Məhkəmə qərarları › İş №e-2(079)-617/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-617/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-617/2023 05.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 01 noyabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2235.34 AZN əsas, 119.77 AZN faiz olmaqla cəmi 2355.11 AZN pul vəsaitinin və 43.55 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, RGRR9326336A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 12 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 3000 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2235.34 AZN əsas; 119.77 AZN faiz olmaqla, cəmi 2355.11 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, RGRR9326336A299 saylı kredit müqaviləsi sənədlər mübadiləsi yolu ilə bağlanmışdır. Belə ki, Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, müqavilənin bağlanması təklifi razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını özündə ehtiva etmişdir. Müqavilə sənədlər mübadiləsi yolu ilə imzalanmışdır. Lazımi qaydada məlumatlandırılmış cavabdeh bununla bağlı hər hansı bir etiraz irəli sürməmişdir. Beləliklə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 3000 AZN (üç min manat) məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman birdəfəlik 0.00 AZN xidmət haqqı ödəməyi və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilir. Kredit borcalana gündəlik tələbat məqsədilə və 12 ay müddətinə verilir. Borcalan illik 14% (Faktiki illik faiz dərəcəsi 14.04%) ödəyir. - müqavilənin 2.1-ci bəndinə əsasən Bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100E**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açılır. - müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi (cari hesabına köçürüldüyü) gündən qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.5-ci ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödəniş(lər)dən artıq ödənişin edilməsi Bank tərəfindən Müştərinin əvvəlcədən ödəniş etmək istəyi kimi qəbul edilərək, artıq ödənilmiş məbləğ hesabına bu Müqavilənin 1.1.8-ci yarımbəndində nəzərdə tutulmuş ardıcıllıqla Müştərinin borcları silinir. Bu zaman Bank, ödəniş qrafikinə uyğun şəkildə əsas borc üzrə ödənişlərin tam icra olunduğu aylar üzrə Müştəriyə möhlət verir, yəni həmin müddətdə Müştəri tərəfindən hər hansı ödəniş edilməyə bilər. Möhlət müddəti ərzində Bank tərəfindən qalıq borc məbləğinə faizlər hesablanır. Möhlət müddəti bitdikdən sonra, ödəniş qrafiki ilə müəyyən olunmuş ilk ödəniş tarixindən etibarən müvafiq ay(lar) üzrə hesablanmış məbləğdə ödəniş edilir. Müştəri möhlət müddəti ərzində yenidən ödəniş etdikdə, bu bənd üzrə müəyyən edilmiş qayda tətbiq edilir. Bu, Bankın hüququdur, vəzifəsi deyildir. - 2.10-cu bəndinə əsasən Bu Müqavilə imzalandığı andan Müştəri ilə Bank arasında bağlanmış aşağıdakı müqavilə(lər) üzrə ödənilməmiş ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) bu Müqavilə üzrə Müştəriyə verilmiş kredit vəsaiti hesabına və Bank tərəfindən Müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilir, bununla da Tərəflərin qarşılıqlı razılığı ilə həmin müqavilə(lər)yə xitam verilir: 2.10.1-ci bəndinə əsasən xx.xx.2022ci il tarixli, GTKR8829867A299 saylı kredit müqaviləsi üzrə 2767.88 manat qalıq borc; - 3.2.1, 3.2.2, 3.2.3-cü bəndlərinə əsasən borcalan kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər, bank bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borclan 10 (on) iş günü müddətində qaytarmalıdır, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0,6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); -5.2-ci bəndin tələbinə görə bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. -5.3-cü bəndinə əsasən bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktları ilə tənzimlənir.; - 5.4-cü bəndinə əsasən X1 imzalandığı gündən qüvvəyə minir və Tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər - 5.7-ci bəndinə görə tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edüən mobil nömrələrinə, ünvanlarına sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə büməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrələrində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş qrafikindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 12 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 269.36 manat, sonuncu ay isə 270.04 manat məbləğində ödənişi həyata keçirməkdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kredit hesabından çıxarışdan kreditin cavabdeh tərəfindən istifadə edildiyi, öhdəliyin isə lazımi qaydada icra edilmədiyi məlum olur. Bank tərəfindən borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, 14 iyul 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 14 faiz hesablanmaqla, 3000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 2905.83 manat məbləğində ümumi borc, gecikmə günü 130 gün olmaqla 1102.18 manat məbləğində gecikmə yaranmış, gecikmə borcunun ödənilməsi 5 (beş) təqvim günü ərzində təmin edilmədiyi halda tədbirlər görüləcəyi barədə olunmuşdur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh məxsus xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə çıxarışdan 147 gecikmə günü, 1296.95 manat gecikmə məbləği olmaqla 2235.34 (iki min iki yüz otuz beş manat otuz dörd qəpik) manat əsas, 119.77 (bir yüz on doqquz manat yetmiş yeddi qəpik) manat faiz borcunun qaldığı bəlli olur. Sözügedən hesabdan çıxarış kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, RGRR9326336A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə iddiaçıya 2235.34 manat əsas, 119.77 manat faiz borcunun olması 15/6034 nömrəli, xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından aydın olur. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və maliyyə arayışı borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, RGRR9326336A299 saylı kredit müqaviləsinə əsasən 2235.34 (iki min iki yüz otuz beş manat otuz dörd qəpik) AZN əsas, 119.77 (bir yüz on doqquz manat yetmiş yeddi qəpik) AZN faiz borcu olmaqla cəmi 2355.11 (iki min üç yüz əlli beş manat on bir qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 43.55 (qırx üç manat əlli beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, RGRR9326336A299 saylı kredit müqaviləsinə əsasən 2235.34 (iki min iki yüz otuz beş manat otuz dörd qəpik) AZN əsas, 119.77 (bir yüz on doqquz manat yetmiş yeddi qəpik) AZN faiz borcu olmaqla, cəmi 2355.11 (iki min üç yüz əlli beş manat on bir qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 43.55 (qırx üç manat əlli beş qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar