Məhkəmə qərarları › İş №e-2(079)-564/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-564/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-564/2022 28.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “25” noyabr 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 24 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3914,28 (üç min doqquz yüz on dörd manat, iyirmi səkkiz qəpik) manat əsas, 355,08 (üç yüz əlli beş manat, səkkiz qəpik) manat faiz, 98,55 (doxsan səkkiz manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4367,91 (dörd min üç yüz altmış yeddi manat, doxsan bir qəpik) manat məbləğində borcun və 63,68 (altmış üç manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 24 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 23 faizlə 36 ay müddətində 6200 (altı min iki yüz) manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 18 noyabr 2022-ci ilədək Cavabdeh 24 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3914,28 (üç min doqquz yüz on dörd manat, iyirmi səkkiz qəpik) manat əsas, 355,08 (üç yüz əlli beş manat, səkkiz qəpik) manat faiz borcu, 197.11 (bir yüz doxsan yeddi manat, on bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4466,47 (dörd min dörd yüz altmış altı manat, qırx yeddi qəpik) manat məbləğində borcu vardır. Onun cərimə borcu 197.11 (bir yüz doxsan yeddi manat, on bir qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə borcunun 50 faizi miqdarında olmaqla, yəni 98,55 (doxsan səkkiz manat, əlli beş qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 28 noyabr 2022-ci il tarixli, 2(079)-564/2022 nömrəli məktubu ilə ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Cavabdeh ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə arasında bağladığı 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0- 163-21 nömrəli kredit müqaviləsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci madəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü madəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli kredit müqaviləsindən tərəflərin iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmələri müəyyən edilir. Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; - 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinin tələbinə görə müqaviləyə əsasən kreditor borcalana 6200 (altı min iki yüz) manat məbləğində kredit verir. Kredit borcalana istehlak məqsədilə, 36 (otuz altı) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 23 (iyirmi üç) faiz təşkil edir; - 5.1 və 5.1.5-ci bəndlərinin mahiyyətinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur; - 5.4, 5.4.3 və v 5.4.4-cü bəndlərində ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməyin və kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmağın cavabdehin vəzifəsi olması müəyyən edilir; - 7.1. 7.1.1 və 7.1.2-ci bəndlərinə görə borcalan verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə və ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə kreditor krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; -9.2-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda qeyd edilən müqavilə şərtlərindən aydın olur ki, müqavilə tərəfləri arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə verilməsi, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş krediti məbləğini müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya geri qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş 24 fevral 2021-ci il tarixli, 2204- ********** məxaric qəbzi ilə sübuta yetirilir. Müqavilədən irəli gələn öhdəliyini icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış 04 noyabr 2020-ci il tarixli, KBD 12194 nömrəli xəbərdarlıqdan və 092259 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdeh müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilərək, bu borcun ödənilməsi üçün 5 gün müddət təyin edilmiş və bu xəbərdarlıq cavabdehə 10 noyabr 2022-ci ildə təqdim edilmişdi. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli il tarixli kredit müqaviləsinin 8.1-ci bəndindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 18 noyabr 2022-ci il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 2285,72 (iki min iki yüz səksən beş manat, yetmiş iki qəpik) manat, faiz borcundan 1634,92 (bir min altı yüz otuz dörd manat, doxsan iki qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqavilə üzrə 3914,28 (üç min doqquz yüz on dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas və 355,08 (üç yüz əlli beş manat, səkkiz qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərələrin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli kredit müqaviləsinin 2.5-ci bəndindən aydın olur ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli maliyyə arayışında cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 197.11 (bir yüz doxsan yeddi manat, on bir qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. İddiaçı isə Cavabdeh 98,55 (doxsan səkkiz manat, əlli beş qəpik) manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki tələb üzrə iddia tələbindən kənara çıxa halı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 63,68 (altmış üç manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli kredit müqaviləsi üzrə 3914,28 (üç min doqquz yüz on dörd manat, iyirmi səkkiz qəpik) manat əsas, 355,08 (üç yüz əlli beş manat, səkkiz qəpik) manat faiz və 98,55 (doxsan səkkiz manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4367,91 (dörd min üç yüz altmış yeddi manat, doxsan bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 63,68 (altmış üç manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 24 fevral 2021-ci il tarixli, 15-Y-2-0-163-21 nömrəli kredit müqaviləsi üzrə 3914,28 (üç min doqquz yüz on dörd manat, iyirmi səkkiz qəpik) manat əsas, 355,08 (üç yüz əlli beş manat, səkkiz qəpik) manat faiz və 98,55 (doxsan səkkiz manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4367,91 (dörd min üç yüz altmış yeddi manat, doxsan bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 63,68 (altmış üç manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar