Məhkəmə qərarları › İş №e-2(079)-543/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-543/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-543/2022 07.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti “11” noyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsindən irəli gələn 03 noyabr 2022-ci il tarixə ödənilməmiş 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat əsas borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, onun “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 11 iyul 2019-cu il tarixli, RPF-00509- 16/19A nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1291.55 (bir min iki yüz doxsan bir manat, əlli beş qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01417-16/15A nömrəli, 30 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 11 iyul 2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restruktizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdı. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 03 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat əsas, 0 (sıfır) manat faiz borcu olmaqla, ümumilikdə 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Kültəpə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddiaçının ərizəsinin surəti məhkəmənin 11 noyabr 2022-ci il tarixli, 2(079)-543/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeyd edilən ünvanına rəsmi qaydada göndərilmişdi. Cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, əsasən kredit müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci madəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü madəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsindən tərəflərin iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: -1.1-ci bəndinə əsasən borcverən 1291.55 (bir min iki yüz doxsan bir manat, əlli beş qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış KP- 01417-06/15A saylı, 30 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ilə istifadə etməyi və onu 11 iyul 2024-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür; -2.1, 2.2, 2.5-2.7-cı bəndləri ilə müəyyən edilir ki, kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi mövcud müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən tərəflər arasında yazılı razılaşdırılmış 1 saylı Əlavədə təsbit olunmuş ödəniş cədvəlində müəyyən olunur. Borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə borcverənə ödəməlidir ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə qaytarılmış (ödənilmiş) olsun. Borcalana verilmiş kreditin uçotu borcalanın ssuda hesabı üzrə aparılır. Kreditin ödənilməsi cari hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər. Kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür; -2.8 və 2.8.1-ci bəndlərinin tələbinə görə borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda borcverən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr uçun hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; -3.1, 3.1.1 və 3.2.2-ci bəndlərə görə müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında kredit müqaviləsi bağlandıqdan sonra krediti borcalana vermək borcverənin vəzifəsi, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və öhdəliyin icrasını borcalandan tələb etmək isə onun hüququdur; -3.3, 3.3.2 və 3.3.4-cü bəndlərində qeyd edilir ki, krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müddətlərdə borcverənə qaytarmaq, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) borcverənə ödəmək borcalanın vəzifəsidir. Tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsinə 2 saylı Əlavəsinin; -1.1.3-cü bəndinə əsasən kreditin məqsədi müştərinin restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir; -2.1-2.2-bəndlərində qeyd edilir ki, kredit müqaviləsinə əsasən bank müştəriyə kreditlər verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Hər bir kredit məhsulu üzrə münasibətlərin predmeti və həmin məhsula aid xüsusi şərtlər müvafiq kredit müqaviləsi ilə tənizmlənir; -3.1-3.4-cü bəndlərin tələbinə görə kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır. Kreditin verilməsi ilə müştərinin restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və kredit müqaviləsinə əsasən, banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Faizlər kreditin verilmə tarixindən etibarən kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; -4.1 və 4.1.5-ci bəndlərində qeyd olunur ki, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi müştəridən tələb etmək bankın hüququdur; -5.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həm Mülki Məcəllənin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsi üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 iyul 2019-cu il tarixli, RPF-00509- 16/19A nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş AZ80BBTB******************** nömrəli hesabdan çıxarışla öz təsdiqini tapır. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 26 avqust 2020-ci il tarixli, HASF-2020/00995 nömrəli bildirişdən və 085445 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsinin 5-ci bölməsindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 03 noyabr 2022-ci il tarixli, RİED-2022/5314 nömrəli arayışından 03 noyabr 2022-ci il tarixə Cavabdeh 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsi üzrə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat əsas və 0 (sıfır) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tələbində 0.40 (qırx qəpik) manat miqdarında bank xidməti haqqının cavabdehdən alınaraq ona verilməsini tələb məhkəmə bununla bağlı aşağıdakıları tərəflərin nəzərinə çatdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsi üzrə 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat bank xidmət haqqı cavabdehdən alınaraq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, RPF-00509-16/19A nömrəli kredit müqaviləsi üzrə 509.29 (beş yüz doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat bank xidmət haqqı cavabdehdən alınaraq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar