Məhkəmə qərarları › İş №e-2(079)-59/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-59/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-59/2023 28.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “27” dekabr 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsi üzrə 16941.32 (on altı min doqquz yüz qırx bir manat, otuz iki qəpik) manat əsas və 6345.46 (altı min üç yüz qırx beş manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23286.78 (iyirmi üç min iki yüz səksən altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun və 159.86 (bir yüz əlli doqquz manat, səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 17945 (on yeddi min doqquz yüz qırx beş) manat məbləğində kredit verilmişdir. 09 iyul 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən kredit məbləği bankdan götürülmüşdü. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və həmin müqaviləyə əsasən 09 iyul 2021-ci il tarixli ödəmə cədvəlində müəyyən edilən hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə 02 noyabr 2011-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdi. Həmçinin o, dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq üzərinə düşən öhdəlikləri icra etməmişdi. 02 dekabr 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 16941.32 (on altı min doqquz yüz qırx bir manat, otuz iki qəpik) manat məbləğində əsas, 6345.46 (altı min üç yüz qırx beş manat, qırx altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 23286.78 (iyirmi üç min iki yüz səksən altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə mobil telefon nömrələrinə SMS göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 27 fevral 2022-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar bankın nümayəndəsinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə illik 20 faiz dərəcəsi ilə 48 ay müddətində 17945 (on yeddi min doqquz yüz qırx beş) manat məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması iddia ərizəsinə əlavə edilmiş 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmənin tələbin əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli arayışdan, həmçinin iş materiallarına əlavə edilmiş "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatdadır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, onun faktiki yaşayış yeri Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93-dür. İddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehin hər iki ünvanına rəsmi qaydada göndərmişdi. Məhkəmə sənədində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Ona ünvanlanmış məhkəmə sənədləri 06 və 09 yanvar 2023-cü il tarixlərdə ona rəsmi qaydada təqdim edilmişdi. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 02A122 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1-ci bəndinin mahiyyətinə görə bank borcalana 48 ay müddətinə şəxsi istehlak məqsədi üçün 17945 (on yeddi min doqquz yüz qırx beş) manat məbləğində (bundan sonra “Kredit məbləği” və ya “Əsas borc” adlanacaq) kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və kredit qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 (iyirmi) faiz dərəcəsi (bundan sonra “Faizlər” adlandırılacaq) ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür; - 3.1-ci bəndində qeyd edilir ki, bu müqavilə üzrə əsas borc və faizlər (bundan sonra “Kredit öhdəliyi” adlandırılacaq) ödəniş cədvəlinə (əlavə №1) əsasən borcalanın Bankdakı AZ94AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır; - 4.1.1 və 4.1.7-ci bəndlərinin mahiyyətindən aydın olur ki, həmin müqavilənin 6-cı maddəsində nəzərdə tutulan hallarda və qaydada kreditin dərhal qaytarılmasını tələb etmək, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək iddiaçının hüququdur; - 4.4.1, 4.4.3 və 4.4.6-cı bəndlərinə əsasən isə kredit öhdəliyini Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtından əvvəl icra etmək, müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəmək, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün (hesablanmış faizləri) xərcləri bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəmək cavabdehin vəzifəsidir; - 5.1 və 5.1.5-ci bəndləri ilə müəyyən edilir ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) halında iddiaçı cavabdehdən kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər; - 6.1, 7.1 və 7.3-cü bəndlərindən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minməsi və borcalan tərəfindən əsas borcu, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşməsi, ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair müqavilənin 5.2-ci bəndinə uyğun verilmiş xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilməsi və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz həcmində faiz hesablanması və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməsinin müəyyən edilməsi aydın olur. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış faiz məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsini sübuta yetirmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 09 iyul 2021-ci il tarixli kassa məxaric orderləri ilə öz təsdiqini tapır. İddia tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 iyul 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə iddia ərizəsinə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 02 noyabr 2021-ci il tarixli, 101/101/0774/2021 nömrəli xəbərdarlıq məktubundan cavabdehin 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və müqavilədən irəli gələn öhdəliyin icra edilməsi üçün ona 5 (beş) gün müddət müəyyən edilməsi aydın olur. Həminin iş materiallarına əlavə edilmiş 050117 nömrəli yol qaiməsindən həmin xəbərdarlığın Cavabdeh 05 noyabr 2021-ci ildə təqdim edilməsi müəyyən edilir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun və ona hesablanmış faiz borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli maliyyə arayışında cavabdehin 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli müqavilə üzrə 16941.32 (on altı min doqquz yüz qırx bir manat, otuz iki qəpik) manat məbləğində əsas və 6345.46 (altı min üç yüz qırx beş manat, qırx altı qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 09 iyul 2021-ci il tarixli 101804-921914/2 nömrəli kredit müqaviləsinin 8-ci bəndindən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 159.86 (bir yüz əlli doqquz manat, səksən altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsi üzrə 16941.32 (on altı min doqquz yüz qırx bir manat, otuz iki qəpik) manat əsas, 6345.46 (altı min üç yüz qırx beş manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23286.78 (iyirmi üç min iki yüz səksən altı manat, yetmiş səkkiz qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 159.86 (bir yüz əlli doqquz manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 101804-921914/2 nömrəli kredit müqaviləsi üzrə 16941.32 (on altı min doqquz yüz qırx bir manat, otuz iki qəpik) manat əsas, 6345.46 (altı min üç yüz qırx beş manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23286.78 (iyirmi üç min iki yüz səksən altı manat, yetmiş səkkiz qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 159.86 (bir yüz əlli doqquz manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar