Məhkəmə qərarları › İş №e-2(079)-71/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-71/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-71/2024 14.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bank olmayan kredit təşkilatı İddiaçı 20 dekabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsi üzrə 5961.27 (beş min doqquz yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat əsas borc, 494.79 (dörd yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olaraq 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 6908.12 (altı min doqquz yüz səkkiz manat, on iki qəpik) manat miqdarında kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90 (doxsan) manat miqdarında dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh Bank olmayan kredit təşkilatı İddiaçınə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla Bank olmayan kredit təşkilatı İddiaçı arasında 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 6.1-ci bəndlərinə əsasən ev tikintisi məqsədilə borcluya 15 ay müddətinə, aylıq 3 faiz, illik 36 faiz olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 02 sentyabr 2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 4038,73 (dörd min otuz səkkiz manat, yetmiş üç qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2827,27 (iki min səkkiz yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat olmaqla, ümumilikdə 6866 (altı min səkkiz yüz altmış altı) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata 5961.27 (beş min doqquz yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu və 494.79 (dörd yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu var. Bundan əlavə, Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 6.7-ci bəndində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdu. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, Bakı şəhəri, 8-ci kilometr bazarında səyyari alverlə məşğul olduğunu, Habil adlı şəxslə birlikdə işlədiyini, onunla yaxın münasibəti olduğunu, Habilin bir gün əlində qızıl ona yaxınlaşıb borcu olduğunu ona dediyini, ondan həmin qızılları girov qoyub kredit götürərək ona verməsini xahiş etdiyini, özünün də onunla razılaşdığını, bankdan kredit götürüb ona verdiyini, qızılları isə girov qoyduğunu, sonra həmin qızılların saxta olmasının ona məlum olduğunu, saxta qızılları götürdüyü üçün bankın zərgəri barəsində cinayət işi başlanıldığını və onun həbs edildiyini, Habil qızılların saxta olduğunu əvvəldən bildiyini, onun bankın zərgəri ilə əlbir olduğunu, Habilin çox insana borcu olduğunu, bankdan pulu özünün alıb Habilə verdiyini, bu günədək kreditlə bağlı ödəniş etmədiyini, kredit borcundan Habilin nə qədər pul ödədiyini bilmədiyini, bankdan 10000 manat pul götürüb Habilə verdiyini, onun pandemiya başlayana qədər ödəniş etdiyini, bankın pulunun ödənilmədiyini biləndən sonra Habilin atasına oğlunun borcu öz üzərinə götürməsini istədiyini, onunla birlikdə banka getdiyini, lakin bank həmin vaxt bağlı olduğundan borcu Habilin atasının adına rəsmiləşdirə bilmədiklərini, Habilin hazırda ortada olmadığını, deyilə görə guya onun öldüyünü, amma özünün belə düşünmədiyini, bankdan pulu özünün götürdüyünü və görə də məsuliyyət daşıdığını bildiyini qeyd edərək yekunda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Bank olmayan kredit təşkilatı İddiaçı ilə Cavabdeh arasında 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə ev tikintisi məqsədilə 15 ay müddətində aylıq 3 faiz, illik 36 faiz olmaqla 10000 (on min) manat məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli müqavilə ilə öz təsdiqini tapır. İddiaçı isə cavabdehdən 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsi üzrə yaranmış 5961.27 (beş min doqquz yüz altmış bir manat, iyirmi yeddi qəpik) manat əsas, 494.79 (dörd yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu və 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, ümumilikdə 6908.12 (altı min doqquz yüz səkkiz manat, on iki qəpik) manat məbləğində pul tələb edir. İddiaçı tələbinin hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləyə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; - 1.1-ci bəndinə görə müqavilənin predmeti kreditor tərəfindən borcluya digər qeyribiznes məqsədləri- nağd ehtiyaclar üçün ev tikintisi məqsədilə 15 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsinə, borclunun isə krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədə istifadə etməsinə, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq kreditora qaytarmasına dair borc pul öhdəliyidir; - 2.1- 2.6-cı bəndlərinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bütün ödənişlər kreditora tam olaraq ödənilənədək qüvvədə qalır. Kredit vəsaitindən istifadə müddətinin axını kreditin kreditor tərəfindən borcluya ötürüldüyü təqvim tarixindən başlanır. Kredit vəsaiti bu müqavilədən irəli gələn zaminlik müqaviləsi, girov müqaviləsi və varsa, digər razılaşmalar və sənədləşmələr üzrə prosedurlar tamamlandıqdan sonra 5 (beş) bank günündən gec olmayaraq kreditor tərəfindən borclunun kreditora təqdim etdiyi bank hesabına köçürülür. Kredit, kreditorla borclu arasında kredit müqaviləsinin bağlandığı tarixdən etibarən verilmiş sayılır. Müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləği borcluya hissələrlə verilə bilər. Borcluya verilən kredit vəsaitinin istifadə qaydası və müddəti bu Müqavilənin 6-cı bəndinə uyğundur. Kredit vəsaitindən istifadə müddəti bu Müqaviləyə Əlavə 1-ə uyğun olaraq son ödəniş günü saat 1530-da bitir. Bu şərtlərin dəyişdirilməsi barədə tərəflər razılığa gəldikdə belə razılıq bu Müqavilənin 7-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir; - 3.2-ci və 3.5-ci bəndlərindən görünür ki, kreditor borclu tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Zərər dedikdə borclu tərəfindən öhdəliklər pozulmasaydı kreditorun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin hesablanması bu müqavilənin 6.7-cı bəndində nəzərdə tutulmuş qaydada həyata keçiriləcək. Kreditor kredit vəsaitini bu müqavilənin 2-ci maddəsində razılaşdırılmış qaydada borcluya ötürməyi öhdəsinə götürür; - 4.1-4.3-cü bəndinin tələbinə görə borclu aldığı krediti kreditora razılaşdırılmış qaydada vaxtından əvvəl geri qaytarmaq və müqaviləyə xitam vermək hüququna malikdir. Borclu bu müqavilə üzrə Kreditora çatmalı olan krediti və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 6-cı maddəsində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Borclu bu müqavilə üzrə aylıq kredit ödənişlərini gecikdirdiyi hallarda gecikdirilən əsas məbləğə görə hər gün üçün gecikdirilmiş əsas məbləğin 1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürür; - 5.1 - 5.3-cü bəndlərinə əsasən müqavilə üzrə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “L-BK-0048334-F-1 saylı Girov ” müqaviləsi ilə müəyyən olunur (bundan sonra “təminat üsulu”). Borclu razılıq verir ki, bu müqaviləyə əsasən verilmiş kredit hesabına alınacaq əmlak və ya görülən iş götürülmüş kreditin və ona hesablanmış faizlərin qaytarılmamış hissəsinə bərabər dəyərdə kreditorun mülkiyyəti hesab olunacaqdır. Bir neçə təminat forması olarsa, təminat formasının hansından istifadə etməsi kreditorun müstəsna hüququdur və onun özü tərəfindən müstəqil olaraq müəyyən ediləcək; - 6-ci bölməsində kredit üzrə faizlər, komisyon haqları, ödəniş qaydaları öz əksini tapıb ki, həmin bölməyə əsasən borclu kreditdən istifadə edilməsinə görə aylıq 3 faiz, illik 36 faiz götürülməklə kredit vəsaiti borcluya çatdırıldığı gündən etibarən qalıq məbləğinə gündəlik hesablanmaqla aylıq faiz ödəyir. Kreditin hissələrlə verilməsi halında borcalan kreditin götürülməmiş hissəsini qəbul etməkdən imtina etdikdə və ya kreditin verilmiş hissəsinin Borcalan tərəfindən təyinatına uyğun istifadə edilməməsi səbəbindən kreditor tərəfindən digər hissə(lər)in verilməsindən imtina edildikdə, kredit üzrə bu müqavilə ilə müəyyən edilmiş illik faiz dərəcəsinə 2 (iki) faiz əlavə ediləcək. Kreditlərin verilməsi anında ödənməklə ana paranın (əsas məbləğin) 2 faiz həcmində komisyon haqq müəyyən olunur. Borclu kreditora bu müqavilədə nəzərdə tutulmuş kredit məbləğindən komisyon haqqının tutulmasını həvalə və etibar edir. Kredit üzrə faizlər kreditin borcluya ötürüldüyü tarixdən hesablanır və bu müqaviləyə Əlavə 1-də göstərilən tarixlərdən gec olmayaraq borclu tərəfindən kreditora ödənilir. Kredit üzrə faizlər razılaşdırılmış qaydada ödənmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur və kreditor tərəfindən borcludan tələb ediləcəkdir. Müqaviləyə Əlavə 1-də göstərilən tarixlər borc öhdəliyinin icra edilməsinin tarixləri kimi müəyyən olunur və borclu tərəfindən kredit üzrə hissə və müvafiq faiz ödəmələri ilə həyata keçirilir. Borclu kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Kreditin bağlanması zamanı kredit müqaviləsinin bitməsinə müqavilə müddətinin 1/2-dən az qalıbsa, dəbbə alınmır. Əks halda, əsas məbləğ üzrə kredit qalığının 2 faizi həcmində dəbbə alınır. Kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. Kreditin tam qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin tam olaraq kreditorun hesabına və ya kassasına daxil olduğu tarix hesab olunur. Kredit və müvafiq faizlər geri ödənərkən əvvəl cərimə, sonra faizlər, sonra isə kreditin əsas məbləği üzrə borc silinəcəkdir. Kreditin və ona hesablanmış faizlərin geri ödənişi kreditorun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı olan AZ7AİİB******************** saylı hesabına və ya kreditorun məlumatına əsasən müvafiq elektron ödəniş köşklərinə köçürülməklə həyata keçiriləcəkdir. Borclu kredit vəsaitini bu müqaviləyə Əlavə1-ə uyğun olaraq kreditora ödəməlidir. Kredit əlavə 1-də göstərilən məbləğlərdə və tarixlərdə ödənməzsə, vaxtı keçmiş ödənişlər hesab olunur; - 7.4-cü bəndi ilə müəyyən edilir ki, tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. Bu Müqavilənin qüvvədə olduğu müddətdə tərəflər yarana biləcək mübahisələrin həllinə qarşılıqlı müzakirə yolu ilə nail olmağa çalışacaqlar. Razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcək; - 7.5-ci bəndinə əsasən borclu öz ünvanını və ya bank rekvizitlərini dəyişdirdikdə bu haqda kreditoru dərhal xəbərdar etməlidir; - 7.8-ci bəndinə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 03 oktyabr 2019-cu ildən başlamaqla 03 dekabr 2020-ci ilədək hər ay 841 (səkkiz yüz qırx bir) manat , sonuncu ay isə 848 (səkkiz yüz qırx səkkiz) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini kredit alanın bank hesabına köçürülməklə cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 02 sentyabr 2019-cu il tarixli, 882 nömrəli ödəniş tapşırığı, hesabdan çıxarışla, həmçinin cavabdehin məhkəmədə verdiyi izahatla sübuta yetirilir. Bank olmayan kredit təşkilatı İddiaçı tələbinin əsassızlığı və eyni zamanda iddiaçı Cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa mülki iş materiallarında olan Bank olmayan kredit təşkilatı İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 05 dekabr 2022-ci il tarixli, 074 nömrəli bildirişdən cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 5 (beş) gün müddət müəyyən olunması, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə pretenziya məktubunun cavabdehə 12 dekabr 2022-ci ildə təqdim edilməsi aydın olur. Cavabdeh tələbi qəbul etməyərək iddiaçıdan əldə etdiyi kredit məbləğini Habil adlı şəxsə verməsini bildirsə də, məhkəmə onun nəzərinə çatdırır ki, mülki hüququnun prinsiplərinə görə şəxs bağladığı müqavilə üzrə riski başa düşür və bundan irəli gələn məsuliyyəti özü daşıyır. Yəni Cavabdeh Bank olmayan kredit təşkilatı İddiaçındən əldə etdiyi pul məbləğini hər hansı üçüncü şəxsə verməsi onun iddiaçı qarşısında məsuliyyətdən azad etmir. Bank olmayan kredit təşkilatı İddiaçı ilə 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli kredit müqaviləsini Cavabdeh bağladığından və bununla bağlı bank qarşısında öhdəliyi cavabdeh götürdüyündən onun bu etirazı əsası sayıla bilməz. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 7.4-cü bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. X2 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-33-3/2-300/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş eyni tarixli, 300 nömrəli ilkin, istərsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-9/4596/2024 nömrəli məktubu ilə təqdim edilmiş eyni tarixli, 9/4596 nömrəli təkrar ekspert rəyində Bank olmayan kredit təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, L-BK- 0048334-F nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya 03 dekabr 2020-ci il tarixə, yəni müqavilə öhdəliklərinin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə tarixinə olan əsas borcunun 5911.08 (beş min doqquz yüz on bir manat, səkkiz qəpik) manat, faiz borcunun isə 484.71 (dörd yüz səksən dörd manat, yetmiş bir) manat təşkil etməsi qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini əsas və faiz borcuna münasibətdə sübut kimi qəbul edilən hesab edərək və yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı faiz borcu tələbi əsassız, əsas borc tələbi isə qismən əsaslı sayılmalıdır. İddiaçının cavabdehdən digər bir tələbi isə Cavabdeh müqavilə şərtlərinin pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehdən gecikdirilmiş vaxt üçün məbləği yox, müqavilə şərtlərinin pozulması nəticəsində ona dəymiş zərəri tələb edir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən görünür ki, onlar hazırda barəsində hüquqi həllindən danışılan tələbin həlli barədə aralarında razılığa gəlib. Belə ki, müqavilənin: - 3.5-ci bəndinə görə kreditor borclu tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Zərər dedikdə borclu tərəfindən öhdəliklər pozulmasaydı kreditorun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin hesablanması bu müqavilənin 6.7-cı bəndində nəzərdə tutulmuş qaydada həyata keçiriləcək; - 6.7-ci bəndinə əsasən kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir; - 6.1-ci bəndində isə qeyd edilir ki, borclu kreditdən istifadə edilməsinə görə aylıq 3 faiz, illik 36 faiz götürülməklə kredit vəsaiti borcluya çatdırıldığı gündən etibarən qalıq məbləğinə gündəlik hesablanmaqla aylıq faiz ödəyir. Sözü gedən məbləğin müəyyən edilməsi üçün ekspert qarşısına qoyulmuş suala cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar ekspert rəyində qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş 01 aprel 2024-cü il tarixli “Verilmiş kredit haqqında arayış” məlumatlarında kredit müqaviləsi bitdiyi – 03 dekabr 2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək borcalana 15 faiz dərəcəsi ilə əldən çıxmış fayda hesablanmışdır. Müqavilənin 6.7-ci bəndində zərərin hansı qaydada hesablanması göstərilsə də, maliyyə arayışı məlumatlarında əldən çıxmış fayda tələb edilmiş lakin, maliyyə arayışı məlumatlarında da əldən çıxmış faydanın hansı qaydada hesablanması göstərilməmişdir. Eyni zamanda zərər dedikdə hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi zamanı çəkdiyi xərc başa düşülür ki, iş materiallarından da görüldüyü kimi 6.7-ci maddədə göstərilən zərər yox, maliyyə arayışında göstərilmiş əldən çıxmış fayda, yəni şəxsin hüququnun pozulmadığı hallarda əldə ediləcək gəlirlərdən məhrum olduğu hallarda tələb edilə bilər. Yuxarıda göstərilənlər də nəzərə alındıqda zərər və ya əldən çıxmış faydanın hansı qaydada hesablanması iş materiallarında öz əksini tapmadığından cavabdehə zərər və ya əldən çıxmış fayda hesablanması mümkün hesab edilmir. Məhkəmə ekspertin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, zərərin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində verilmişdi. Həmin norma özündə zərərin növlərini müəyyən etməklə bunu real zərər və əldən çıxmış fayda olaraq fərqləndirmişdir. Sözü gedən maddi hüquq normasının tələbinə görə real zərərin tərkibinə pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində varanan zərər daxil ola bilər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin hər iki növü üzrə tələbi irəli sürmüş tərəf pozuntu (öhdəliyin icra edilməməsi) ilə ziyan arasında səbəbli əlaqəni və ziyanın məbləğini sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilə üzrə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda sayılır. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı sayır. Zərərin məbləğinə gəldikdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-9/4596/2024 nömrəli məktubu ilə təqdim edilmiş eyni tarixli, 9/4596 nömrəli təkrar ekspert rəyində iddiaçının tələb etdiyi 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat məbləğində pulun altı aylıq müddət üçün hesablanması aydın olur ki, bu da müqavilə şərtləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinin qismən əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 90 (doxsan) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 88.29 (səksən səkkiz manat, iyirmi doqquz qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərdən başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı 100 (bir yüz) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbini qismən əsaslı saysa da məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 116.2-ci maddəsinə görə məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Hazırki vəziyyətdə isə görülən iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin xidməti vəzifəsindən irəli gəldiyindən onun çəkdiyi xərcin əvəzi tərəflərə aid edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd edir ki, ilkin ekspertiza aparılması ilə bağlı bütün tədqiqat materialları iş materiallarına əlavə edildiyindən (aparılmış işin xərci 60 manat təşkil edir), yəni əlavə işlər görülmədən, vəsatətlər verilmədən təkrar ekspertiza tədqiqatının dəyərinin 100 (bir yüz) manat təşkil etməsini məhkəmə məntiqli hədd hesab etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -tərəflər arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli müqavilə üzrə 5911.08 (beş min doqquz yüz on bir manat, səkkiz qəpik) manat əsas, 484.71 (dörd yüz səksən dörd manat, yetmiş bir) manat faiz borcu və 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 6847.85 (altı min səkkiz yüz qırx yeddi manat, səksən beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq Bank olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməli; -iddia qaldırılması zamanı Bank olmayan kredit təşkilatı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 88.29 (səksən səkkiz manat, iyirmi doqquz qəpik) manat miqdarı cavabdehdən tutularaq Bank olmayan kredit təşkilatı İddiaçınə verilməli, qalan hissəsi onun özünə aid edilməli; -aparılmış ekspertizanın xərci dövlət hesabına aid edilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, L-BK-0048334-F nömrəli müqavilə üzrə 5911.08 (beş min doqquz yüz on bir manat, səkkiz qəpik) manat əsas, 484.71 (dörd yüz səksən dörd manat, yetmiş bir) manat faiz borcu və 452.06 (dörd yüz əlli iki manat, altı qəpik) manat dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 6847.85 (altı min səkkiz yüz qırx yeddi manat, səksən beş qəpik) manat məbləğində borc Cavabdeh tutularaq Bank olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qaldırılması ilə əlaqədar olaraq Bank olmayan kredit təşkilatı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 88.29 (səksən səkkiz manat, iyirmi doqquz qəpik) manat miqdarı cavabdehdən tutularaq Bank olmayan kredit təşkilatı İddiaçınə verilsin və qalan hissəsi onun özünə aid edilsin. Aparılmış ekspertizanın xərci dövlət hesabına aid edilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar