Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-645/2024 05.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: Nümayəndə “30” sentyabr 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 680 (altı yüz səksən) manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 70 manatın, nəticə etibarı ilə ümumilikdə 750 (yeddi yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı beş qardaş kombinin satıcısı, Nümayəndə qaytarılması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, beş qardaş kombinin satıcısı, mən Nümayəndə Cavabdeh ilə 21 fevral 2021-ci il tarixində 104 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 21 fevral 2021-ci il tarixində 104 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh Kombi və hissələrini 2 aylıq kreditlə 980 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 300 manat ödənilmiş, lakin hazırda qalan 680 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də, həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən Nümayəndə kombi və hissələrinin satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin kombi və hissələri satılsaydı mən Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Abbasov X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilədən yaranan 680 manat əsas borcu vardır. Bundan əlavə, müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 70 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Şəkərabad kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin “01” oktyabr 2024-cü il tarixli məktubu ilə onun qeydiyyatda olduğu ünvanına Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddia tələbinin hüquqi həlli ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə onun arasında bağlanmış 21 fevral 2021-ci il tarixli, 104 nömrəli alqı-satqı müqaviləsi ilə əsaslandırdığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Cavabdeh ilə Nümayəndə arasında bağlanmış 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilədən tərəflərin iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1-ci bəndində satıcı bu müqaviləyə əsasən alıcının mülküyyətinə Kombi dəsti kredit -satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-1" də Mallar" ın təsvir, növ, markası, göndərmə şərti və tarixi, digər əlamətləri cədvəldə verilmişdir; - 3-cü bəndində alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhtəsinə götürür; - 4-cü bəndində alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcimində peniya hesablanır. Müqavilənin protokol hissəsində müqavilənin ümumi dəyəri 980 (doqquz yüz səksən) manat təşkil edir, alıcı 2 ay müddətinə kreditlə alır. Alınan malın 300 (üç yüz)manat nəğd qaydada qalan borcu 680 (altı yüz səksən) manatı 21 mart 2021-ci ildən başlayaraq aylıq 340 (üç yüz qırx) manat ödəməyi öhdəsinə götürür. 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilənin 1 nömrəli əlavəsindən alıcının malı təhvil aldığı aydın olur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsidən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqaviləyə 1 nömrəli əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən ona göndərilmiş 04 avqust 2024-cü il tarixli onun tərəfindən qəbul edilən xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə sifarişli poçt göndərişinin qəbzindən Cavabdeh müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, kredit-satış müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddi hüquq normasının tələbindən görünür ki, öhdəliyin icrası üsulunu seçmək satıcıya məxsusdur. İddiaçı isə Cavabdeh ona satdığı əşyanın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əsas borcun geri qaytarılması tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilənin 5-ci bəndindən aydın olur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 20 sentyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd edilir ki, Nümayəndə 680 (altı yüz səksən) manat borcu var. Bundan əlavə, gecikdirilmiş peniya pulu olan 70 manat, ümumilikdə 750 (yeddi yüz əlli) manat borcu olduğu göstərilir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini təfərlərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. «İnternet - 2007” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 220 nömrəli müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 2 - ödəniş cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, alıcı müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 (beş) faiz həcmində peniya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilə üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 70 (yetmiş) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilə üzrə 680 (altı yüz səksən) manat əsas və 34 (otuz dörd) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 714 (yeddi yüz on dörd) manat məbləğində pul Cavabdeh alınaraq Nümayəndə verilməli; - həmçinin 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq Nümayəndə ödənilməli; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-230, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 21 fevral 2021-ci il tarixində 104 nömrəli müqavilə üzrə 680 (altı yüz səksən) manat əsas və 34 (otuz dörd) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 714 (yeddi yüz on dörd) manat məbləğində pul Cavabdeh alınaraq Nümayəndə verilsin. Həmçinin 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq Nümayəndə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-645/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-645/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver