Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-64/2024 12.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “18” dekabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 2000 (iki min) manat əsas borc, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə isə 3290 (üç min iki yüz doxsan) manat borc və 52.90 (əlli iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh ndan alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh Qulam oğlu ilə 24 may 2023-ci il tarixdə 69 nömrəli və 12 iyul 2023-cü il tarixdə 290 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlamışıq. O, 24 may 2023-ci il tarixli, 69 nömrəli müqaviləyə əsəsən “Samsung Galaxy A34” markalı telefonu 12 aylıq kreditlə 990 (doqquz yüz doxsan) manata almış və hazırkı vaxtadək cavabdeh tərəfindən heç nə ödənilməmişdir. Bundan əlavə 12 iyul 2023-cü il tarixli, 290 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh Qulam oğlu “İphone 14” markalı telefonu 12 aylıq kreditlə 2450 (iki min dörd yüz əlli) manat dəyərində almış, ilkin ödəniş də daxil olmaqla 450 (dörd yüz əlli) manat ödəmiş, hazırda qalan 2000 (iki min) manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı ona tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Onu da qeyd edim ki, mən Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd edilən 24 may 2023-ci il tarixli, 69 nömrəli müqaviləyə əsəsən yaranan borcu 990 (doqquz yüz doxsan) manat, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqaviləyə əsasən yaranan borcu 2000 (iki min) manat olmuşdur. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, 24 may 2023-cü il tarixli, 69 nömrəli müqaviləyə görə 100 (bir yüz) manat, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqaviləyə görə 200 (iki yüz) manat, ümumilikdə iki müqavilə üzrə 300 (üç yüz )manat peniya və 52.90 (əlli iki manat, doxsan qəpik) manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 18 dekabr 2023-cü il tarixli məktubu ilə onun qeydiyyatda olduğu ünvanına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 22 dekabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 24 may 2023-cü il tarixli, 69 nömrəli və 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilələrə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli, 69 nömrəli və 12 iyul 2023-cü il tarixli, 290 nömrəli alqı-satqı müqavilələri üzrə onlar aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilələrin: - 1.1-ci bəndlərinə əsasən satıcı alıcıya 990 (doqquz yüz doxsan) manat dəyərində “Samsung Galaxy A34” markalı (24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə), 2450 (iki min dörd yüz əlli) manat dəyərində “İphone 14” markalı (12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə) mobil telefonları satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir; - 2.1-ci bəndlərindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur: - 2.2.1-ci bəndlərinə görə sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək satıcının vəzifəsidir. Həmçinin həmin bəndlə müəyyən edilir ki, alıcı malların təhvili zaman hər hansı çatışmazlıq aşkar edərsə, bu barədə satıcını dərhal, lakin bütün hallarda maksimum 24 saat ərzində məlumatlandırır, bu müddətdən sonra alıcı tərəfindən malın keyfiyyətinə dair iddialar əsassız hesab edilir; - 2.4.1-ci bəndlər ilə müəyyən edilir ki, telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini bu müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtında və tam şəkildə ödəmək alıcının vəzifəsidir; - 3.1-ci bəndlərinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə malın dəyərinin ümumilikdə 990 (doqquz yüz doxsan) manat hissəsini müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəyini, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə isə malın dəyərinin ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat olduğunu, həmin müqavilə üzrə ümumi məbləğin 450 (dörd yüz əlli) manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 2000 (iki min) manat ödənilməmiş hissəsini müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəyini öhdəsinə götürür; - 4.1-ci bəndlərində qeyd edilir ki, alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdə satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş edilmədikdə, borc məbləğinin alınması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələr vasitəsilə həyata keçirilir; - 5.2-ci bəndlərin tələbinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqaviləyə dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edilir və tərəflərin imzaları ilə təsdiq edildikdə qüvvəyə minir. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavələrdən isə görünür ki, alıcı İddiaçı; - 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 25 iyun 2023-cü ildən başlayaraq 25 may 2024-cü il tarixədək hər ay 62.50 (altmış iki manat, əlli qəpik) manat; -12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 21 avqust 2023-cü ildən başlayaraq 10 iyul 2024-cü il tarixədək hər ay 166.66 (bir yüz altmış altı manat, altmış altı qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış razılaşmalardan o da aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 24 may 2023-cü il tarixli və 12 iyul 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə sifarişli poçt göndərişinin qəbzindən Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsindən və ona əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli arayışdan, həmçinin işdə olan müqavilələrdən aydın olur ki, Cavabdeh 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə ödəniş etməmiş,12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə isə 450 (dörd yüz əlli) manat ödəniş etmişdi. Hazırda isə onun əsas borc üzrə iddiaçıya 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat və 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 2000 (iki min) manat ödənilməmiş əsas öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin: - 2.4 və 2.4.2-ci bəndlərinə əsasən müqavilə üzrə razılaşdırılmış son günədək aylıq ödəniş həyata keçirilmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək alıcının vəzifəsidir; - 3.3-cü bəndinə görə kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, iddia ərizəsində Cavabdeh 24 may 2023cü il tarixli, 69 nömrəli müqavilə üzrə cərimə borcunun 100 (bir yüz) manat, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli üzrə isə 200 (iki yüz) manat olması qeyd edilir Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə cavabdehdən 990 (doqquz yüz doxsan) manat əsas, 100 (bir yüz) manat cərimə borcu, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli üzrə 2000 (iki min) manat əsas, 200 (iki yüz) manat cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, iddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borcdan tənasübsüz (əsas borcun 10 faizi) şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, Cavabdeh 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 59 (əlli doqquz) manat, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 120 (bir yüz iyirmi) manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. İş materiallarından görünür ki, cavabdeh müqavilələr bağlandıqdan sonra ilkin ödəniş istisna olmaqla, öhdəliklərini ümumiyyətlə icra etmir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində alıcının aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdə satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilməsi, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş edilmədikdə, borc məbləğinin alınması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələr vasitəsilə həyata keçirilməsi olması qeyd edilsə də, iddiaçı keçən müddət ərzində hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə tərəfindən iddiaçının tələbini qismən əsaslı saydığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 52.90 (əlli iki manat, doxsan qəpik) manat dövlət rüsumunun 50,97 (əlli manat, doxsan yeddi qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat əsas və 59 (əlli doqquz) manat cərimə borcu, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 2000 (iki min) manat əsas, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 3169 (üç min bir yüz altmış doqquz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 50,97 (əlli manat, doxsan yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli, 69 nömrəli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat əsas və 59 (əlli doqquz) manat cərimə borcu, 12 iyul 2023-cü il tarixli, 290 nömrəli müqavilə üzrə 2000 (iki min) manat əsas, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 3169 (üç min bir yüz altmış doqquz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 50,97 (əlli manat, doxsan yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-64/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-64/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver