Məhkəmə qərarları › İş №e-2(079)-669/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-669/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-669/2024 14.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 400 manat əsas, 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə olmaqla, cəmi 720 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş tərəflərin imzaladığı müqavilədən belə məlum olur ki, həmin müqavilə ilə Bank Borcalana 400.00 (dörd yüz) manat məbləğində kredit verir, borcalan isə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmağı öhdəsinə götürür. «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin: - xüsusi şərtlərinə əsasən verilmiş kreditin məbləği 400 (dörd yüz) manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 20.00 (iyirimi) manat, kredit məbləği üzrə xidmət haqqının məbləği 58.00 (əlli səkkiz) manat, ödəniləcək ümumi məbləğ 478 (dörd yüz yetmiş səkkiz) manat təşkil edir. - 3.1-ci bəndində əsasən verilmiş kredit məbləği həmin məbləğin Borcalanın olan "AZ33UBAZ**********1010AZN001" SC-də "UBAZAZ22" saylı bank hesabı/poçt hesabı/ödəniş kartı və ya elektron pul kisəsinə köçürülməsi yolu ilə təqdim olunur. - Kredit müqaviləsinin xüsusi şərtlərinə əsasən verilmiş kredit məbləğinin ödənilmə tarixi xx.xx.2024-cü ildir. - 1.14, 1.15-ci bəndlərinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir, Borcalan kredit üzrə qaytarmalı olduğu məbləği əməliyyat gününün sonunadək (Bakı vaxtı ilə 23:00) ödəməzsə, borc gecikdirilmiş hesab olunur. - 2.3.8-ci bəndinə əsasən bank olmayan kredit təşkilatı müəyyən olunmuş hallardan hər hansı biri baş verərsə, müqavilədən birtərəfli qaydada imtina etmək və 7 (yeddi) gündən gec olmayaraq, Borcalana bu barədə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermək hüququna malikdir. - 2.3-9-cu bəndinə əsasən bank olmayan kredit təşkilatı müəyyən olunmuş hallardan hər hansı biri baş verərsə, birtərəfli qaydada Müqavilədən çıxmaq və Müqaviləni dərhal ləğv etmək: İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada kredit məbləğinin borcalanın müvafiq hesabına köçürülməsini təsdiq edən sənədlər (kredit hesabından çıxarış və ya balansdankənar məxaric orderi) ərizəyə əlavə olunmamışdır. Həmçinin iddia tələbinin əsası kimi istinad edilən müqavilənin yalnız müqavilənin tərəfi olan bank olmayan kredit təşkilatı tərəfindən imzalandığı müəyyən olunur. Borcalan tərəfindən müqavilənin imzalanmasına dair imza rekvizitləri müqavilədə mövcud deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. «SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar