Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-554/2023 23.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqının tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “28” sentyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2663 (iki min altı yüz altmış üç) manat məbləğində vəsaitin tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, onunla Cavabdeh arasında bağlanılmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, 335 ünvanında yerləşən dövlət mülkiyyətində olan 246.7 kvadrat metr torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, onun tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Həmin maddəyə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 2663 (iki min altı yüz altmış üç) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 22 may 2023-cü il tarixli, 3-21-3/2-6564/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, o, məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iş materiallarından onun faktiki yaşayış yerinin Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 335 olması müəyyən edilir. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 28 sentyabr 2023-cü il tarixli məktubu ilə onun hər iki ünvanına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 30 sentyabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh nun ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında icarə müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli müqavilə ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; -706.1 və 706.2-ci maddələrində qeyd edilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. -706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: 1-ci bölməsinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, 335 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 246.7 kvadrat metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir; -2.1 və 2.2-ci bəndlərindən aydın olur ki, icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarə verənin hüququ, icarə haqqını vaxtında və tam həcmdə ödəmək isə icarəçinin vəzifəsidir; - 3.1 və 3.2-ci bəndinə görə torpaq sahəsinin illik icarə haqqı 3000 (üç min) manat, aylıq icarə haqqı 250 (iki yüz əlli) manatdır. İcarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: N.ABZAZ2C) ödənilməlidir; - 4.1 və 4.2-ci bəndlərində göstərilir ki, müqavilə ilə icarə müddəti 12 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2023-cü il tarixədək müəyyən edilir. Müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər; - 5.3-cü bəndinin tələbinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir. İcarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi üçün müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır; - 8.2-ci bəndi ilə müəyyən edilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflərin arasında yarana bilən mübahisəli məsələlər qarşılıqlı razılıq əsasında həll edilir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən icarə predmeti olan torpaq sahəsini Cavabdeh icarəsinə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada icarə haqqını ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, 335 ünvanında yerləşən və müqavilənin predmeti olan torpaq sahəsinin Cavabdeh sahibliyinə verilməsini özündə əks etdirən sübut təqdim etməsə də, şəxsi hesab vərəqindən onun sözü gedən torpaq sahəsi üzrə icarə haqqı ödəməsini müəyyən etmək olur. Bu da dolayı yolla olsa da müqavilə predmetinin ona verilməsini təsdiq edir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş (Səftər İsmayılova) 22 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1ci maddəsi ilə müəyyən edilir ki, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan icarə haqqının tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsinin 3-cü bölməsindən torpaq sahəsinin illik icarə haqqının 3000 (üç min) manat, aylıq icarə haqqının isə 250 (iki yüz əlli) manat olması müəyyən edilir. Həmçinin sözü gedən müqavilədən onun müddətinin 12 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2023-cü il tarixədək olması aydın olur. Bu isə o deməkdir ki, həmin müqavilə üzrə cavabdehin ümumilikdə iddiaçıya ödəməli olduğu icarə haqqı 6000 (altı min) manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş şəxsi hesab vərəqindən isə görünür ki, Cavabdeh 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli müqavilə üzrə 3998 (üç min doqquz yüz doxsan səkkiz) manat ödəniş etmişdi. Cavabdeh icarə müqaviləsi üzrə ödəməli olduğu ümumi icarə haqqının miqdarını, onun müqavilə üzrə ödədiyi icarə haqqı məbləğini, həmçinin 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli müqavilə üzrə Cavabdeh üzərinə hər hansı digər haqqın ödənilməsi ilə bağlı öhdəlik qoyulmamasını nəzərə alan məhkəmə bildirir ki, hazırda onun müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlik-icarə haqqı 2002 (iki min iki) manat (6000-3998=2002) təşkil edir. İddiaçı isə hazırda icarə müqaviləsinin ləğv edilməməsinə əsaslanaraq ondan 2663 (iki min altı yüz altmış üç) manat tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir; - 710.2-ci maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir; - 710.3-ci maddəsi ilə müəyyən edilir ki, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir; - 719.1-ci maddəsinin tələbinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. - 719.2-ci maddəsi ilə müəyyən edilir ki, torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Yuxarıda qeyd edilən maddi hüquq normaları iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli müqavilənin müddətinin 12 oktyabr 2023-cü ildə bitməsi, aylıq icarə haqqının 250 (iki yüz əlli) manat olması aydın olur. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, iddia tələbi ilə məhkəməyə 28 sentyabr 2023-cü ildə müraciət etdiyi vaxt onlar arşında bağlanmış icarə müqaviləsinin müddəti bitməmişdi. Həmçinin iddia ərizəsi məhkəməyə verilən vaxt artıq onun bitməsinə bir aydan az bir zaman qalmışdı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə müqavilə tərəflərinin hər hansı birinin bunun icarə müqaviləsinin müddətinin uzadılmasını özündə əks etdirən yazılı müraciəti məhkəməyə təqdim etməmişdi. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün icarə haqqını tələb etməsini əsaslı saymır. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından bildirir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.4-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla müəyyən edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsi üzrə 2002 (iki min iki) manat icarə haqqı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin(VÖEN **********) xeyrinə tutularaq, onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2C) köçürülməli; -həmçinin Cavabdeh 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik miqdarında rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 887 nömrəli icarə müqaviləsi üzrə 2002 (iki min iki) manat icarə haqqı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin(VÖEN **********) xeyrinə tutularaq, onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2C) köçürülsün. Həmçinin Cavabdeh 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik miqdarında rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-554/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-554/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver