Məhkəmə qərarları › İş №e-2(079)-761/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-761/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-761/2024 03.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 noyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 1689.34 AZN əsas; 248.44 AZN faiz, cəmi 1937.78 AZN məbləğində vəsaitin və ödənilmiş 39.38 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK5612240B500 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 20.15 faiz dərəcəsi ilə 1735.69 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1689.34 AZN əsas; 248.44 AZN faiz, cəmi 1937.78 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, RGTK5612240B500 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 1735.69 AZN (bir min yeddi yüz otuz beş manat altmış doqquz qəp.) məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman birdəfəlik 17.19 AZN (on yeddi manat on doqquz qəp.) xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə üsulu ilə verilir. Cari hesaba köçürülən vəsait verdiyi ərizə əsasında bu müqavilənin 1.2-ci bəndində qeyd edilən xidmət haqqı çıxılmaq şərti ilə ASC-də olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki. borcalanın bu müqaviləni bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün borcalan tərəfindən verilmiş sərəncam ödəniş sənədi hesab ediləcək. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 48 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. - 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə borcalan illik 20.15% (Faktiki illik faiz dərəcəsi 20,74%) ödəyir. Borcalan əsas və müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki (bundan sonra Ödəniş qrafiki) əsasında ödəyir. Müqavilə imzalandığı andan sonra Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatın ABŞ dollarına nisbətdə dəyəri (məzənnəsi) azalarsa, faiz dərəcəsi aşağıda qeyd edilənlərə uyğun artırılaraq hesablanacaqdır: Manatın ABŞ dollarına nisbətdə dəyəri 1,75 manatdan 1.9 manatadək olarsa, bu müqavilənin 2.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33% olacaqdır; Manatın ABŞ dollarına nisbətdə dəyəri 1.90 manatdan çox olarsa, çoxalan (yüksələn) hər əlavə 10 qəpik üzrə bu müqavilənin 2.1.1.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsinə 1% əlavə ediləcəkdir. - 2.2-ci bəndinə əsasən ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə, gecikən əsas borca gündəlik 0.6% dəbbə pulu hesablanır. - 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. - 2.6-cı bəndinə əsasən müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq xidmət haqqı və dəbbə pulunun, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. -3.1.1-ci bəndinə əsasən kreditor kreditdən istifadəyə görə borcalandan illik 20.15% (Faktiki illik faiz dərəcəsi 20.74%) ödənilməsini, o cümlədən bu Müqavilə üzrə digər borcların (əsas borc, komisyon haqq, dəbbə pulu) ödənilməsini tələb edir; Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və cari hesabına köçürməkdir. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 52.96 manat, sonuncu ay isə 53.91 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bank məxaric orderindən bank tərəfindən 1735.69 manat pul məbləğinin xx.xx.2023-cü il tarixdə borcalana verilməsi və bunun cavabdehin imzası ilə təsdiqlənməsi aydın olur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu barədə maliyyə arayışından cavabdehin iddiaçı təşkilata 1689.34 (bir min altı yüz səksən doqquz manat, otuz dörd qəpik) manat əsas, 248.44 (iki yüz qırx səkkiz manat, qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 1937.78 (bir min doqquz yüz otuz yeddi manat, yetmiş səkkiz qəpik) manat borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilə üzrə 1689.34 (bir min altı yüz səksən doqquz manat, otuz dörd qəpik) manat əsas, 248.44 (iki yüz qırx səkkiz manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla cəmi 1937.78 (bir min doqquz yüz otuz yeddi manat, yetmiş səkkiz qəpik) manat borcun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 39.38 (otuz doqquz manat, otuz səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1689.34 (bir min altı yüz səksən doqquz manat, otuz dörd qəpik) manat əsas, 248.44 (iki yüz qırx səkkiz manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla cəmi 1937.78 (bir min doqquz yüz otuz yeddi manat, yetmiş səkkiz qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 39.38 (otuz doqquz manat, otuz səkkiz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar