Məhkəmə qərarları › İş №e-2(079)-512/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-512/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-512/2023 26.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “30” avqust 2023-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 12118,25 (on iki min bir yüz on səkkiz manat, iyirmi beş qəpik) manat əsas və 782,85 (yeddi yüz səksən iki manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12901,10 (on iki min doqquz yüz bir manat, on qəpik) manat borcun, həmçinin ödənilmiş 128,70 (bir yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdi. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh müəyyən olunmuş kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdı. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdi. Nəticədə onun 25 avqust 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 12118,25 (on iki min bir yüz on səkkiz manat, iyirmi beş qəpik) manat əsas, 782,85 (yeddi yüz səksən iki manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12901,10 (on iki min doqquz yüz bir manat, on qəpik) manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək kredit müqaviləsi üzrə borcun qaytarılması təmin edilməmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə “03” oktyabr 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə iclasının 26 oktyabr 2023-cü il tarixə təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, oğlunun hərbi qulluqçu işlədiyini, onun müharibə veteranı olduğunu, onun bankdan pul götürməsini sonradan öyrəndiyini, bildiyinə görə oğlu Turalın bankdan götürdüyü 12000 manat pulun 9000 manatını xalası oğlu Toğrula verdiyini, qalanını isə özü xərclədiyini, baldızının ərinin əvvəllər mağazası olduğunu, özünün də bankdan 3000, arvadının isə 2000 manat pul götürüb onlara verdiyini, hazırda onların əvəzindən banka borc ödədiklərini, baldızının oğlu Toğrulun Türkiyə Respublikasına qaçdığını, bu səbəbdən də pulu ondan ala bilmədiklərini, bankdan ona zəng edildiyini, bundan sonra özünün 350 manat miqdarında pul ödədiyini, daha sonra ondan bütün pulun ödənilməsini tələb etdiklərini, lakin özünün həmin borcu ödəməyə maddi imkanının olmadığını banka bildirdiyini, bankın isə ona məhkəməyə müraciət edəcəklərini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 avqust 2022ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsinin bağlanması mülki işin mübahisəsiz halıdır. Bu fakt iddia ərizəsinə əlavə edilmiş müqavilə ilə öz təsdiqini tapır. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehin nümayəndəsinin izahatıdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -1.1 - 1.5-ci bəndlərə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərti ilə 12766,03 (on iki min yeddi yüz atmış altı manat, üç qəpik) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman birdəfəlik 126,40 manat xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanin cari hesabına köçürmə üsulu ilə verilir. Carı hesaba köçürülən vəsait borcalanin istəyinə əsasən onun verdiyi ərizə əsasında bu müqavilənin 1.2-ci bəndində qeyd edilən xidmət haqqı çıxılmaq şərti ilə borcalanın "Kapital Bank” ASC-də olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki, borcalanın bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün borcalan tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcək. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 60 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır; - 2, 2.1 və 2.1.1.1-ci bəndlərə görə kreditdən istifadəyə görə borcalan illik 20 faiz (faktiki illik faiz dərəcəsi 20,49%) ödəyir. Borcalan əsas və faiz borcunu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki (bundan sonra Ödəniş qrafiki) əsasında ödəyir. Manatın ABŞ dollarına nisbətdə dəyəri 1.75 manatdan 1.9 manatadək olarsa, bu müqavilənin 2.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33% olacaqdır; -3.1.4, 3.1.4.1 və 3.1.4.2-ci bəndlərlə müəyyən edilir ki, borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda, faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər; 5.2-ci bəndin tələbinə görə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır; -5.5-ci bənddə qeyd edilir ki, hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 19 sentyabr 2022-ci ildən başlamaqla 17 avqust 2027-ci ilədək hər ay 338,22 (üç yüz otuz səkkiz manat iyirmi iki qəpik) manat, sonuncu ay isə 346,88 (üç yüz qırx altı manat, səksən səkkiz qəpik) manat, səksən doqquz qəpik) manat ödəməli olması aydın olur. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit məbləğinin cavabdehə verilməsi, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş kredit məbləğini müqavilə şərtlərinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsinə dair müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi eyni tarixli kassa məxaric orderi ilə sübuta yetirilir. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdi. Əksinə onun nümayəndəsi məhkəmədə verdiyi izahatında tələbi qəbul etdiyini bildirmişdi. Bundan əlavə cavabdehin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 19 iyun 2023-cü il tarixli, 16/35852 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsinin 4.1-ci bəndindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan, həmçinin 29 avqust 2023-cü il tarixli, 15/4978 nömrəli maliyyə arayışından Cavabdeh 25 avqust 2023-cü il tarixə 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12118,25 (on iki min bir yüz on səkkiz manat, iyirmi beş qəpik) manat əsas və 782,85 (yeddi yüz səksən iki manat, səksən beş qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 və 9.1.20-ci maddələrinin tələbinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh müharibə veteranıdır. Hazırki tələb üzrə isə məhkəmə iddiaçının tələbini əsaslı sayır, cavabdehlər isə dövlət rüsumu ödəməkdən azad olsa da, qanunvericiliyin müəyyən etdiyi sonuncu qeyd edilən güzəşt iddiaçıya şamil edilmir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə iddia qaldırılan zaman ödənilmiş 128,70 (bir yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, qeyd edilən halın tam tənzim edən norma Mülki Prosessual Məcəllədə öz əksini tapmasa da, həmin Məcəllənin 124.3-cü maddəsinə görə iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsi üzrə 12118,25 (on iki min bir yüz on səkkiz manat, iyirmi beş qəpik) manat əsas, 782,85 (yeddi yüz səksən iki manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12901,10 (on iki min doqquz yüz bir manat, on qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - iddia verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, RGTK6232739A129 nömrəli kredit müqaviləsi üzrə 12118,25 (on iki min bir yüz on səkkiz manat, iyirmi beş qəpik) manat əsas və 782,85 (yeddi yüz səksən iki manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12901,10 (on iki min doqquz yüz bir manat, on qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar