Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-562/2023 25.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Qeyri- Bank Kredit Təşkilatı X1 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 “28” sentyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 336 (üç yüz otuz altı) manat faiz və 309.74 (üç yüz doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3211.25 (üç min iki yüz on bir manat, iyirmi beş qəpik) manat məbləğində borcun və ödənilmiş 52.12 (əlli iki manat, on iki qəpik) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə ailə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi üçün illik 29 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilib. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılıb. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********9***-******* nömrəli və **********9***-******* nömrəli zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borc, həmin borca hesablanmış faiz, cərimə borcları, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdu. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. 14 sentyabr 2023-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh3 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 336 (üç yüz otuz altı) manat faiz, 309.74 (üç yüz doqquz manat, yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 3211.25 (üç min iki yüz on bir manat, iyirmi beş qəpik) manat təşkil edir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan, məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə yazılı icraat qaydasında baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehlərə “28” sentyabr 2023-cü tarixli, 2(079)-562/2023 nömrəli məktubla iddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə sənədlərinin Cavabdeh3 və Cavabdeh1 “30” sentyabr 2023-cü ildə təqdim edilməsi sübuta yetirilir. Cavabdeh2 göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehlərə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və İddiaçı Qeyri- Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh3 arasında kredit və Cavabdeh1 və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit və eyni tarixli, **********9***-******* nömrəli və **********9***-******* nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; - 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və biznes məqsədləri üçün 24 ay müddətinə 5000 (beş min) manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 29 faiz hesablanır; - 1.3 və 1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3,8 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcun tutulmasıu və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" ("Ödəniş cədvəli") müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulur; - 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir; - 2.1 və 2.1.4-cü bəndlərindən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal, qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə borcun tutulması sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur; - 3.2, 3.2.1-3.2.2-ci bəndlərinə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir; - 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab edilir; - 4.4-cü bəndindən isə görünür ki, kredit alan ödənişləri kredit verənin hesabına “e-pul” onlayn ödəniş xidməti vasitəsi ilə, “Milli ön” və “E-Manat” ödəmə terminalları, partnyor bankların (Kapital Bank, ABB) aidiyyəti filialları və “Azərpoçt” poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə kredit verən heç bir məsuliyyət daşımır; - 6.1-ci bəndlərinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə borcun tutulması sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcun tutulmasının və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; - 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədədir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh3 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 16 yanvar 2022-ci ildən başlamaqla 16 dekabr 2023-cü ilədək hər ay 278 (iki yüz yetmiş səkkiz) manat , son ay isə 276 (iki yüz yetmiş altı) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktı, eyni tarixli Finkart kredit vermə qəbzi və kassa məxaric orderi ilə sübuta yetirilir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh3 arasında 16 dekabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli, **********9***-******* nömrəli və **********9***-******* nömrəli zaminlik müqavilələrində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilələrin: - 1.1-ci bəndinə əsasən zamin 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsinə əsasən ("kredit müqaviləsi"), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh3 ("kredit alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 5000 (beş min) manat məbləğində pul vəsaitini illik 29 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - 2.1 və 2.2-ci bəndlərində qeyd edilir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - 3.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, Cavabdeh1 və Cavabdeh2 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və həmin müqavilədə Cavabdeh1 və Cavabdeh2 bank qarşısında Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 6-cı və zaminlik müqaviləsinin 2-ci bölmələrindən isə aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh3 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas və 336 (üç yüz otuz altı) manat faiz borcu olması qeyd edilir. Həmin sənəddə Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borcdan 2434.49 (iki min dörd yüz otuz dörd manat, qırx doqquz qəpik) manat, faiz borcundan 1334 (bir min üç yüz otuz dörd) manat, cərimə borcundan 291.16 (iki yüz doxsan bir manat, on altı qəpik) manat olmaqla, ümumilikdə 4059,65 (dörd min əlli doqquz manat, altmış beş qəpik) manat ödəməsi qeyd edilib. İddia ərizəsinə əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin müqavilə üzrə ödəməli olduğu əsas borc 5000 (beş min) manat, faiz borcu isə 1670 (bir min altı yüz yetmiş) manat olmaqla, ümumilikdə bank qarşısında öhdəliyi 6670 (altı min altı yüz yetmiş) manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən aydın olur ki, o iki il müddətinə bağlanıb. İddiaçı isə müqavilə üzrə 14 sentyabr 2023cü il tarixədək yaranmış əsas və faiz borcunu tələb edir. Ödəniş cədvəlindən isə müəyyən edilir ki, cavabdehlərin 2023-cü ilin sentyabr ayınadək müqavilə üzrə ödəməli olduğu faiz borcu 1631 (bir min altı yüz otuz bir) manat təşkil edir. Cavabdehlərin əsas və faiz borclarına münasibətdə ödədiyi məbləğlər nəzərə alındıqda, onların müqavilə üzrə 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat (5000 – 2434,49 =2565.51) əsas, 297 (iki yüz doxsan yeddi) manat (1631- 1334= 297) faiz borcu olması müəyyən edilir. İddiaçı isə cavabdehlərdən ümumilikdə 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 336 (üç yüz otuz altı) manat faiz borcu tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutları iddia tələbi ilə əlaqələndirdikdə əsas borcla tələb edilən məbləğin eynilik təşkil etməsi, faiz borcunun isə fərqli olması müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən əsaslı sayılmalıdır. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimə borcunun ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə borcunu ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimə borcunun ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin 5.1-5.2-ci bəndlərinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cərimə borcunu) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Müqavilə üzrə dəbbə pulunun tutulması, müqavilənin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbini istisna etmir. Zaminlik müqavilələrinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, zamin 16 dekabr 2021-ci il tarixli, **********0827 kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehlərə qarşı olan cərimə borcu borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimə borcunun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçının tələbindən onun 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli müqavilə üzrə cavabdehlərdən 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 309.74 (üç yüz doqquz manat, yetmiş dörd qəpik) manat cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, iddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, cavabdehlərdən 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı vaxtında hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 52.12 (əlli iki manat, on iki qəpik) manat miqdarında dövlət rüsumunun 48.47 (qırx səkkiz manat, qırx yeddi qəpik) manat miqdarı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə borcu, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsi üzrə 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat faiz və 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 2991.51 (iki min doqquz yüz doxsan bir manat, əlli bir qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməli; -həmçinin 48.47 (qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 verilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. 16 dekabr 2021-ci il tarixli, **********9062 nömrəli kredit müqaviləsi üzrə 2565.51 (iki min beş yüz atmış beş manat, əlli bir qəpik) manat əsas, 297 (iki yüz doxsan yeddi) manat faiz və 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 2991.51 (iki min doqquz yüz doxsan bir manat, əlli bir qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. Həmçinin 48.47 (qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 verilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-562/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-562/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver