ilə limitdən ayrılmış 5000 AZN məbləğində pul kreditinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 17dən gec olmayaraq hər ay 186,33 (bir yüz səksən altı manat 33 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 17 Noyabr 2020cu il tarixli, RBNPU-07256 saylı əsas kredit müqaviləsi üzrə onun xx.xx.2020-ci il tarixli müraciəti ilə limitdən ayrılmış 5000 AZN məbləğində pul krediti üzrə borcunun məbləği əsas borcuna görə 3782,4 (üç min yeddi yüz səksən iki manat 40 qəpik) manat, faiz borcuna görə 715,10 (yeddi yüz on beş manat 10 qəpik) manat, dəbbə borcuna görə 1000 (bir min manat 00 qəpik) manat, cəmi 5497,50 (beş min dörd yüz doxsan yeddi manat 50 qəpik) manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi, nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin yaxın qohumuna təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 21 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədə "xxxx" ASC-nin cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, «Rabitə bank” ASC ilə Cavabdeh arasında əsas kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi – mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı müqavilə tələbinə əməl olunduğu işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBNPU-07256 saylı müqavilədən «Rabitə bank” ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən 60 ay müddətinə maksimum 15000 manat (on beş min) manat məbləğədək kreditin minimum 17.8, maksimum 31.34 faiz dərəcəsi ilə müqavilənin qüvvədə olduğu müddət ərzində verilə biləcəyi barədə razılıq əldə olunması müəyyən olunur. 09 dekabr 2021-ci il tarixli xəbərdarlıqdan və qaimədən «Rabitə bank” ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə iddiaçının cavabdehdən "xxxx" ASC-nin xeyrinə əsas borca görə 3782,4 (üç min yeddi yüz səksən iki manat 40 qəpik) manat, faiz borcuna görə 715,10 (yeddi yüz on beş manat 10 qəpik) manat, dəbbə borcuna görə 1000 (bir min manat 00 qəpik) manat olmaqla, cəmi 5497,50 (beş min dörd yüz doxsan yeddi manat 50 qəpik) manat məbləğində borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «Rabitə bank” ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, RBNPU-07256 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana 60 ay müddətinə maksimum 15000 manat (on beş min) manat məbləğədək krediti minimum 17.8, maksimum 31.34 faiz dərəcəsi ilə cari hesaba köçürmə yolu ilə verməyi, borcalan isə hər ay kredit üzrə ödənilməli olan məbləğin müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə kreditora qaytarılmasını öhdəsinə götürür; - müqavilə bağlandıqdan sonra borcalana müqavilənin məqsədləri üçün cari hesab açılır və həmin cari hesaba bağlı plastik kart təqdim edilir. - müqaviləyə əsasən verilmiş kredit üzrə ödənilməli olan aylıq ödəniş müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada “kreditin ödəniş cədvəli” imzalanır; - Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən Kreditorun hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən Kreditora qaytarıldığı tarix hesab olunur. Yəni, Borcalan tərəfindən hansı ödəniş vasitəsilə ödənilməsindən asılı olmayaraq, bu Müqavilə üzrə borc məbləğinin ödənilməsi tarixi pul vəsaitinin Borcalanın Kreditordakı hesabına daxil edildiyi gün hesab edilir. - Kreditdən istifadəyə görə faizlər Kredit məbləğinin X2 köçürüldüyü gündən onun tam həcmdə qaytarıldığı günə qədər hesablanır. Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. - Borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcüd kredit faizlərinin və dördüncü növbədə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir. - Kreditor Borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən borcalanın müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin (Kredit üzrə bütün əsas borc, hesablanmış faiz borcu, dəbbə pulu və xərclər də daxil olmaqla) qaytarılmasını Borcalandan tələb edə bilər: - Kreditora bu müqavilənin 4.8.1 - 4.8.10-cu bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra “Borcalan”a kreditin və kreditdən istifadəyə görə bu müqavilənin müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və “Borcalan” bu bildirişi aldığı andan ən geci 10 (on) təqvim günü müddətində tələb olunan məbləği Kreditora ödəməlidir. - tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar yaranmış bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. - müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflərin müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədə qalır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sərəncam-orderdən belə məlum olur ki, cavabdehin müraciəti əsasında 5000 manat məbləğində kreditin Cavabdeh verilməsinə dair göstəriş verilmişdir. Müqavilə üzrə kredit hesabından çıxarışdan isə iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, «Rabitə bank” ASC tərəfindən 5000 (beş min) manat pulun Cavabdeh hesabına köçürüldüyü müəyyən olunur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh «Rabitə bank” ASC qarşısında əsas öhdəliyi 34 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 186.34 manat, sonuncu ay isə 185.48 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Maliyyə arayışından və müqavilə üzrə çıxarışdan cavabdehin müqavilə üzrə iddiaçıya 3782,4 (üç min yeddi yüz səksən iki manat qırx qəpik) manat əsas, 715,10 (yeddi yüz on beş manat on qəpik) manat faiz borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış (kreditin tarixi) borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqaviləyə əsasən Borcalan tərəfindən bu Müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra edilmədikdə Kreditor tərəfindən müqavilənin müddəti ərzində aylıq ödəniş üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi həcmində (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) dəbbə pulu tətbiq edilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 3782,4 manat (üç min yeddi yüz səksən iki manat qırx qəpik) əsas borca görə 1000 (bir min) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği müqavilə üzrə 200 (iki yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 3782,4 manat (üç min yeddi yüz səksən iki manat qırx qəpik) əsas, 715,10 manat (yeddi yüz on beş manat on qəpik) faiz, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 4697.5 manat (dörd min altı yüz doxsan yeddi manat əlli qəpik) məbləğində borc tutularaq iddiaçı «Rabitə bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 64.06 manat (altmış dörd manat altı qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 3782,4 manat (üç min yeddi yüz səksən iki manat qırx qəpik) əsas, 715,10 manat (yeddi yüz on beş manat on qəpik) faiz, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 4697.5 manat (dörd min altı yüz doxsan yeddi manat əlli qəpik) məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 64.06 manat (altmış dörd manat altı qəpik) miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar