Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-641/2023 22.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “22” noyabr 2023-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli «Borcun restrukturizasiyasına dair müqavilə» üzrə Cavabdeh 12 oktyabr 2023-cü il tarixə banka borclu olduğu 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat məbləğində əsas, 82.13 (səksən iki manat, on üç qəpik) manat məbləğində faiz, 15,75 (on beş manat, yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2920.44 (iki min doqquz yüz iyirmi manat, qırx dörd qəpik) manat məbləğində borcun və 49.20 (qırx doqquz manat, iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən kredit alanın banka 06 aprel 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq 04 oktyabr 2022-ci il tarixli, 356483-CNS-39395 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat məbləğində kredit verilmişdi. 12 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 07 avqust 2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat əsas, 82.13 (səksən iki manat, on üç qəpik) manat faiz, 15,75 (on beş manat, yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə isə 2920.44 (iki min doqquz yüz iyirmi manat, qırx dörd qəpik) manat məbləğində borcu qalmışdır. Borcluya 12 oktyabr 2023-cü il tarixə yaranmış borcu barədə 12 oktyabr 2023-cü il tarixli, 5910 P saylı pretenziya məktubu göndərilmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formqaydasındaasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. İddiaçının ərizəsinin surəti məhkəmənin 22 noyabr 2023-cü il tarixli məhkəmə bildirişi ilə Cavabdeh rəsmi qaydada təqdim edilmişdi. Belə ki, ona göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483- CNS-44084 nömrəli müqaviləyə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli müqavilədən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - müqəddimə hissəsindən görünür ki, 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli müqavilə Cavabdeh banka olan kredit borcunun restrukturizasiya olunması məqsədi ilə bağlanılır; - 2.1-2.4-cü bəndlərindən Cavabdeh 06 aprel 2023-cü il tarixə banka olan borcunun kapitallaşdırılaraq 04 oktyabr 2022-ci il tarixli, 356483-CNS-39395 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə ona illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat məbləğində kredit verilir; - 2.7, 2.9 və 2.10-cu bəndlərinə əsasən bank kredit alana müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə və 2.3-cü bəndində göstərilən müddətə kredit məbləği ayırmağı kredit alan isə krediti, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faiz ödəməyi öhdəsinə götürür. Kredit, bu müqavilə ilə müəyyən olunan şərtlər kredit alan tərəfindən icra edildikdən sonra bank tərəfindən kredit alanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu kredit alanın müvafiq ssuda hesabında aparılır. Ödəniş cədvəlində və pul öhdəliyinin vaxtından əvvəl icrasına dair bu müqavilə ilə müəyyən edilən pretenziyada (bildirişdə) müəyyən edilən müddətlərdə kredit müddətində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesablarında əks etdirilir; - 4.1 - 4.3-cü bəndlərinə görə kredit müddətinin axımı kredit alanın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü bitir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər ödəniş cədvəlinə (Əlavə 1) əsasən kredit alanın bankdakı cari hesabına nağd mədaxil edilməklə və ya köçürülməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddəti ərzində tamamən qaytarılır. Əgər ödəniş günü qeyri-iş gününə düşürsə, kredit alan ödənişi növbəti iş günü həyata keçirir və bu halda aylıq ödəniş məbləği yenidən hesablana bilər. Ödəniş verilmiş kreditin valyutasında həyata keçirilir; -5.1 və 5.1.2-ci bəndləri ilə müəyyən edilir ki, müqavilədə nəzərdə tutulan hallarda və qaydada müqaviləni ləğv etməsi və kreditin dərhal qaytarılmasını tələb etməsi bankın hüququdur; -5.4.2-ci bəndində qeyd edilir ki, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti bank qaytarmaq və faizləri ödəmək kredit alanın vəzifəsidir; -6.1, 6.1.3 və 6.1.4-cü bəndələrin tələbindən görünür ki, ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, kredit alan müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank, pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edilə bilər; -7.1-ci və 12.7-ci bəndlərinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəlilərin banka tam icra olunduğu andan qüvvədən düşür; -12.2-ci bəndində qeyd edilir ki, hazırki müqavilə üzrə tərtib olunan yeni ödəniş cədvəli əvvəlki ödəniş cədvəlinin qüvvədən düşməsinə səbəb olur; -13.1-ci bəndinə görə müqavilə ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikası qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası məhkəmələri vasitəsilə həll ediləcək. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh kredit məbləğini 08 may 2023-cü ildən başlamaqla 06 mart 2028-ci ilədək hər ay 74,48 (yetmiş dörd manat, qırx səkkiz qəpik) manat, sonuncu ay isə 54.90 (əlli dörd manat, doxsan qəpik) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliyin icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 04 oktyabr 2022-ci il tarixli, ********* nömrəli kassa məxaric orderi, 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli müqavilə və 01 noyabr 2023-cü il tarixə olan Cavabdeh məxsus hesabdan çıxarışla öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06 aprel 2023-cü il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim ediməmişdi. İddia ərizəsinə əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli, 5910P nömrəli pretenziya məktubundan isə Cavabdeh iddiaçı ilə arasında bağladığı 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməməsi, bank tərəfindən öhdəliyin icrası üçün ona 3 günlük müddət təyin edilməsi müəyyən edilir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun və ona hesablanmış faiz borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli kredit müqaviləsinin 9-cu bölməsindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdi. Borcun miqdarına gəldikdə iddia ərizəsinə əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli müqavilə üzrə iddiaçıya 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat əsas və 82.13 (səksən iki manat, on üç qəpik) manat faiz borcu mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimə borcunun ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə borcunu ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimə borcunun ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilənin 9.2ci bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimə borcunun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 12 oktyabr 2023-cü il tarixli maliyyə arayışında cavabdehin cərimə borcunun 15,75 (on beş manat, yetmiş beş qəpik) manat olması öz əksini tapıb. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 49.20 (qırx doqquz manat, iyirmi qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli «Borcun restrukturizasiyasına dair müqavilə» üzrə 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat məbləğində əsas, 82.13 (səksən iki manat, on üç qəpik) manat məbləğində faiz və 15,75 (on beş manat, yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2920.44 (iki min doqquz yüz iyirmi manat, qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 49.20 (qırx doqquz manat, iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 356483-CNS-44084 nömrəli «Borcun restrukturizasiyasına dair müqavilə» üzrə 2822,56 (iki min səkkiz yüz iyirmi iki manat, əlli altı qəpik) manat məbləğində əsas, 82.13 (səksən iki manat, on üç qəpik) manat məbləğində faiz və 15,75 (on beş manat, yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2920.44 (iki min doqquz yüz iyirmi manat, qırx dörd qəpik) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 49.20 (qırx doqquz manat, iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-641/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-641/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver