Məhkəmə qərarları › İş №e-2(079)-767/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-767/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-767/2024 20.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi ilə "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 400 manat əsas, 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə olmaqla, cəmi 720 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1/9/2024-cü il tarixli **********001 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 400 manat mikro kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə 20 manat, xidmət haqqına görə isə 58 manat olmaqla, cəmi 478 manat pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 242 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan borcu 720 manat təşkil edir. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, “MM” ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən Kreditin məbləği Borcalanın ərizəsinə əsasən, Borcalana hissə-hissə verilə bilər. Verilmiş kredit məbləğindən istifadə müddəti ən azı 7 (yeddi) gün müəyyən edilir. Borcalan ilkin ödəniş müddəti 30 gün olan kredit məbləği üçün müraciət edə bilər. Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləğinin, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlərin ödənilməsi tarixi müqavilənin Xüsusi şərtlərində qeyd olunur. - müqavilənin 1.14 və 1.15-ci bəndlərinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Borcalan kredit üzrə qaytarmalı olduğu məbləği əməliyyat gününün sonunadək (Bakı vaxtı ilə 23:00) ödəməzsə, borc gecikdirilmiş hesab olunur. - müqavilənin 1.17-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə və ya lazımı qaydada yerinə yetirilmədikdə, BOKT bu Müqaviləyə əsasən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tədbirləri görmək hüququna malikdir, həmçinin BOKT-un aşağıdakı hüquqları var: 1) bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək; 2) verilmiş kredit məbləğinin ödənilmə tarixi Borcalan tərəfindən 30 təqvim günündən artıq müddətə gecikdirilərsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, Borcalandan borcun məhkəməyəqədərki tədbirlərlə alınması üçün müraciət etmək; 3) verilmiş kredit məbləğinin qaytarılmaması barədə məlumatları BOKT-un məlumatların verilməsi üçün müqavilə bağladığı kredit bürolarına (bürosuna) ötürmək; 4) pozulmuş hüquqlarının müdafiəsi və Müqavilə üzrə borc məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının məhkəmə orqanlarına müraciət etmək. - müqavilənin 1.18 və 1.19-cu bəndlərinə əsasən bu Müqavilə Tərəflər onu imzaladığı andan qüvvəyə minir və Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləği, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlər Borcalan tərəfindən tam ödənilənədək qüvvədə qalacaqdır. Bu Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə Tərəflər hazırkı Müqavilə və/və ya Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. - müqavilənin 2.6.1-ci bəndinə əsasən -bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı gecikmə olduqda, onun baş verdiyi tarixdən sonrakı 5 iş günündən gec olmayaraq, BOKT aşağıdakılar barədə məlumatların çatdırılmasını təmin edən rabitə vasitələrindən istifadə edərək Borcalana aşağıdakılar barədə məlumat verir: Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı gecikmənin baş verməsi və ödənişlərin edilməsinin vacibliyi (bildirişdə göstərilən tarixə olan vaxtı keçmiş borcun məbləğini göstərməklə); Borcalanın BOKT-a müraciət etmək hüququ; Borcalanın Müqavilə üzrə öhdəliklərinin yerinə yetirməməsinin nəticələri. - müqavilənin 3.1-ci bəndinə əsasən verilmiş kredit məbləği həmin məbləğin Borcalanın olan "AZ33UBAZ**********1010AZN001" SC-də "UBAZAZ22" saylı bank hesabı/poçt hesabı/ödəniş kartı və ya elektron pul kisəsinə köçürülməsi yolu ilə təqdim olunur. - müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən borcalan verilmiş kredit məbləği üzrə Müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödəniş edərək, Müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün məbləğləri qaytarmağa borcludur. Verilmiş kredit məbləği üzrə borcun ödənildiyi tarix bazar gününə düşərsə, ödəniş günü növbəti iş günü hesab edilsin (həmin günə keçirilsin). Verilmiş kredit məbləğinin ödənildiyi tarix vəsaitin BOKT-un bank hesabına daxil olduğu tarix hesab olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından 400 (dörd yüz) manat pul vəsaitinin Cavabdeh hesabına köçürülməsi aydın olur. Beləliklə, iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 400 manat pulun kreditlə Cavabdeh verildiyi məlum olur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 400 (dörd yüz) manat, faiz borcu üzrə 20 (iyirmi) manat, 58 (əlli səkkiz) manat komissiya, cərimə borcuna görə 242 (iki yüz qırx iki) manat olmaqla, cəmi 720 (yeddi yüz iyirmi) manat borcu var. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, borcalanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə əsaslı hesab edir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Hazırki işin hallarından görünür ki, borcalan 400 (dörd yüz) manat əsas borca münasibətdə 242 (iki yüz qırx iki) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 20 (iyirmi) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 400 (dörd yüz) manat, faiz borcu üzrə 20 (iyirmi) manat, 58 (əlli səkkiz) manat komissiya, cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 498 ( dörd yüz doxsan səkkiz) manat borc Cavabdeh tutularaq iddiaçı "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 20.75 (iyirmi manat, yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 400 (dörd yüz) manat, faiz borcu üzrə 20 (iyirmi) manat, 58 (əlli səkkiz) manat komissiya, cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 498 ( dörd yüz doxsan səkkiz) manat borc Cavabdeh tutularaq iddiaçı "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 20.75 (iyirmi manat, yetmiş beş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar