Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-677/2024 06.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 16 oktyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada 4502,3 manat əsas borc, 246,29 manat faiz borcu olmaqla, cəmi 4748,59 (dörd min yeddi yüz qırx səkkiz manat, əlli doqquz qəpik) manat borcun və ödənilmiş 67.48 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Naxçıvan filialı ilə Cavabdeh2 arasında 26 may 2023-cü il tarixli 5305 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 10 %-lə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 26 may 2023-cü il tarixli 37/23-KKK-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 01 fevral 2024-cü il tarixli 37/23-KKK-18 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 həmin borca zamin durmuşdur. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qadada yerinə yetirməli idi. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin qaytarılması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçıya 4502,3 manat əsas borc, 246,29 manat faiz borcu olmaqla, cəmi borcu 4748,59 (dörd min yeddi yüz qırx səkkiz manat, əlli doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etməlidir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. İddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada verilmiş və onlara iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, məhkəməyə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu daxil olmamışdır. İddiaçının tələbini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının tələbinin hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında kredit, Cavabdeh1 və Cavabdeh3 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 26 may 2023-cü il tarixli 5305 saylı kredit və 26 may 2023-cü il tarixli 37/23-KKK-19, 01 fevral 2024-cü il tarixli 37/23-KKK-18 nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci madəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü madəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2023-cü il tarixli 5305 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - müqavilənin 2.1-ci bəndinə əsasən borc verən borc bu müqavilənin şərtlərinə uyğun olaraq 36 ay müddətinə 6000 manat məbləğində pul vəsaitini heyvandarlıq məqsədi ilə illik 10% miqdarında nağd və ya köçürmə yolu ilə kredit verməyi öhdəsinə götürür; - müqavilənin 3.2, 3.3, 3.4-cü bəndinə əsasən borcalandan kreditin təyinatına görə istifadə edilməsini təsdiq edən sənədləri tələb etmək; kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək; əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa borcun dərhal qaytarılmasını tələb etmək borcverənin hüququdur. - müqavilənin 4-cü bəndinə əsasən borcalanı bir ay əvvəlcədən məlumatlandırmaqla, borcu müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl ödəmək, iqtisadi, maliyyə, uçot və digər məsələlər üzrə məsləhət almaq üçün borcverənin xidmətindən istifadə etmək, obyektiv səbəblər üzündən borcun vaxtında ödənilməməsi təhlükəsi yaranarsa, kreditin ödənilmə vaxtının uzadılması barədə borcverənə müraciət etmək borcalanın hüququdur. - müqavilənin 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür. Müqavilənin qüvvədə olma müddəti isə 8.1-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh2 verilməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 26 may 2023-cü il tarixli 4 nömrəli xəzinə məxaric orderi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 26 may 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmişlər. Əksinə iddia ərizəsinə əlavə olunmuş 20 sentyabr 2024-cü il tarixli, 540, 541, 542 nömrəli xəbərdarlıq məktubundan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi və bununla bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2023-cü il tarixli 37/23-KKK-19 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəliblər. Müqavilələrin: - zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 5305 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 6000 (altı min) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. - zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 26 may 2023-cü il tarixli 5305 saylı kredit müqaviləsidir. - zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən zamin kredit təşkilatı qarşısında borcalanın 26 may 2023-cü il tarixli 5305 saylı kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. - zaminlik müqaviləsinin 4-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kredit təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği kredit təşkilatının ilk tələbindən heç bir iddia irəli sürmədən dərhal ödəməyi öhdəsinə götürür və kredit təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin kredit təşkilatı tərəfindən tutulmasına icazə verir. - zaminlik müqaviləsinin 5-ci bəndinə əsasən zamin tərəfindən kredit təşkilatı qarşısında borcalanın öhdəliklərinin icra olunduğu təqdirdə kredit təşkilatı şəxsə qarşı tələbləri təsdiq edən bütün sənədləri, bu tələblərə əsas verən bütün hüquqları 7 gün ərzində zaminə təqdim edir. - zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın 26 may 2023-cü il tarixli 5305 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli 37/23-KKK-18 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəliblər. Müqavilələrin: - zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, 5305 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 5217 (beş min iki yüz on yeddi) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. - zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 01 fevral 2024-cü il tarixli 5305 saylı kredit müqaviləsidir. - zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən zamin kredit təşkilatı qarşısında borcalanın 01 fevral 2024-cü il tarixli 5305 saylı kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. - zaminlik müqaviləsinin 4-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kredit təşkilatı qarşısında bu müqavilənin İİİ bəndində göstərilən məbləği kredit təşkilatının ilk tələbindən heç bir iddia irəli sürmədən dərhal ödəməyi öhdəsinə götürür və kredit təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin kredit təşkilatı tərəfindən tutulmasına icazə verir. - zaminlik müqaviləsinin 5-ci bəndinə əsasən zamin tərəfindən kredit təşkilatı qarşısında borcalanın öhdəliklərinin icra olunduğu təqdirdə kredit təşkilatı şəxsə qarşı tələbləri təsdiq edən bütün sənədləri, bu tələblərə əsas verən bütün hüquqları 7 gün ərzində zaminə təqdim edir. - zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın 01 fevral 2024 il tarixli 5305 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 və Cavabdeh3 26 may 2023-cü il tarixli 5305 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh3 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 26 may 2023-cü il tarixli 5305 nömrəli kredit müqaviləsinin 6-cı bölməsindən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 08 oktyabr 2024-cü il tarixli, Cavabdeh2 kredit borcunun ödənilmə vəziyyəti barədə məlumatda Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 26 may 2023cü il tarixli 5305 nömrəli müqavilə üzrə 4502,3 (dörd min beş yüz iki manat, otuz qəpik) manat əsas, 246,29 (iki yüz qırx altı manat, iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4748,59 (dörd min yeddi yüz qırx səkkiz manat, əlli doqquz qəpik) manat kredit borcu borcunun olması qeyd edilir. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanın tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 67.48 (altmış yeddi manat, qırx səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 26 may 2023-cü il tarixli 5305 nömrəli kredit müqaviləsi üzrə 4502,3 (dörd min beş yüz iki manat, otuz qəpik) manat əsas, 246,29 (iki yüz qırx altı manat, iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4748,59 (dörd min yeddi yüz qırx səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli; -həmçinin 67.48 (altmış yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 26 may 2023-cü il tarixli 5305 nömrəli kredit müqaviləsi üzrə 4502,3 (dörd min beş yüz iki manat, otuz qəpik) manat əsas, 246,29 (iki yüz qırx altı manat, iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4748,59 (dörd min yeddi yüz qırx səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Həmçinin 67.48 (altmış yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-677/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-677/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver