Məhkəmə qərarları › İş №e-2(079)-768/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-768/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-768/2024 22.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 manat əsas borcun, vaxtında ödənilməyən ödənişin yaratdığı zərərə görə 1125 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 53.25 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirən məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia ərizəsinə əlavə olunmuş tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində nəzərdə tutulmuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İddia ərizəsinə əlavə olunmuş müqavilənin 7-ci bəndi ilə tərəflər razılaşmışlar ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə müəyyən olunur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-ci bəndindən aydın olur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi verilir. İddiaçı tələbindən isə aydın olur ki, onun cavabdehə qarşı olan tələbi məhz yuxarıda qeyd edilən müqavilədən yaranan pul tələbidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi Babək Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinin məzmundan məlum olur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsi ilə isə müəyyən olunur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilir ki, hazırda eyni zamanda borcludan pul məbləğinin tutulması üçün icra qeydinin aparılması məqsədilə iddiaçının notariusa müraciət etməsi üçün hüquqi şərait mövcuddur və notariusa müraciət edildiyi halda borcludan pul məbləğlərini tutmaq üçün borclunun olduğu yer üzrə notarius “Notariat haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq iddia müddətləri keçmədiyi halda borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, Cavabdeh qarşı yuxarıda qeyd olunan müqavilənin icrası ilə bağlı icra qeyd verilməsi üçün o, borclunun olduğu yer üzrə notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsi ilə müəyyən olunur ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulur. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsilə ödədiyi 16 noyabr 2024-cü il tarixdə 28441 nömrəli qəbzlə ödənilmiş 53.25 (əlli üç manat, iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsilə ödədiyi 16 noyabr 2024-cü il tarixdə 28441 nömrəli qəbzlə ödənilmiş 53.25 (əlli üç manat, iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar