Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-704/2024 03.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 2329,8 AZN əsas, 395,86 AZN faiz, 3,4 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2729,06 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 47,30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla "Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 28,75% olmaqla 3000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 21 oktyabr 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 2329,8 AZN əsas, 395,86 AZN faiz, 3,4 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2729,06 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə-anketi imzalamaqla xx.xx.2021-cü il tarixli, 01U/21 saylı “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi ofertanın: -16.1-ci bəndinə əsasən “Bank” “Müştəri”yə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartının istifadə müddəti 60 aydır. Ödəniş kartı “Müştəri”nin həm kredit, həm də debet kartıdır, bu karta bir neçə hesab bağlıdır və bu hesabların valyutaları da fərqlidir. Ödəniş kartının istifadəsi bu oferta ilə tənzimlənir. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlak. -16.2-ci bəndinə əsasən Kredit xətti üzrə hər bir faktiki istifadə edilmiş kredit məbləği faktiki istifadə edildiyi tarixdən etibarən “Bank”la Partnyorlar arasındakı layihələr üzrə bağlanmış və gələcəkdə bağlanacaq Birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətdə (minimum ay, maksimum ay)“Müştəri” tərəfindən tam olaraq ödənilməlidir. - 16.3-cü bəndinə əsasən Kredit xətti SMS məlumatlandırmada qeyd edilən məbləğ və maksimum müddətə, illik 36 (otuz altı) %-dək (faktiki illik faiz dərəcəsi( )%-dək)olmaq şərtilə ayrılır. Əgər müddətin sonunadək (sonuncu ay) müştəri qalıq borcu tam ödəməsə, növbəti aydan etibarən 60 (altmış) ay müddətinədək və kreditin verildiyi eyni illik faiz dərəcəsinə bərabər olmaqla qalıq borcu miqdarında yeni nağd kredit (restrukturizasiya) rəsmiləşdirilə bilər. Bu zaman müştəriyə aylıq ödənişin məbləği və müddətləri barədə (ödəniş cədvəli) SMS, elektron poçt və ya mobil bankçılıq vasitəsilə bildiriş göndərilir. - 16.7.1-ci bəndinə əsasən müştəriyə göndərilmiş SMS-dən sonra razılıq bildirən cavab SMS-i (məlumatlar elektron poçt adresi və ya digər formada göndərildiyi halda müvafiq qaydada cavablandırma) tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. - 17.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun “Müştəri” tərəfindən “Bank”a qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Müştəri bu müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və ya nağdsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın kreditin verildiyi ayın müvafiq günü ilə eyni günündən başlayaraq sonrakı 10 (on) gün müddətində ödəməlidir, bura 10-cu gün də daxildir və bu müddət “ödəmə müddəti” adlanır. Ödəmə müddəti ərzində “Müştəriyə SMS və/və ya mobil əlavə vasitəsilə həmin ödəmə müddəti üçün ödənilməli borc məbləği barədə məlumat göndərilə bilər. Əgər “Müştəri” taksit borcunu ödəmə müddəti ərzində ödəməsə, ödəmə müddətindən sonra onun aylıq taksit borcu adi kredit xətti borcu kimi nəzərə alınacaq və ödəmə müddətindən sonrakı dövr üçün kreditin illik faiz dərəcəsi ilə hesablama aparılacaq. Kredit xətti üzrə ödəmə müddətində faizlər illik faiz dərəcəsinə uyğun hesablanır və aylıq ödəniş məbləğinə azı aşağıdakılar daxildir: kredit xətti üzrə taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş minimum 5 (beş) faizi. Həmin məbləğdən taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş hissəsi üçün ödəmə müddətinə hesablanmış faizlər Bank tərəfindən avtomatik çıxılır; cari ay üzrə ödənilməli taksit borcu (varsa); aylıq xidmət haqqı (varsa); nağdlaşma komissiyası (varsa). Kredit xəttindən nağdsız istifadə etdikdə ödəmə müddətində illik faiz dərəcəsi ilə hesablama aparılmır və bu güzəşt müddəti sayılır. Yəni, nağdsız istifadəyə ödəmə müddətində güzəşt tətbiq edilir və bu “Müştərinin əsas borc qalığında əks olunur. 17.10-cu bəndinə əsasən “Müştəri” kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank”, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-nin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarxili SMS məlumatdan illik faiz dərəcəsi 29% müəyyənləşdirilib. Ümumi ofertanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək, ona bank hesabı açmaq və ödəniş kartını təqdim etməkdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X1" ASC tərəfindən kredit xəttinin açıldığı, cavabdehin isə həmin kredit limitindən istifadə etdiyi və borcunun qaldığı məlum olur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu barədə maliyyə arayışından cavabdehin iddiaçı təşkilata 2329.8 (iki min üç yüz iyirmi doqquz manat, səksən qəpik) manat əsas, 395.86 (üç yüz doxsan beş manat, səksən altı qəpik) manat faiz və 3.4 (üç manat, qırx qəpik) manat cərimə olmaqla, cəmi 2729.06 (iki min yeddi yüz iyirmi doqquz manat, altı qəpik) borcunun olduğu aydın olur. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 17 iyul 2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və bütün borcun tam olaraq üç iş günü müddətində ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və 12 iyul 2024-cü il tarixinə 2329.8 manat əsas, 291.06 manat faiz, 24.96 manat cərimə, cəmi 2645.82 manat yaranmış borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış ümumi ofertanın 17.10-cu bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i məbləğində cərimə tətbiq edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 2329.8 manat əsas borcuna münasibətdə iddiaçı 3.4 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasibdir, ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə 2329.8 ((iki min üç yüz iyirmi doqquz manat, səksən qəpik) AZN əsas, 291.06 (iki yüz doxsan bir manat, altı qəpik) AZN faiz, 3.4 (üç manat, qırx qəpik) AZN cərimə borcu olmaqla, cəmi 2624.26 (iki min altı yüz iyirmi dörd manat, iyirmi altı qəpik) AZN borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 45.48 manat (qırx beş manat, qırx səkkiz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Müqavilə üzrə 2329.8 ((iki min üç yüz iyirmi doqquz manat, səksən qəpik) AZN əsas, 291.06 (iki yüz doxsan bir manat, altı qəpik) AZN faiz, 3.4 (üç manat, qırx qəpik) AZN cərimə borcu olmaqla, cəmi 2624.26 (ki min altı yüz iyirmi dörd manat, iyirmi altı qəpik) AZN borcun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 45.48 manat (qırx beş manat, qırx səkkiz qəpik) miqdarında dövlət rüsumu alınaraq «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-704/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-704/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver