Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-667/2023 18.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə “15” dekabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. “X1” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmunu yuxarıda qeyd edilən prosessual normanın tələbləri daxilində yoxladıqda iddiaçının sözü gedən normaya əməl etməməsi müəyyən edilir. Belə ki, iddiaçı tələbində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısını və nümayəndəsinin telefon nömrəsini qeyd etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbindən isə görünür ki, həmin maddədə qeyd edilən məlumatların göstərilməsi imperativ qaydada müəyyən edilib. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan yazılı sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər ( Məsələn: müvafiq prosessual hərəkətin yerinə yetirilməsini təsdiq edən sənəd (dövlət rüsumunun ödənilməsi barədə qəbz)). Əks hal qarşı tərəfə göndərilməli olan sənədlərin dairəsinin müəyyən edilməsində çətinlik yarada bilər. Bunun məhkəmə tərəfindən müəyyən edilməsi isə qarşı tərəfin hüququnun pozulması və məhkəmənin qərəzsiz olmaq prinsipini pozmuş olar. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutları özündə əks etdirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Odur ki, “X1” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 11 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 88.37 (səksən səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçı “X1”Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından həmin sənədlərin “X1” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. “X1” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 11 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 88.37 (səksən səkkiz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı “X1”Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-667/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-667/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver