Məhkəmə qərarları › İş №e-2(079)-603/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-603/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-603/2024 04.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “06” sentyabr 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 1120.54 (bir min bir yüz iyirmi manat, əlli dörd qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1150.54 (bir min bir yüz əlli manat, əlli dörd qəpik) manat məbləğində borcun, həmçinin 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 0 faizlə 12 ay müddətinə 1269 (bir min iki yüz altmış doqquz) manat kredit verilmiş (kreditin təyinatı “Gazer” markalı televizor alışı) və kreditin aylıq ödənişi 106 (bir yüz altı) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İddiaçı kredit məbləğinin 1015 (bir min on beş) manat təşkil edən hissəsini Əlaqəli kredit müqaviləsinin 3.1.1-ci bəndində qeyd edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus AZ98PAHA40060AZNHC********** saylı hesabına köçürməklə, 254 (iki yüz əlli dörd) manat təşkil edən hissəni isə 01 fevral 2024-cü il-09 fevral 2024-cü il tarixi dövrünü əhatə edən 19 fevral 2024-cü il tarixli, MT2402 seriyalı, 00291201 nömrəli "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə- faktura ilə köçürməklə vermişdir. Belə ki, 01 fevral 2024-cü il – 09 fevral 2024-cü il tarixlərini əhatə edən dövr ərzində 12 fevral 2024-cü il tarixli üzləşdirmə aktında göstərilən müştərilər barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında aparılmış qarşılıqlı hesablaşmadan cavabdehlə bağlı Əməkdaşlıq müqaviləsinin 3.3-cü bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əməkdaşlıq müqaviləsinin 1 saylı əlavəsində müəyyən edilmiş mükafat məbləğini ödəməlidir, iddiaçı isə əməkdaşlıq müqaviləsinin 3.2ci bəndinə əsasən kredit məbləğini mükafat məbləğini çıxmaqla ödəyir, yəni tərəflər arasında aparılacaq hesablaşmalar və kredit üzrə köçürmələr qarşılıqlı hesablaşmalar qaydasında aparılır. Kredit məbləğinin müqavilədə qeyd edilmiş üçüncü şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qanunauyğun olub, iddiaçının kredit vermək vəzifəsinin icra edildiyini, bir ədəd Gazer markalı televizorun cavabdehə satılması isə sonuncu tərəfindən kreditin alınmasını sübut edir. Cavabdeh 04 sentyabr 2024-cü il tarixədək verilmiş kredit üzrə 1120.54 (bir min bir yüz iyirmi manat, əlli dörd qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1150.54 (bir min bir yüz əlli manat, əlli dörd qəpik) manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci bəndlərinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü bəndinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 faizi miqdarında dəbbə pulu tətbiq edə bilər. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Sirab kəndində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərdə cavabdehin faktiki yaşayış yeri kimi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük Sovxozu qeyd edilmişdi. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 06 sentyabr 2024-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Babək rayonu, Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsinin növü olan əlaqəli istehlak krediti müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli əlaqəli istehlak krediti müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilənin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -739.1-739.3-cü maddələrində qeyd edilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir; -743.1-743.2-ci maddələrinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 746.1-ci maddəsindən görsənir ki, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür; - 746.2-ci maddəsinin mahiyyətinə əsasən Məcəllənin istehlak krediti müqaviləsinə dair paraqrafının müddəaları daşınmaz əmlaka dair hüquqların əldə edilməsi ilə bağlı və ya daşınmaz əmlakın ipotekası ilə təmin edilən kredit müqavilələrinə; kredit müqaviləsinin bağlandığı anda məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğindən aşağı və ya həmin məbləğin 300 (üç yüz) mislindən çox olan müqavilələrə; 90 (doxsan) gün müddətinədək bank hesabının kreditləşdirilməsinə; kredit ittifaqlarının öz üzvlərinə verdiyi kreditlər üzrə müqavilələrə; Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq kreditlərin verilməsi fəaliyyətini həyata keçirən borcverənin öz işçilərinə verdiyi kreditlər üzrə müqavilələrə; investisiya xidmətlərini həyata keçirən təşkilatlar tərəfindən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə onların həyata keçirdiyi əqdlərin bağlanması üçün verilən kreditlər üzrə müqavilələrə; məhkəmə və ya mediasiya vasitəsilə bağlanan barışıq sazişinə əsasən bağlanmış kredit müqavilələrinə; kredit borcunun və digər ödənişlərin yeni müddətə ödənilməsini nəzərdə tutan və faizsiz müəyyən edilən restrukturizasiya müqavilələrinə; öhdəliyin icrası borcverənin sahibliyinə verilən əşya ilə təmin edilən və istehlakçının öhdəliyinin yalnız həmin əşya ilə məhdudlaşmasını nəzərdə tutan kreditlər üzrə müqavilələrə şamil edilmir; - 746-2.1-ci maddəsinə görə istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir; - 746-6.1-ci maddəsində qeyd edilir ki, müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə etməsi; müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərməsinin birinin mövcudluğu ilə şərtləndirilir. Tərəflər arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli əlaqəli istehlak krediti müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilədən görünür ki, tərəflər iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -1.1-1.3-cü bəndlərinə əsasən kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 1269 (bir min iki yüz altmış doqquz) manat məbləğində 12 (on iki) ay müddətinə istehlak krediti verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit borcalana "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş qaimədə göstərilmiş Gazer TV55-FN1 markalı televizoru 1269 (bir min iki yüz altmış doqquz) manat nağd qiymətə alınmasını maliyyələşdirmək məqsədi ilə verilir; -2.1-ci bəndinə görə kreditin istifadəsinə görə borcalan illik 0 (Sıfır tam yüzdə 00) faiz ödəyir. Əsas borcun üzərinə gecikdirilən günlər üçün də faiz hesablanır. Kredit öhdəlikləri lazımi qaydada və vaxtında icra edilmədiyi halda, kredit müqaviləsində göstərilən faizlər kredit müddəti bitdikdən sonra da hesablanır; -3.1.1, 3.1.2-ci bəndində göstərilir ki, kredit verənin tələb etdiyi şəxslər tərəfindən birgə məsuliyyət müəyyən edən zaminlik müqavilələri bağlandıqdan və bu Müqavilə ilə alınması maliyyələşdirilən əşya borcalanın sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən sənədin kredit verənə təqdim edilməsindən sonra krediti bu Müqavilənin 1.3-cü bəndində göstərilən şəxsin AZ98PAHA40060AZNHC********** bank hesabına köçürməklə verir. Kredit verən borcalan tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirir və bunu borcalandan tələb edir; -3.1.4-cü bəndinin tələbinə əsasən kredit verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə nəticələnə bilən hallardaborcalan vaxtı çatmış borcun (faizlər və/və ya haqqlar daxil olmaqla) ödəniş cədvəlində göstərilən tarixdən hesablanmaqla davam edən 90 (doxsan) təqvim günü ərzində tam ödəməməklə gecikdirdikdə; borcalan tərəfindən vaxtı çatmış aylıq ödənişlərin (faizlər və ya haqlar daxil olmaqla) ardıcıl olaraq 2 (iki) dəfədən çox ödəməməklə 90 (doxsan) gündən az olmamaqla) gecikdirildikdə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər; - 3.4-cü bəndində qeyd edilir ki, borcalan istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən kredit verənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır; -6.3-cü bəndinə görə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu müqavilə üzrə öhdəlikərinı tam yerinə yetirənədək qüvvədə qalır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 05 fevral 2024-cü ildən başlamaqla 05 fevral 2025-ci ilədək hər ay 106 (bir yüz altı) manat, sonuncu ay isə 103 (bir yüz üç) manat ödəməli olması aydın olur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, 01/11 nömrəli Əməkdaşlıq müqaviləsinin; -2.1-ci bəndinə əsasən müqavilənin predmetini, satıcının satılan mallarının (işlərin və xidmətlərin) (bundan sonra «Mal») əldə edilməsi üçün "xxxx" tərəfindən fiziki şəxslərə (bundan sonra «Kredit alana) (əlaqəli istehlak krediti (bundan sonra «Layihə») çərçivəsində kreditlərin verilməsi ilə əlaqədar "xxxx" və Satıcı arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir; -3.1-3.3-cü bəndəlinə görə müqavilə üzrə tərəflər arasında aparılacaq ödənişlər (gecikmədə olan kreditin qaytarılması, mükafat, dəbbə pulu və s) və kredit məbləğinin köçürülməsi qarşılıqlı hesablaşma qaydasında həyata keçirilir. "xxxx" kredit məbləğini Satıcının Paşabank ASC-də olan AZ98PAHA40060AZNHC********** saylı hesablaşma hesabına bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş mükafat məbləği çıxılmaqla köçürür. Satıcı bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş mükafat məbləğini "BOKT”a ödəməlidir; - 4.1.1-ci bəndindən görünür ki, daxil olmuş müraciətlərə daxili qaydalara uyğun olaraq baxmaq və "xxxx"un tələblərinə cavab verən kredit alana kredit vermək "xxxx"un vəzifəsidir; - 4.4.1, 4.4.2 və 4.4.4-cü bəndlərin mahiyyətinə əsasən kreditlə mal almaq istəyən şəxsi "xxxx"a yönəltmək; malın kredit alana çatdırılması və ya təhvil verilməsi ilə bağlı təhvil-təslim aktının surətini satış baş tutan gün e-poçt (Elektron ünvan ) ünvanına, əslini isə “Üzləşmə Aktı” imzalanan gün "xxxx"a təqdim etmək; Üzləşmə Aktı hər həftənin birinci iş günü "xxxx"un mühasibi tərəfindən tərtib edilərək hər iki tərəfə imzalamağa təqdim etmək satıcının vəzifəsidir. Yuxarıda qeyd edilən müqavilələrdən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcıya təqdim edilmiş qaimədə göstərilmiş malın Cavabdeh alınmasını maliyyələşdirmək məqsədi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilədə nəzərdə tutulmuş kredit məbləğini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ98PAHA40060AZNHC********** bank hesabına köçürməsi, cavabdehin isə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi malın dəyəri üçün iddiaçı tərəfindən ona verilmiş kredit məbləğini 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməməsi 12 fevral 2024-cü il tarixli üzləşmə aktı, həmçinin kredit məbləğinin köçürülməsi barədə hesabdan çıxarışla sübuta yetirilir. Həmçinin məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 746-6.2ci və 746-6.3-cü maddələrinə əsasən əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar istehlakçıya verilmədikdə (xidmətlər göstərilmədikdə), qismən verildikdə (xidmətlər qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasını dayandırmaq və ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ vardır. İstehlakçı bu hüquqlarını yalnız alqı-satqı (xidmət) müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair satıcıya (xidmət göstərənə) müraciət etdikdə və bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq alqı-satqı (xidmət) müqaviləsinin şərtləri yerinə yetirilməmədikdə; alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə ki, istehlakçı borcverənə malların lazımi keyfiyyətdə olmaması barədə müraciət etdikdə; alqı-satqı (xidmət) müqaviləsinə satıcı (xidmət göstərən) tərəfindən malların verilməməsi (xidmətlərin göstərilməməsi) səbəbindən xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında aldıqlarını qaytardıqda həyata keçirə bilər. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi və ya sonuncu qeyd edilən maddi hüquq normasında göstərilən əsasların mövcud olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 25 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan və 794220 nömrəli yol qaiməsindən məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdeh müqavilə şərtlərini lazımınca icra etmədiyindən, müqavilə üzrə yaranmış borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 01 iyul 2024-cü il tarixədək müddət təyin edilmişdi. Hazırda tərəflər arasında bağlanmış müqavilənin müddəti bitmədiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.5-ci maddəsinin mahiyyətinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: - borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixli, BAKU1-82418- 24630 nömrəli kredit müqaviləsinin 4-cü bölməsindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 04 sentyabr 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 211 (iki yüz on bir) manat ödəniş etməsi və həmin ödənişin 148.46 (bir yüz qırx səkkiz manat, qırx altı qəpik) manat hissəsinin əsas borc məbləğinə aid olması qeyd edilir. Ümumi kredit məbləği ilə ödəniş edilmiş məbləğ arasındakı fərqdən cavabdehin iddiaçıya 1120.54 (bir min bir yüz iyirmi manat, əlli dörd qəpik) manat əsas borcunun olması aydın olur (1269- 148.46=1120.54). İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndindən aydın olur ki, borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1 faizi (bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 04 sentyabr 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 30 (otuz) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Cərimənin məbləğini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formalaşdırdığı mövqe ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksək deyil. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan cərimə borcunun tutulması tələbi də əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 32.40 (otuz iki manat, qırx qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilə üzrə 1120.54 (bir min bir yüz iyirmi manat, əlli dörd qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1150.54 (bir min bir yüz əlli manat, əlli dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -həmçinin 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, BAKU1-82418-24630 nömrəli müqavilə üzrə 1120.54 (bir min bir yüz iyirmi manat, əlli dörd qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1150.54 (bir min bir yüz əlli manat, əlli dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Həmçinin 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar