Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-571/2024 24.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: İddiaçı “27” avqust 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 390 (üç yüz doxsan) manat məbləğində əsas borc və 60 (altmış) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alqı-satqısıdır. Hazırki iddia üzrə Cavabdeh ilə 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli “Mal satınalması müqaviləsi” bağlamışıq. Həmin müqaviləyə əsasən cavabdeh “Redmi Note 12S” markalı telefonu 8 aylıq kreditlə 620 manat dəyərində almışdır. Onun tərəfindən həmin borcun hazırkı vaxtadək 230 manatı ödənilmiş, qalan 390 (üç yüz doxsan) manat borcu dəfələrcə zəng edib, xəbərdarlıq etməyimizə baxmayaraq ödəməmiş və borcunu ödməkdən imtina edir. Bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, müqavilənin ödəniş şərtləri 3.2-ci bəndinə və 26 iyun 2024-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2 faiz, yəni ümumilikdə cərimə olaraq ödəməli olduğu 60 (altmış) manat dəbbə pulunu, 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Zeynəddin kəndində rəsmi qeydiyyatda olması aydın olur. İddiaçının ərizəsinin surəti məhkəmənin 27 avqust 2024-cü il tarixli məktubu ilə Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “31” avqust 2024-cü ildə təqdim edilməsi aydın olur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilə ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli alqısatqı müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya 620 (altı yüz iyirmi) manat dəyərində “Redmi Note 12S” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir; - 2.1, 2.1.1 və 2.1.2-ci bəndlərindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur: - 2.2.1-ci bəndinə görə sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək satıcının vəzifəsidir. Həmçinin həmin bəndlə müəyyən edilir ki, alıcı malların təhvili zaman hər hansı çatışmazlıq aşkar edərsə, bu barədə satıcını dərhal, lakin bütün hallarda maksimum 24 saat ərzində məlumatlandırır, bu müddətdən sonra alıcı tərəfindən malın keyfiyyətinə dair iddialar əsassız hesab edilir; - 2.4.1-ci bəndi ilə müəyyən edilir ki, telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini bu müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtında və tam şəkildə ödəmək alıcının vəzifəsidir; - 3.1-ci bəndinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 620 (altı yüz iyirmi) manat olduğunu, ümumi məbləğin 100 (bir yüz) manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin ödənilməmiş hissəsini müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcək; - 4.1-ci bəndində qeyd edilir ki, alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdə satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş edilmədikdə, borc məbləğinin alınması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələr vasitəsilə həyata keçirilir; - 5.2-ci bəndin tələbinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqaviləyə dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edilir və tərəflərin imzaları ilə təsdiq edildikdə qüvvəyə minir. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavədən isə görünür ki, alıcı 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə 12 yanvar 2024-cü ildən başlayaraq 12 avqust 2024-cü il tarixədək hər ay İddiaçı 65 (altmış beş) manat, ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, ərizəyə əlavə edilmiş 26 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən cavabdehin 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək satıcıya məxsusdur. Satıcı İddiaçı isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 26 iyun 2024-cü il tarixli arayışdan aydın olur ki, Cavabdeh 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilə üzrə əsas borcu 390 (üç yüz doxsan) manat təşkil edir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2024-cü il tarixli, 481 nömrəli müqavilənin: - 2.1 və 2.1.2-ci bəndlərindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur: -2.4.2-ci bəndinə əsasən müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək alıcının vəzifəsidir; - 3.2-ci bəndinə görə kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilə üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 60 (altmış) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 20 (iyirmi) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin qismən edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 27.33 (iyirmi yeddi manat, otuz üç qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilə üzrə 390 (üç yüz doxsan) manat əsas və 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 410 (dörd yüz on) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 27.33 (iyirmi yeddi manat, otuz üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, 481 nömrəli müqavilə üzrə 390 (üç yüz doxsan) manat əsas və 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 410 (dörd yüz on) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 27.33 (iyirmi yeddi manat, otuz üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-571/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-571/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver