Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-727/2025 04.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X1 “Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatı “24” oktyabr 2025-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əsas borc üzrə 989.26 AZN, faiz borcuna görə 43.00 AZN, cərimə borcuna görə 168.58 AZN, cəmi 1200.84 (min iki yüz manat səksən dörd qəpik) AZN məbləğində borcun və 32.01 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********4930 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500.00 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 195 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4930 -1222616 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********4930 -1299072 saylı Zaminlik müqaviləsi ilə X3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 989.26 AZN, faiz borcuna görə 43.00 AZN, cərimə borcuna görə 168.58 AZN, cəmi 1200.84 (min iki yüz manat səksən dörd qəpik) AZN təşkil edir. Qeyd etmək istəyirik ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəfimizdən cavabdehlərə xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərilmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Qeyd olunan məhkəmə sənədində cavabdehlərə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etmələri izah olunsa da, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutları məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə bildirir ki, «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında borc və Cavabdeh1 və Cavabdeh3 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi xx.xx.2023-cü il tarixli **********4930 nömrəli kredit və eyni tarixli, **********4930 -1222616 və **********4930 -1299072 nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********4930 nömrəli kredit müqaviləsindən görünür ki, «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin; - 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, kredit verən kredit alana sonuncunun ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3500 manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 28 faiz hesablanır; - 1.3 və 1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3,8 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcun tutulmasıu və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" ("Ödəniş cədvəli") müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulur; - 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir; - 2.1 və 2.1.4-cü bəndlərindən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal, qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə borcun tutulması sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur; - 3.2, 3.2.1-3.2.2-ci bəndlərinə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir; - 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab edilir; - 4.4-cü bəndindən isə görünür ki, kredit alan ödənişləri kredit verənin hesabına “e-pul” onlayn ödəniş xidməti vasitəsi ilə, “Milli ön” və “E-Manat” ödəmə terminalları, partnyor bankların (Kapital Bank, ABB) aidiyyəti filialları və “Azərpoçt” poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə kredit verən heç bir məsuliyyət daşımır; - 6.1-ci bəndlərinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə borcun tutulması sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcun tutulmasının və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; - 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədədir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 20 noyabr 2023-cü ildən başlamaqla 20 oktyabr 2025-ci ilədək hər ay 195 (bir yüz doxsan beş) manat, sonuncu ay isə 193 (bir yüz doxsan üç) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktı, eyni tarixli Finkart kredit vermə qəbzi və kassa məxaric orderi ilə sübuta yetirilir. «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatının tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələblərinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********4***-******* və **********4***-******* nömrəli zaminlik müqavilələrində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1.1-ci bəndinə əsasən zamin xx.xx.2023-cü il tarixli **********4930 saylı kredit müqaviləsinə əsasən ("kredit müqaviləsi"), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 ("kredit alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini illik 28 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - 2.1 və 2.2-ci bəndlərində qeyd edilir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - 3.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********4930 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və həmin müqavilələrdə Cavabdeh1 və Cavabdeh3 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatınin zaminlərə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 6-cı və zaminlik müqaviləsinin 2-ci bölmələrindən isə aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında Cavabdeh2 «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatına 989.26 (doqquz yüz səksən doqquz manat, iyirmi altı qəpik) manat əsas və 43 (qırx üç) manat faiz və 168.58 (bir yüz altmış səkkiz manat, əlli səkkiz qəpik) manat cərimə borcunun olması qeyd edilir. Həmin sənəddə Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcdan 2510 manat, faiz borcundan 1135 manat, cərimə borcundan 617.73 manat olmaqla, ümumilikdə 4263.47 manat ödəməsi qeyd edilib. Cavabdehlərin müqavilə üzrə 989.26 (doqquz yüz səksən doqquz manat, iyirmi altı qəpik) manat əsas və 43 (qırx üç) manat faiz borcu olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddia tələbini əsas və faiz borcuna dair hissədə əsaslı hesab edir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər razılaşmışlar ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Hazırki işin hallarından görünür ki, borcalan 168.58 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehlərdən tutulmalı dəbbə pulunun 49.46 (qırx doqquz manat, qırx altı qəpik) manat məbləğ olması daha ağlabatan və ədalətlidir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatı cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə borcu, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, əsas borc üzrə 989.26 (doqquz yüz səksən doqquz manat, iyirmi altı qəpik) manat əsas və 43 (qırx üç) manat faiz, cərimə borcuna görə 49.46 (qırx doqquz manat, qırx altı qəpik) manat olmaqla, cəmi 1081.72 (bir min səksən bir manat, yetmiş iki qəpik) borc məbləğində kredit borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu 28.83 manat (iyirmi səkkiz manat, səksən üç qəpik) dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Əsas borc üzrə 989.26 (doqquz yüz səksən doqquz manat, iyirmi altı qəpik) manat, faiz borcu üzrə 43 (qırx üç) manat, cərimə borcuna görə 49.46 (qırx doqquz manat, qırx altı qəpik) manat olmaqla, cəmi 1081.72 (bir min səksən bir manat, yetmiş iki qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Həmçinin 28.83 (iyirmi səkkiz manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb «FİNCA Azərbaycan» X2-Bank Kredit Təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-727/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-727/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver