Məhkəmə qərarları › İş №e-2(079)-728/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-728/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-728/2025 08.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatı 24 oktyabr 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6737.67 AZN, faiz borcuna görə 825.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 7562.67 (yeddi min beş yüz altmış iki manat, altmış yeddi qəpik) AZN məbləğində borcun və 95.63 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********8293 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 10100.00 (on min yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 448 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat kredit məbləği kredit alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********8***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3və **********8***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək "xxxx" MMM QBKT-nin Cavabdeh2 qarşı mülki işin 8 Dekabr 2025-ci il tarixində məhkəmə baxışına təyin edildiyini, hazırki məktubla həmin tarixdə və saatda məhkəmə prosesində nümayəndələrinin iştirak edə bilməyəcəklərini nəzərə alaraq, həmin işə iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iddianı qəbul etdiyini bildirərək iddianın etirafı barədə 20 noyabr 2025-ci il tarixli ərizəsində “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçı təşkilata 6737.67 (altı min yeddi yüz otuz yeddi manat, altmış yeddi qəpik) əsas borc, 825.00 (səkkiz yüz iyirmi beş) manat faiz borcu, olmaqla cəmi 7562.67 (yeddi min beş yüz altmış iki manat, altmış yeddi qəpik) borcunun olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh iddia tələbini etiraf etsə də, məhkəmə faiz borcu ilə əlaqədar aşağıdakıları qeyd edir: Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu 10100 manat kreditə görə 30 ay müddətində ümumilikdə 3333 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun müqavilənin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ yaranmış və müqavilə müddətinin bitməsindən əvvəl bütün kredit borcu borc alandan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, bu zaman borc alanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən kredit alanın məhkəməyə müraciət edildiyi - ödəniş qrafikinə uyğun olaraq xx.xx.2025-ci il tarixə ödəməli olduğu faiz borcu ümumilikdə 2508 (iki min beş yüz səkkiz) manat olmuşdur. Maliyyə arayışına görə kredit alan xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 2508 (iki min beş yüz səkkiz) manat ödəniş etmişdir və cəmi 825 (səkkiz yüz iyirmi beş) manat faiz borcu qalığı vardır. Kredit verən tərəfindən tələb olunan 825 (səkkiz yüz yirmi beş) manat məbləğində faiz borcu isə müqavilə müddətinin sonuna olan bütün faiz borcudur. Faiz borcu yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə əsasən hesablanır (3333-2508=825). Məhkəmə iddianın cavabdeh tərəfindən faiz borcuna münasibətdə etirafını cavabdehlərin qanunla qorunan mənafelərinə uyğun hesab etmir və iddianın etirafını faiz borcuna münasibətdə qəbul etmir və belə nəticəyə gəlir ki, iddia tələbi faiz borcuna münasibətdə təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, **********8***-******* nömrəli, Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, **********8***-******* nömrəli zaminlik müqavilələri imzalanmış, həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər kredit alan olan Cavabdeh2 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Bundan əlavə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilməli, əsas borc üzrə 6737.67 AZN, faiz borcuna görə 00 AZN, cəmi 6737.67 (altı min yeddi yüz otuz yeddi manat, altmış yeddi qəpik) AZN pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 85.19 manat (səksən beş manat, on doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, **********8293 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6737.67 AZN, faiz borcuna görə 00 AZN, cəmi 6737.67 (altı min yeddi yüz otuz yeddi manat, altmış yeddi qəpik) AZN pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 85.19 manat (səksən beş manat, on doqquz qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada alınaraq «Finca Azərbaycan» X2-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar