Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-647/2024 07.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “28” iyul 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Mustafayeva (Muradova) Qismət Şahin qızından müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 5 199.00 manat əsas borc, 454.78 manat cari faiz borcu və 459.47 manat cari dəbbə borcu olmaqla, cəmi 6 113.25 manat kredit borcunun və 82.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli GARA-36509-4587 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 25% faizlə 24 ay müddətinə 6 000.00 (altı min) manat kredit verilmiş və kreditin aylıq 320.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Mustafayeva (Muradova) Qismət Şahin qızı arasında 19 yanvar 2024-cü il tarixli GARA- 36509- 4587+GARA-36603 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 sentyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 5 199.00 manat əsas borc, 454.78 manat cari faiz borcu və 459.47 manat cari dəbbə borcu olmaqla, cəmi 6 113.25 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə 29 oktyabr 2024-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini tam müdafiə etdiklərini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 19 yanvar 2024-cü il tarixli, GARA-36509-4587 nömrəli kredit, Cavabdeh2 ilə isə eyni tarixli, GARA-36509-4587+GARA-36603 nömrəli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan illik 17 faizlə 36 ay müddətində 10000 (on min) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən bankın Cavabdeh1 illik 17 faizlə 36 ay müddətində 10000 manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587+GARA- 36603 nömrəli zaminlik müqaviləsindən isə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan əsas öhdəliyinin icrasının təminatı üsulu kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdeh1 və Cavabdeh2 19 yanvar 2024ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını tələb edir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, iddiaçının tələbini əsaslandıran hallar məhkəmə araşdırılmış sübutlarla öz təsdiqini tapdığından, onun tələbi təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş, məhkəmədə tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə iddiaçının tələbinin hüquqi həllinə keçməzdən öncə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərinə görə “Kredit verən” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalan”a 6.000,00 (Altı min manat 00 qəpik) AZN (Azərbaycan Manatı) manat (AZN) məbləğində 24 (İyirmi dörd) ay müddətinə istehlak krediti verir, “Borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit “Borcalan”a şəxsi istehlak, Turan Bankda olan 3000 AZN, Kontakt Homedə olan 1765 AZN-lik kreditlərin bağlanması və şəxsi istifadə məqsədi ilə verilir. Bu müqavilə üzrə “Borcalan”ın öhdəliklərinin icrasının təminatı “Kredit verən”in tələb etdiyi X2 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA2358052) şəxslər tərəfindən birgə məsuliyyət müəyyən edən Zaminlik müqaviləsinin imzalanmasıdır. - 2.1, 2.2, 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən kreditin istifadəsinə görə “Borcalan” illik 25% (İyirmi beş tam yüzdə 00) ödəyir. Əsas borcun üzərinə gecikdirilən günlər üçün də faiz hesablanır. Kredit müqaviləsində göstərilən faizlər kredit müddəti bitdikdən sonra da hesablanır, bu şərtlə ki, kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməsin. “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən qaytarılan kredit vəsaiti ilk növbədə “Kredit verən”in xərclərinin, komissiyanın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimə, peniya), üçüncü növbədə əsas borca hesablanmış faizlərin və dördüncü növbədə əsas borc məbləğinin ödənilməsinə yönəldilir. Kreditin qaytarılması “Borcalan” tərəfindən bu müqavilənin 2.3-cii bəndinə əsasən tərəflər arasında yazılı tərtib olunmuş Ödəniş Cədvəli əsasında həyata keçirilir. Kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. Bu Müqavilə üzrə komissiya haqqı 72 ( Yetmiş iki manat 00 qəpik) manat təşkil edir. “Borcalan”ın götürdüyü kredit məbləğinə görə faktiki illik faiz dərəcəsi 26,32% (İyirmi altı tam yüzdə 32) yə bərabərdir. - 3.1.1-ci bəndinə əsasən “Kredit verən”in tələb etdiyi X2 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA2358052) şəxslər tərəfindən birgə məsuliyyət müəyyən edən Zaminlik müqaviləsi bağlandıqdan sonra krediti bu Müqavilədə göstərilən bank hesabına köçürməklə və ya "xxxx" ASC tərəfindən buraxılan və xüsusi Aktla “Borcalan”a təhvil verilən “İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart” vasitəsilə verir. - 3.1.4-cü bəndinə əsasən “Kredit verən” bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini “Borcalan”dan tələb edə bilər: - 3.1.4.1-ci bəndinə əsasən “Borcalan” vaxtı çatmış borcun (faizlər və/və ya haqqlar daxil olmaqla) ödəniş cədvəlində göstərilən tarixdən hesablanmaqla davam edən 90 (doxsan) təqvim günü ərzində tam ödəməməklə gecikdirdikdə; - 3.1.4.2-ci bəndinə əsasən “Borcalan” tərəfindən vaxtı çatmış aylıq ödənişlərin (faizlər və ya haqlar daxil olmaqla) ardıcıl olaraq 2 (iki) dəfədən çox ödəməməklə (90 (doxsan) gündən az olmamaqla) gecikdirildikdə; - 3.1.4.3-cü bəndinə əsasən “Borcalan”ın “Kredit verən” qarşısında olan digər kredit/zaminlik öhdəliklərini vaxtında və lazımi qaydada icra edə bilmədikdə; - 3.1.4.4-cü bəndinə əsasən “Borcalan” tərəfindən “Kredit verəıf’i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda, o cümlədən “Borcalan”ın özünün və/və ya “Zamin”in sahibkarlıq (təsərrüfat) fəaliyyəti, iqtisadi imkanları və bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına mənfi təsir edə biləcək digər faktlar (dövlət büdcəsinə ödənilməmiş borcları, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəlikləri, saxta sənədlərin təqdim edilməsi və s. ) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin (o cümlədən kredit alınması üçün müraciət formasında ifadə edilmiş məlumatlar da daxil olmaqla ) həqiqətə uyğun olmadığı aşkar olunduqda; - 3.1.4.5-ci bəndinə əsasən Bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş tələblər pozulduqda; - 3.1.4.6-cı bəndində əsasən “Borcalan”ın və/və ya “Zamin”in əmlak vəziyyətində və ya onun təşkilati-hüquqi və mülkiyyət formasında bu müqavilədən yaranan öhdəliklərin vaxtında və lazımi qaydada icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda “Kredit verən”in yazılı tələbi əsasında. - 3.1.4.7-ci bəndinə əsasən Kreditin məqsədli təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə oluıımadıqda. - 3.1.4.8-ci bəndinə əsasən Qanunda və müqavilədə öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ nəzərdə tutulmuş digər hallarda. - 3.2.1.1-ci bəndinə əsasən Kredit kart vasitəsilə verildikdə bu Müqavilə imzalandığı vaxtdan 1 (bir) saat ərzində kredit məbləğini nağdlaşdınrıalı və 72 manat komissiya haqqını “Kredit verən”ə ödəməlidir. Bu bənddə göstərilən vəsait 1 iş günü müddətində, bu Müqavilənin 4.4-cü bəndində qeyd edilən 100 (yüz manat) cərimə 1 iş günü müddətində ödənilməzsə, həmin məbləğ “Borcalan”ın birinci kredit ödənişindən çıxılır və “Borcalan” buna etiraz etmir; - 4.3-cü bəndinə əsasən “Borcalan” kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən “Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% (Bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 19 yanvar 2024-ci il tarixli hesab üzrə çıxarışdan öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 19 yanvar 2024-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə aydınlıq gətirməzdən öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı iddia tələbi həll edilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587+GARA-36603 nömrəli zaminlik müqaviləsində tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1.2-ci bəndinə görə Zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “KREDİTOR” ilə “BORCLU” arasında AR Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və “BORCLU”ya, anmıitet qaydada illik 25% (İyirmi beş tam yüzdə 00) faiz hesablanmaqla 24 (İyirmi dörd) ay müddətinə 6.000,00 (Altı min manat 00 qəpik) AZN (Azərbaycan Manatı) məbləğində kredit verilməsini nəzərdə tutan "xx.xx.2024” tarixdə bağlanmış "GARA-36509-4587" saylı kredit müqaviləsidir (bundan sonra kredit müqaviləsi adlandırılacaq). Zaminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər tərəflərin qarşılıqlı razılığı ilə hər təqvim ayının tarixlərinin birində həyata keçirilir və ödənişlərin məbləği verilmiş kreditin həmin ay üçün müəyyən edilmiş əsas məbləği və faizlərin cəmindən ibarət olur. - 2.1-ci bəndinə görə “ZAMİN” və “BORCLU” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilıııiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “KREDİTOR" qarşısında birgə məsuliyyət daşıyırlar. - 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4-cü bəndlərə görə “ZAMİN” “KREDİTOR” qarşısında əsas borcun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə qaytarılmamasına, faiz borcunun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsinə, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcunun (cərimə və peniya) və ya sığorta məbləğinin ödənilməməsinə, kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. - 3.1-ci bəndinə görə bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu Müqavilə üzrə iddia müddəti kreditin müddəti bitdiyi gündən hesablanmaqla üç il təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, Cavabdeh2 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsinin 4-cü bölməsindən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli, GARA-36509-4587 nömrəli maliyyə arayışında Cavabdeh1 26 sentyabr 2024-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5199.00 (beş min bir yüz doxsan doqquz manat, sıfır qəpik) manat əsas, 454.78 (dörd yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 459.47 (dörd yüz əlli doqquz manat, qırx yeddi qəpik) manat dəbbə borcu olması qeyd edilir. Həmin sənəddən o da müəyyən edilir ki, 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi üzrə cavabdeh əsas borcdan 801.00 (səkkiz yüz bir manat, sıfır qəpik) manat, faiz borcundan 479.42 (dörd yüz yetmiş doqquz manat, qırx iki qəpik) manat, dəbbə borcundan isə 5.58 (beş manat, əlli səkkiz qəpik) manat ödəniş edib. İddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin müqavilə üzrə ödəməli olduğu əsas borc 6,000 (altı min) manat, faiz borcu isə 1689.75 (bir min altı yüz səksən doqquz manat, yetmiş beş qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, o iki il müddətinə bağlanıb. İddiaçı isə müqavilə üzrə 01 avqust 2024-cü il tarixədək yaranmış əsas və faiz borcunu tələb edir. Həmçinin müqavilə şərtlərinə əsasən faizlər annuitet qaydada hesablanır. Məhkəmə qeyd edir ki, annuitet dedikdə kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər nəzərdə tutulur. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölünür ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Eyni zamanda annuitet ödəniş qrafiki ilə aparılan ödənişdə borclu krediti ödəməyə başlayanda ilk növbədə onun aylar üzrə ödənişləri kredit üzrə müəyyən edilmiş faizlərə yönəlir. Yəni annuitet ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində və ya illərində (müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (əsas kredit borcu) çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutları iddia tələbi ilə əlaqələndirdikdə məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlərə qarşı olan əsas və faiz borcunun ödənilməsi tələbini əsaslı sayır. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsinin 2-ci bölməsindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilən hər gün üçün geckdirlimiş əsas borcun 1(bir) faizi həddində dəbbə pulu heasblanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehlərə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, 26 sentyabr 2024-cü il tarixli, GARA-36509- 4587 nömrəli maliyyə arayışında göstərilir ki, cavabdehlərin 19 yanvar 2024-ci il tarixli, GARA- 36509-4587 nömrəli kredit müqaviləsi üzrə cərimə borcu 459.47 (dörd yüz əlli doqquz manat, qırx yeddi qəpik) manat təşkil edir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 82.40 (səksən iki manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi üzrə 5199.00 (beş min bir yüz doxsan doqquz manat, sıfır qəpik) manat əsas, 454.78 (dörd yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat faiz və 459.47 (dörd yüz əlli doqquz manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6113.25 (altı min bir yüz on üç manat, iyirmi beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -həmçinin 87.40 (səksən yeddi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 19 yanvar 2024-ci il tarixli, GARA-36509-4587 nömrəli kredit müqaviləsi üzrə 5199.00 (beş min bir yüz doxsan doqquz manat, sıfır qəpik) manat əsas, 454.78 (dörd yüz əlli dörd manat, yetmiş səkkiz qəpik) manat faiz və 459.47 (dörd yüz əlli doqquz manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6113.25 (altı min bir yüz on üç manat, iyirmi beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Həmçinin 87.40 (səksən yeddi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-647/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-647/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver