Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-655/2024 20.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit limit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 9657.91 manat məbləğində əsas kredit borcunun, 96.49 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 3.62 manat cərimə borcunun cəmi 9758.02 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 117.59 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 45180***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır.Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli 45FİZAM151068601 saylı, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli 45FİZAM151068701 zaminlik müqaviləsi bağlanmış və onlar, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 462.78 manat olmaqla hər ayın 15-dək ödənilmək şərti ilə) 16000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh1 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə 9657.91 manat məbləğində əsas kredit borcu, 96.49 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.62 manat cərimə borcu olmaqla, cəmi 9758.02 manat məbləğində borcu qalmaqdadır. Tələbin əsaslılığını təsdiq edən sənədlər: kredit razılaşması və ona əlavə(Sms bildiriş); zaminlik müqaviləsi; borc haqqında arayış; bank hesabından çıxarış. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsinin bağlanması, İddiaçı ASC tərəfindən kreditin verilməsi, cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 18 iyul 2022-ci il tarixli müqavilədən İddiaçı ASC ilə Cavabdeh2 arasında əsas kredit limit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limitinin verilməsi barədə razılıq əldə olunması; - 18 iyul 2022-ci il tarixli zaminlik müqaviləsindən İddiaçı ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsinin bağlanması; - 18 iyul 2022-ci il tarixli zaminlik müqaviləsindən İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması; - xəbərdarlıqdan və poçt xəbərnaməsindən İddiaçı ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinə əsasən bu razılaşmanın imzalanması ilə Kreditverən (Bank) borcalana 50000 (əlli min ) AZN məbləğdə 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir. - müqavilənin 2.1 və 2.4-cü bəndlərindən aydın olur ki, Kredit, Kreditverən tərəfindən Borcalanın 45-1510685-1 nömrəli cari hesabına köçürməklə veriləcəkdir və kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir; - müqavilənin 3.1-ci bəndindən aydın olur ki, borcalanın bu əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 Zülfəli qızı (Ş/V seriyası: AA*******, xx-xx-2022 X3 qrupu tərəfindən verilib), Cavabdeh1 Zülfəli oğlu (Ş/V seriyası: AA*******, xx-xx-2021 Naxçıvan DİN Səyyar tərəfindən verilib) ilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu əsas kredit limiti razılaşmasına əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. - müqavilənin 4.1.1-ci bəndindən aydın olur ki, 3 (üç) iş günü ərzində borcalan ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda, borcalanın əmlak vəziyyətində bu əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və/və ya bazarın mövcud vəziyyəti borcalanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda kreditverən bu əsas kredit limiti razılaşmasına birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. - müqavilənin 4.3-cü bəndindən aydın olur ki, verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə kreditverənə geri qaytarır. Borcalan Kreditverənə kreditin təhlili və sənədləşdirilməsinə görə alınmış kreditin min. 0 (sıfır) AZN - max. 3 (üç) % həcmində komissiya haqqı ödəyir. - müqavilənin 5.1-ci bəndinə əsasən bu əsas kredit limiti razılaşması imzalandığı andan qüvvəyə minir və bu əsas kredit limiti razılaşması üzrə borcalan tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Razılaşmanın hər hansı bir bəndinin etibarsız hesab edilməsi, razılaşmanın bütövlüklə etibarsızlığına səbəb olmur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış zaminlik müqavilələri ilə tərəflər razılığa gəlmişlər ki: - zaminlik müqavilələrinin 1.-ci bəndinin yarımbəndlərinə əsasən Kreditorun rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə borclu Cavabdeh2 45180***-*******02L saylı xx.xx.2022-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən 50 000 (əlli min) manat məbləğində, illik faiz dərəcəsi 29 (iyirmi doqquz) % -dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (xx.xx.2032-ci il tarixinədək) açılmış kredit limiti. Kredit limitinə əsasən kreditor borcluya onun ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərilməsi yolu ilə kredit verir. Tələb edilə biləcək borc: 50 000 (əlli min) manat kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. Zamin bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş limit çərçivəsində veriləcək kreditlərin digər valyutalarda (ABŞ dolları, Avro, RUBL və s.) da verilə bilinıəsini qəbul edir və öz razılığını bildirir. Zamin xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda zamin kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır. - zaminlik müqavilələrinin 2-ci bəndinin yarımbəndlərinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərəriıjı əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Zamin Borclunun Kreditor qarşısında olan öpdəliyini tam və ya qismən icra etdikdə, Kreditorin həmin öhdəlik üzrə hüquqları Zaminin Kreditorun tələbini ödədiyi həcmə müvafiq olaraq tam və ya qismən Zaminə keçir. - zaminlik müqavilələrinin 3-cü bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə mindiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. - zaminlik müqavilələrinin 5-ci bəndinə əsasən tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bu müqaviləyə Əlavə və dəyişikliklər tərəflərin qarşılıqlı razılıqlarına əsasən yazılı surətdə aparılır, tərəflərin imzasından sonra hüquqi qüvvəyə minir və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab edilir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminlərin də “Zaminlik müqavilələri” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdehlər tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilələrdən və pretenziya (xəbərdarlıq) məktublarından aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliklərini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehlərə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan 17 sentyabr 2024-cü il tarixinə cavabdehin 9657.91 manat (doqquz min altı yüz əlli yeddi manat, doxsan bir qəpik) əsas borc, 96.49 manat (doxsan altı manat, qırx doqquz qəpik) faiz borcu, 3.62 manat üç manat, altmış iki qəpik) cərimə borcu olmaqla, ümumilikdə 9758.02 manat (doqquz min yeddi yüz əlli səkkiz manat, iki qəpik) kredit borcu öhdəliyinin olduğu müəyyən olunur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan borcalana kredit limitinin ayrılması, həmin kreditin borcalan tərəfindən istifadə edilməsi və şəxsin borcunun qalması müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 27 sentyabr 2024-cü il tarixdə cavabdehə bütün qalıq borcun ödənilməsinə dair bildiriş göndərərək öhdəliyin lazımınca icrasını tələb etmiş və 9657.91 manat əsas, 91.89 manat faiz borcu, 2.57 manat cərimə borcu olmaqla cəmi 9752.37 manat borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. Müqavilənin müqavilənin 6-cı bəndinə əsasən Borcalan bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə tərəfindən qeyd edilir ki, pretenziyada qeyd edilən cərimə miqdarının azaldılmasına səbəb olacaq meyar mövcud deyildir. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 18 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 9657.91 manat (doqquz min altı yüz əlli yeddi manat, doxsan bir qəpik) əsas borc, 91.89 (doxsan bir manat, səksən doqquz qəpik) manat faiz borc, 3.62 manat (üç manat, altmış iki qəpik) cərimə borcu olmaqla, ümumilikdə 9753.42 (doqquz min yeddi yüz əlli üç manat, qırx iki qəpik) manat borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 117.53 (bir yüz on yeddi manat, əlli üç qəpik) miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 18 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 9657.91 manat (doqquz min altı yüz əlli yeddi manat, doxsan bir qəpik) əsas borc, 91.89 (doxsan bir manat, səksən doqquz qəpik) manat faiz borc, 3.62 manat (üç manat, altmış iki qəpik) cərimə borcu olmaqla, ümumilikdə 9753.42 (doqquz min yeddi yüz əlli üç manat, qırx iki qəpik) manat borc müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Zülfəli oğlundan, Cavabdeh2 və Cavabdeh3 117.53 (bir yüz on yeddi manat, əlli üç qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-655/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-655/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver