Məhkəmə qərarları › İş №e-2(079)-540/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-540/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-540/2022 19.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3346582A113 saylı kredit müqaviləsinə əsasən 8428.35 AZN əsas, 2032.07 AZN faiz, cəmi 10460.42 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BRED1537558A211 saylı kredit kartına dair müqaviləyə əsasən 221.44 AZN əsas, 75.05 AZN faiz, cəmi 296.49 AZN borcun və ödənilmiş 122.27 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3346582A113 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BRED1537558A211 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli, GTKR3346582A113 saylı kredit müqaviləsinə əsasən 8428.35 AZN əsas, 2032.07 AZN faiz, cəmi 10460.42 AZN borcu, xx.xx.2019-cu il tarixli, BRED1537558A211 saylı kredit kartına dair müqaviləyə əsasən 221.44 AZN əsas, 75.05 AZN faiz, cəmi 296.49 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi, nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin yaxın qohumuna təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia tələbinin tam qanuni və əsaslı olduğunu, qeyd olunanlar və iddia ərizəsinin məzmunu nəzərə alınmaqla, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 8428.35 AZN əsas, 2032.07 AZN faiz borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən borcalana gündəlik tələbat kreditinin verilməsi (10000 (on min) manat kredit məbləğinin cavabdehə təqdim edilməsi), cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - 18 yanvar 2021-ci il tarixli, GTKR3346582A113 saylı tərəflərin imzaladığı müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana gündəlik tələbat məqsədləri üçün 48 ay müddətinə 10000 (on min) manat məbləğində illik 28% faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 18 yanvar 2021-ci il tarixli Xəzinə məxaric orderi və xx.xx.2022-ci il tarixli müqavilə üzrə çıxarışdan İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 10000 AZN kredit məbləğinin köçürülməsi; - 31 may 2022-ci il tarixli bildirişdən və siyahıdan İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana istehlak məqsədilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində illik 28% dərəcəsi ilə istehlak kreditinin verməsi, Borcalanın isə həmin kreditdən istifadə edərək yaranmış borclarını müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən geri ödəməsi təşkil edir; - müqavilənin 2.2-ci bəndinə görə kredit Borcalanın cari hesabına köçürmə yolu ilə verilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.8-cü bəndindən aydın olur ki, müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - Müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən məsələlər isə Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll edilir. - Müqavilənin 5.4-cü maddəsinə əsasən bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. - Müqavilənin 5.6-cı maddəsinə əsasən tərəflərin bir-birinə olan bütün növ bildirişləri müqavilədə nəzərdə tutulan ünvana sifarişli məktubla göndərilir və həmin ünvana göndərilmiş bildiriş tərəfə çatdırılmış hesab olunur. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit kartına dair müqaviləyə əsasən 221.44 AZN əsas, 75.05 AZN faiz borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit kartına dair müqaviləsinin bağlanması, bankın müştəriyə “Birkart” verərək şəxsi istehlak məqsədilə bərpa olunan kredit ayırdığı, xx.xx.2019-cu il tarixdə bir ədəd Plastik kartın cavabdehə təhvil verildiyi, cavabdehə öhdəliyin icrası tələbilə bildiriş göndərilərək xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, BRED15375587A211 nömrəli tərəflərin imzaladığı kredit kartına dair müqavilədən tərəflər arasında kredit kartına dair müqavilənin bağlanması və bankın müştəriyə müqavilə əsasında “Birkart” verərək ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ 3800 AZN və son istifadə tarixi xx.xx.2022-ci il müəyyən olunmaqla şəxsi istehlak məqsədilə bərpaolunan kredit ayırdığı; - xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderindən **********526383 nömrəli plastik kartın Cavabdeh tərəfindən təhvil alındığı; - 31 may 2022-ci il tarixli bildirişdən və siyahıdan İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İş materiallarına əlavə olunmuş kredit kartı müqaviləsindən belə məlum olur ki, tərəflər kredit kartı müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 1-ci bəndinə əsasən bank müştəriyə karta dair müqavilə əsasında ”Birkart” verir, həmin karta bağlı təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını ödəyir, borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. - 11.3-cü bəndinə əsasən son istifadə tarixi xx.xx.2022-ci ildir. - 11-ci bəndinə əsasən kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ bank tərəfindən 3800 AZN müəyyən olunur. - 11.12-ci bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - 11.19-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s. hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 11.18.2-ci bəndinə görə bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış faizləri və digər borcları 5 iş günü müddətində qaytarmalıdır. - 19-cu bəndinə əsasən tərəflərin bir-birinə olan bütün növ bildirişləri müqavilədə nəzərdə tutulan ünvana sifarişli məktubla göndərilir və həmin ünvana göndərilmiş bildiriş tərəfə çatdırılmış hesab olunur. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalan verilməsidir. 18 yanvar 2021-ci il tarixli Xəzinə məxaric orderi və xx.xx.2022-ci il tarixli müqavilə üzrə çıxarışdan İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 10000 AZN kredit məbləğinin köçürülməsi təsdiqini tapır. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 348.52 manat, sonuncu ay isə 360.82 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Müqavilə üzrə çıxarışdan cavabdehin iddiaçıya 8428.35 manat əsas, 2032.07 manat faiz borcunun qaldığı müəyyən olunur. Həmçinin tərəflər arasında bağlanmış kredit kartına dair müqaviləyə əsasən iddiaçının əsas öhdəliyi müştəri tərəfindən istifadə edilə biləcək məbləğ 3800 manat olmaqla bərpaolunan kredit xətti ayırmaq olmuşdur. xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderindən **********526383 nömrəli plastik kartın Cavabdeh tərəfindən təhvil alındığı öz təsdiqini tapır. Həmçinin xx.xx.2019-cu il tarixli müqavilə üzrə çıxarışdan isə borcalan tərəfindən bərpaolunan kreditdən müqavilənin bağlandığı tarixdən xx.xx.2022-ci il tarixədək istifadə olunduğu, borcalanın 221.44 manat əsas, 75.05 manat faiz borcunun qaldığı müəyyən olunur. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh isə hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Hər iki müqavilə üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışından belə məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8428.35 manat əsas, 2032.07 manat faiz borcu olmaqla cəmi 10460.42 manat borcu, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 221.44 manat əsas, 75.05 manat faiz olmaqla cəmi 296.49 manat borcunun olduğu müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 221.44 manat (iki yüz iyirmi bir manat qırx dörd qəpik) əsas, 75.05 manat (yetmiş beş manat beş qəpik) faiz, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 8428.35 manat (səkkiz min dörd yüz iyirmi səkkiz manat otuz beş qəpik) əsas, 2032.07 manat (iki min otuz iki manat yeddi qəpik) faiz borcu olmaqla, cəmi 10756.91 (on min yeddi yüz əlli altı manat doxsan bir qəpik) borc tutulmalıdır. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman Azərbaycan Respublikası Mərkəzi X3 Portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 122.27 (bir yüz iyirmi iki manat iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 221.44 manat (iki yüz iyirmi bir manat qırx dörd qəpik) əsas, 75.05 manat (yetmiş beş manat beş qəpik) faiz, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 8428.35 manat (səkkiz min dörd yüz iyirmi səkkiz manat otuz beş qəpik) əsas, 2032.07 manat (iki min otuz iki manat yeddi qəpik) faiz borcu olmaqla, cəmi 10756.91 (on min yeddi yüz əlli altı manat doxsan bir qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 122.27 (bir yüz iyirmi iki manat iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar