Məhkəmə qərarları › İş №e-2(079)-716/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-716/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-716/2024 26.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 noyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh 2770.50 manat məbləğində əsas kredit borcunun, 36.11 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 3.34 manat cərimə olmaqla, cəmi 2809.95 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 48.10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022ci il tarixli 19101***-*******02L saylı kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19 % dərəcəsi ilə (aylıq ödəniş 201.65 manat olmaqla hər ayın 24-dək ödənilmək şərti ilə) 5500 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 2770.50 manat məbləğində əsas kredit borcu, 36.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.34 manat cərimə borcu olmaqla, cəmi 2809.95 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 19101***-*******02L nömrəli əsas kredit limiti razılaşması bağlanmışdır. Razılaşmanın sözügedən mühüm şərtləri aşağıdakılardır:  müqavilənin 1-ci bəndinə əsasən bu razılaşmanın imzalanması ilə Kreditverən borcalana 50000 (əlli min) AZN məbləğdə 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir.  müqavilənin 2.1 və 2.4-cü bəndlərindən aydın olur ki, Kredit, Kreditverən tərəfindən Borcalanın 19-1229323-3 nömrəli cari hesabına köçürməklə veriləcəkdir və kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir.  müqavilənin 3.2-ci bəndindən aydın olur ki, borcalan bank qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz qaydada silinməsinə razılıq verir.  müqavilənin 4.1.1-ci bəndindən aydın olur ki, 3 (üç) iş günü ərzində borcalan ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda, borcalanın əmlak vəziyyətində bu əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və/və ya bazarın mövcud vəziyyəti borcalanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda kreditverən bu əsas kredit limiti razılaşmasına birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər.  müqavilənin 4.3-cü bəndindən aydın olur ki, verilmiş krediti bu əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə kreditverənə geri qaytarır. Borcalan Kreditverənə kreditin təhlili və sənədləşdirilməsinə görə alınmış kreditin min. 0 (sıfır) AZN - max. 3 (üç) % həcmində komissiya haqqı ödəyir.  müqavilənin 5.1-ci bəndinə əsasən bu əsas kredit limiti razılaşması imzalandığı andan qüvvəyə minir və bu əsas kredit limiti razılaşması üzrə borcalan tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Razılaşmanın hər hansı bir bəndinin etibarsız hesab edilməsi, razılaşmanın bütövlüklə etibarsızlığına səbəb olmur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş qrafikindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 201.65 manat, sonuncu ay isə 201.73 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Bank tərəfindən borcalana pretenziya göndərilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh illik 19 % ödəmək və xx.xx.2025-ci ilədək qaytarmaq şərtilə 5500 manat kredit verilmişdir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyi pozaraq, onu vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka olan borcun məbləği; a) Əsas borc üzrə 2770,5 manat; b) faizlər üzrə 44,64 manat c) cərimə üzrə 1,46 manat olmaqla, cəmi 2816,6 manat təşkil edir. Öhdəliyinizi pozduğunuz üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyimizi nəzərinizə çatdırırıq və 3 (üç )gün müddətində göstərilən məbləğdə borcu Banka ödəməyi tələb edirik. Əks halda Sizə qarşı borcun qaytarılması tələbinə dair iddi ərizəsi ilə məhkəməyə müraciət olunacaq. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən 5500 (beş min beş yüz) manat məbləğində kredit 19-1229323-3 nömrəli cavabdehə məxsus hesaba köçürülmüşdür. Sözügedən hesabdan çıxarış kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan 01 oktyabr 2024-cü il tarixinə cavabdehin 2770.50 manat (iki min yeddi yüz yetmiş manat, əlli qəpik) əsas borc, 36.11 manat (otuz altı manat, on bir qəpik) faiz borcu, 3.34 manat (üç manat, otuz dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2809.95 manat (iki min səkkiz yüz doqquz manat, doxsan beş qəpik) kredit borcu öhdəliyinin olduğu müəyyən olunur. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və arayış borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 10 oktyabr 2022-ci il tarixli, 19101***-*******02L nömrəli kredit müqaviləsinə əsasən 2770.50 manat (iki min yeddi yüz yetmiş manat, əlli qəpik) əsas borc, 36.11 manat (otuz altı manat, on bir qəpik) faiz borcu, 3.34 manat (üç manat, otuz dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2809.95 manat (iki min səkkiz yüz doqquz manat, doxsan beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 48.10 (qırx səkkiz manat, on qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 10 oktyabr 2022-ci il tarixli, 19101***-*******02L nömrəli kredit müqaviləsinə əsasən 2770.50 manat (iki min yeddi yüz yetmiş manat, əlli qəpik) əsas borc, 36.11 manat (otuz altı manat, on bir qəpik) faiz borcu, 3.34 manat (üç manat, otuz dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2809.95 manat (iki min səkkiz yüz doqquz manat, doxsan beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 48.10 (qırx səkkiz manat, on qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar