Məhkəmə qərarları › İş №e-2(079)-566/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-566/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-566/2024 15.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “23” avqust 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7107 (yeddi min bir yüz yeddi) manat əsas, 462.78 (dörd yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat faiz və 33.85 (otuz üç manat, səksən beş qəpik) manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə 7603.63 (yeddi min altı yüz üç manat, altmış üç qəpik) manat məbləğində borcun, həmçinin 96.04 (doxsan altı manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-ci il tarixli, 45280***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması şərtlərinə uyğun olaraq 28 aprel 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə (aylıq ödəniş 313.39 manat olmaqla hər ayın 1-dək ödənilmək şərti ilə) 8900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən cavabdehə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 09 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7107 (yeddi min bir yüz yeddi) manat məbləğində əsas kredit borcu, 462.78 (dörd yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 33.85 (otuz üç manat, səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7603.63 (yeddi min altı yüz üç manat, altmış üç qəpik) manat məbləğində borcu qalmaqdadır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 14 oktyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə əvvəldən məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında əsas kredit limiti müqaviləsi, Kompleks Bank Xidmətləri müqaviləsi şərtlərinin qəbul edilməsinə dair qoşulma razılaşması və cari hesabın açılması, həmçinin ödəniş kartının təqdim edilməsinə dair razılaşmanın bağlanması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş “28” aprel 2023-cü il tarixli razılaşmalardan aydın olur. İddiaçı isə Cavabdeh aralarında bağlanmış 28 aprel 2023-ci il tarixli, 45280***-*******02L saylı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi qismən əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə məhkəmənin 23 avqust 2024-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 28 aprel 2023-ci il tarixli, 45280***- *******02L saylı müqaviləyə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 407.1-ci maddəsində qeyd edilir ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; - 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır; - 408.2-ci madəsinin tələbinə görə şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır; - 409.1-ci maddəsində göstərilir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında olan razılaşmanı yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-ci il tarixli, 45280***-*******02L nömrəli müqavilədən tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1.1-ci bəndinə əsasən əsas kredit limiti razılaşmasına əsasən kredit verən borcalana 50 000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə - 28 aprel 2033-cü il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə Kredit verənə müraciət (Kredit verənin mobil tətbiq etməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək)) etmək hüququna malikdir; - 1.2-1.4-cü bəndlərinə görə əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 10 (on) faiz - max. 29 (iyirmi doqquz) faizdir. Əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə “Kredit verənə geri qaytarılacaq. Kredit limiti razılaşması çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz ) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə 28 aprel 2033-cü il tarixdən artıq olmayacaq; - 2.1-2.3-cü bəndlərinin tələbindən görünür ki, kredit, kredit verən tərəfindən borcalanın AZ60BRES******************** nömrəli cari hesabına köçürülməklə verilir və kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir. Bu əsas kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kredit verənə təqdim etdiyi ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərilir. Borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (Kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) bu əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə uyğun olaraq kredit verilir. Bu əsas kredit limiti razılaşmasının 2-ci bəndinə əsasən verilmiş kredit məbləği borcalanın cari hesabından çıxarış vasitəsi ilə təsdiq edilir; -4.3 və 4.3.1-ci bəndləri ilə müəyyən edilir ki, verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə Kredit verənə geri qaytarmaq borcalanın vəzifəsidir; -5.1 və 5.2-ci bəndlərində qeyd edilir ki, əsas kredit limiti razılaşması imzalandığı andan qüvvəyə minir və bu əsas kredit limiti razılaşması üzrə borcalan tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Razılaşmanın hər hansı bir bəndinin etibarsız hesab edilməsi, razılaşmanın bütövlüklə etibarsızlığına səbəb olmur. Əsas kredit limiti razılaşması çərçivəsində verilmiş kreditlər müstəqil müqavilə xarakteri daşımır və bu razılaşmanın tərkib hissəsi hesab olunur; -5.6-cı bəndinin tələbindən görünür ki, borcalan tərəfindən bu əsas kredit limiti razılaşmasının imzalanması ilə borcalan Kredit verənin https: //www. bankrespublika. az/az/ pagcs/kompleks bank xidməti müqaviləsi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, borcalan ilə kredit verən arasında olan münasibətlərin bu kredit limiti razılaşması və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir. Kredit verənin mülahizəsinə əsasən borcalan tərəfindən Kredit verənin müqaviləsi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş KBXM-də müəyyən edilən xidmət platformasından istifadə edilərək bu limit razılaşması çərçivəsində məsafədən kreditlər verilə bilər. Kompleks Bank Xidməti Müqaviləsinin: -2.2-ci bəndinə görə X3 Anketi (ÖMTA)- bank xidmətlərinin göstərilməsi üçün müştəri tərəfindən təsdiq edilərək banka təqdim edilmiş, müştərinin şəxsi məlumatlarını özündə əks etdirən sənəddir; -11.1-ci bəndinə əsasən bank (kredit verən) müştərinin (borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya əsas kredit limiti razılaşması əsasında kreditlər verir; -11.3-cü bəndində göstərilir ki, borcalanın ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğdən artıq ödənişlərin aparılması onları növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir; -11.13-cü bəndinin tələbinə görə borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) faiz gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kredit verənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faiz məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kredit verən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə və məbləğini kredit limitini cavabdehin hesabına köçürməsi, sonuncunun isə onu hissəhissə ödənişlər şəklində, faizləri və gecikmə zamanı hesablanmış cəriməni ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş SMS məlumatı və 09 iyul 2024-cü il tarixlə olan hesabdan çıxarışla öz təsdiqini tapır. Belə ki, həmin sənəddən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləğinin “28” aprel 2023-cü ildə cavabdehin hesabına köçürülməsi müəyyən edilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış “22” aprel 2024-cü il tarixli pretenziya məktubundan və TA008850895 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 09 iyul 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7107 (yeddi min bir yüz yeddi) manat əsas, 462.78 (dörd yüz altmış iki manat, yetmiş səkkiz qəpik) manat faiz və 33.85 (otuz üç manat, səksən beş qəpik) manat cərimə borcunun olması qeyd edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında “28” aprel 2023-cü il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş pretenziya məktubundan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir. İddiaçı isə “22” aprel 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 gün müddətində ödəməsini tələb etməklə yanaşı, aralarında bağlanmış kredit müqaviləsini ləğv etdiyini bildirmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə onun nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə aralarında bağlanmış müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi pretenziya məktubunda isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 7107 (yeddi min bir yüz yeddi) manat əsas, 247.31 (iki yüz qırx yeddi manat, otuz bir qəpik) manat faiz və 3.74 (üç manat, yetmiş dörd qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilmişdi. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz və cərimə borcunun fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz və cərimə borcuna münasibətdə qismən əsaslı hesab edir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş Kompleks Bank Xidməti Müqaviləsinin 22-ci bölməsindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış Kompleks Bank Xidməti Müqaviləsinin 11.13-cü bəndinin tələbinə görə borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) faiz gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kredit verənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faiz məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kredit verən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini bir daha əsaslı olmasını müəyyən edərək, onun məbləğinə gəldikdə isə bildirir ki, 09 iyul 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 33.85 (otuz üç manat, səksən beş qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formaladırdığı mövqeyə əsaslanan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə də qismən əsaslı sayılıb müqavilənin ləğv edildiyi günədək olan cərimə borcu, yəni 3.74 (üç manat, yetmiş dörd qəpik) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 və 9.1.20-ci maddələrinin tələbinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh müharibə veteranıdır. Hazırki tələb üzrə isə məhkəmə iddiaçının tələbini qismən əsaslı sayır. Cavabdeh isə dövlət rüsumu ödəməkdən azad olsa da, qanunvericiliyin müəyyən etdiyi yuxarıda qeyd edilən güzəşt iddiaçıya şamil edilmir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə iddia qaldırılan zaman ödənilmiş 96.04 (doxsan altı manat, dörd qəpik) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, qeyd edilən halın tam tənzim edən norma Mülki Prosessual Məcəllədə öz əksini tapmasa da, həmin Məcəllənin 124.3-cü maddəsinə görə iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 28 aprel 2023-ciil tarixli, 45280***-*******02L saylı müqavilə üzrə Cavabdeh 7107 (yeddi min bir yüz yeddi) manat əsas, 247.31 (iki yüz qırx yeddi manat, otuz bir qəpik) manat faiz və 3.74 (üç manat, yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7358.05 (yeddi min üç yüz əlli səkkiz manat, beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia tələbi qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; - iddia verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 28 aprel 2023-ciil tarixli, 45280***-*******02L saylı müqavilə üzrə Cavabdeh 7107 (yeddi min bir yüz yeddi) manat əsas, 247.31 (iki yüz qırx yeddi manat, otuz bir qəpik) manat faiz və 3.74 (üç manat, yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7358.05 (yeddi min üç yüz əlli səkkiz manat, beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar