Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-57/2023 26.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Qeyri- Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 26 dekabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1450.90 AZN, faiz borcuna görə 217.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1667.90 (min altı yüz altmış yeddi manat, doxsan qəpik) AZN məbləğində borcun və 36.68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********1571 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 29.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2300 (iki min üç yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 128 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Hüseynov Rauf Sübhanverdi oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Hüseynov Rauf Sübhanverdi oğlunun əsas borc üzrə 1450.90 AZN, faiz borcuna görə 217.00 AZN,cərimə borcuna görə 0.00 AZN,cəmi 1667.90 (min altı yüz altmış yeddi manat, doxsan qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, **********1571 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatıının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2300 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür; - kredit üzərində 29 % illik faiz hesablanacaqdır və nominal faiz Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır; - müqavilənin 1.4-cü bəndinə əsasən Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kredit məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. - müqavilənin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 33% təşkil edir. - müqavilənin 1.6-cı bəndinə əsasən kredit kredit alana “FİNCARD” kredit kartı vasitəsilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin Akt bu müqavilənin tərkib hissəsi hesab edilir. - müqavilənin 2.1.4-cü bəndinə görə Kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kredit verənin kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. - müqavilənin 3.2.1, 3.2.3-cü bəndlərinə əsasən kredit alan krediti faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qaytarmaq, kreditdən təyinatı üzrə istifadə etmək kimi vəzifələr daşıyır; - müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilir. - müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona olan digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarında olan kredit kartının mədaxil aktından belə məlum olur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsini imza edənlərdən kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş **********325812 saylı kredit kartında təqdim edilmiş, kredit alan isə təsdiq edir ki, **********325812 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcə də həmin kart vasitəsilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və tərəfindən təhvil alınmışdır. Həmçinin kredit alan təsdiq edir ki, həmin kredit məbləğinin ona təqdim edilmiş kredit balansında olmaması və ya əksik olması ilə bağlı iddia və ya etirazı olarsa ən geci 3 gün ərzində kredit verənə yazılı formada bildirməli və həmin müddət ərzində məlumat verməməsi gələcəkdə bununla bağlı hər hansı iddiasının olmaması kimi qəbul ediləcəkdir. Bu akt kredit alan tərəfindən imzalandığı andan kredit məbləği kredit alana təqdim edilmiş sayılır. Mədaxil aktı iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən kredit kartının PİN kodunun isə xüsusi möhürlənmiş bağlı zərfdə Cavabdeh təqdim edildiyi müəyyən olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Fincard kreditvermə qəbzindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X5 tərəfindən tutulmalardan sonra qalan 2231 manat hissəsinin Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı Qeyri-Bank Kredit X1rşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 128 manat, sonuncu ay isə 123 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1450.90 (bir min dörd yüz əlli manat doxsan qəpik), faiz borcu üzrə 217 (iki yüz on yeddi) manat olmaqla, cəmi 1667.90 (bir min altı yüz altmış yeddi manat doxsan qəpik) manat borcu var. Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu 2300 manat kreditə görə 24 ay müddətində ümumilikdə 767 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun müqavilənin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ yaranmış və müqavilə müddətinin bitməsindən əvvəl bütün kredit borcu borc alandan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, bu zaman borc alanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən kredit alanın məhkəməyə müraciət edildiyi - ödəniş qrafikinə uyğun olaraq xx.xx.2022-ci il tarixə ödəməli olduğu faiz borcu ümumilikdə 767 (yeddi yüz altmış yeddi) manat olmuşdur. Maliyyə arayışına görə kredit alan xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 550 manat ödəniş etmişdir və cəmi 137 (bir yüz otuz yeddi) manat faiz borcu qalığı vardır. Kredit verən tərəfindən tələb olunan əlavə 80 manat məbləğində əlavə faiz borcu isə müqavilə müddətinin sonuna olan bütün faiz borcudur (767-550=217). Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1450.90 (bir min dörd yüz əlli manat doxsan qəpik), faiz borcu üzrə 137 (bir yüz otuz yeddi) manat olmaqla, cəmi 1587.90 manat (bir min beş yüz səksən yeddi manat doxsan qəpik) borc Cavabdeh tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 34.92 manat (otuz dörd manat doxsan iki qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1450.90 manat (bir min dörd yüz əlli manat doxsan qəpik), faiz borcu üzrə 137 (bir yüz otuz yeddi) manat olmaqla, cəmi 1587.90 manat (bir min beş yüz səksən yeddi manat doxsan qəpik) borc Cavabdeh tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 34.92 manat (otuz dörd manat doxsan iki qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-57/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-57/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver