Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-55/2024 12.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" X1 Səhmdar Cəmiyyəti “15” dekabr 2023-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 1537.05 (bir min beş yüz otuz yeddi manat, beş qəpik) manat əsas, 35.4 (otuz beş manat, qırx qəpik) manat faiz və 3.2 (üç manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1575.65 (bir min beş yüz yetmiş beş manat, atmış beş qəpik) manat məbləğində borcun, həmçinin 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, 1111nkAHM/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 40 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 1803 (bir min səkkiz yüz üç) manat məbləğində kredit verilmişdi. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdi. Nəticədə cavabdehin 11 dekabr 2023-cü il tarixə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 1537.05 (bir min beş yüz otuz yeddi manat, beş qəpik) manat əsas, 35.4 (otuz beş manat, qırx qəpik) manat faiz, 3.2 (üç manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1575.65 (bir min beş yüz yetmiş beş manat, atmış beş qəpik) manat borcu yaranmışdı. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 15 dekabr 2023-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 22 dekabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, 1111nkAHM/22 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli 1111nkAHM/22 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Kredit müqaviləsindən görünür ki, onlar iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - giriş hissəsində göstərilir ki, Cavabdeh bu müqaviləni imzalamaqla "xxxx" X1 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 31 mart 2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etmiş hesab olunur; - 1.1-ci və 1.2-ci bəndlərlə müəyyən edilir ki, bank 24 mart 2026-cı il tarixədək illik 18 faiz ödəmək şərti ilə 1803 (bir min səkkiz yüz üç) manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari kredit) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 faiz, maksimum 40 faiz təşkil edir. Borcalan kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə isə 0 AZN məbləğdə, nağd pulun çıxarılmasına görə 0 AZN məbləğdə komissiya haqqını banka ödəyir; -1.3-cü bəndin mahiyyətindən aydın olur ki, kreditin təyinatı 06 may 2021-ci il tarixli, 2182nkAHM/21 nömrəli müqavilə üzrə yaranmış 1797.67 manat məbləğində borcun bağlanmasıdır; - 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalana” qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 faiz miqdarında cərimə tətbiq edir. Bu müqavilə üzrə son ödəniş, həmin kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan 24 mart 2026-cı il tarixində bir dəfəyə ödənilməlidir. “Müştəriyə” verilmiş kreditin uçotu “müştəri”nin kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi carı hesab üzrə həyata keçirilir. Kreditin ödənilməsi cari hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən “Bank”ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən “Bank”a qaytarıldığı tarix hesab olunur; -2.4, 2.5 və 2.6-cı bəndlərinə görə “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür; - 2.7 və 2.7.1-ci bəndlərinin mahiyyətindən aydın olur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozulduqda bank birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 25 dekabr 2022-ci ildən başlamaqla 24 mart 2026-cı ilədək hər ay 61 (altmış bir) manat, sonuncu ay isə 30 (otuz) manat ödəməli olması aydın olur. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini ayırması, bank hesabı açması, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 25 noyabr 2022-ci il tarixli 1111nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla, həmçinin elə həmin müqavilənin bağlanması ilə sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli bildirişdən və 154436 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdeh müqavilə şərtlərini pozduğundan, kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 11 dekabr 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh 25 noyabr 2022-ci il tarixli 1111nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 1537.05 (bir min beş yüz otuz yeddi manat, beş qəpik) manat əsas və 35.4 (otuz beş manat, qırx qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli 1111nkAHM/22 nömrəli kredit müqaviləsinin 3-cü bölməsindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci bəndindən aydın olur ki, borcalan kredit üzrə faizləri həmin müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecişdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 (qırx) faiz miqdarında cərimə tətbiq edilir. Müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən kredit alan kredit ödənişini gecikdirdikdə, gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün (kredit müqaviləsinin şərtlərinə uyğun olaraq), gecikdirilmiş kreditin əsas borc məbləğinin 0.5 faizdən 1 faizədək miqdarda cərimə ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilənlərdən "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 25 noyabr 2022-ci il tarixli, 1111nkAHM/22 nömrəli müqavilə üzrə cərimə borcunun ödənilməsi ilə bağlı tələbinin əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 11 dekabr 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 3.2 (üç manat, iyirmi qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat miqdarında dövlət rüsumu miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, 1111nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə 1537.05 (bir min beş yüz otuz yeddi manat, beş qəpik) manat əsas, 35.4 (otuz beş manat, qırx qəpik) manat faiz və 3.2 (üç manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1575.65 (bir min beş yüz yetmiş beş manat, atmış beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, 1111nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə 1537.05 (bir min beş yüz otuz yeddi manat, beş qəpik) manat əsas, 35.4 (otuz beş manat, qırx qəpik) manat faiz və 3.2 (üç manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1575.65 (bir min beş yüz yetmiş beş manat, atmış beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-55/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-55/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver