Məhkəmə qərarları › İş №e-2(079)-770/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-770/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-770/2024 23.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 170 manatın, nəticə etibarı ilə ümumilikdə 1870 (min səkkiz yüz yetmiş) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 38.7 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, "Telefon Mağazasının" satıcısı, mən İddiaçı Cavabdeh ilə 31 mart 2024-cü il tarixli 136 nömrəli nisyə mal satılması müqaviləsi bağlamışıq. 31 mart 2024-cü il tarixli 136 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “İPHONE 13" markalı telefonu 12 aylıq kreditlə 1800 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən 100 manat ödəniş ödənilmiş, hazırda qalan 1700 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur.Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Əliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 31 mart 2024-cü il tarixli 136 nömrəli müqavilədən yaranan 1700 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 170 manat peniya və 38.7 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında 31 mart 2024-cü il tarixli, 136 nömrəli müqavilənin bağlanması, bu müqavilə üzrə «İPHONE 13» markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 31 mart 2024-cü il tarixli, 136 nömrəli satınalma müqaviləsindən tərəflər arasında «İPHONE 13» markalı mobil telefonun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya ümumi dəyəri 1800 (bir min səkkiz yüz) AZN dəyərində İPHONE 13 (İMEİ1:**********35153,İMEİ2:**********16518) qaydada mobil telefonun dəyərini bu Müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın («İPHONE 13»markalı telefonun) dəyərinin ümumilikdə 1800 (bir min səkkiz yüz) manat olduğunu və bu məbləği müqavilənin tərkib hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi, ümumi məbləğin 100 (yüz) AZN-ni ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 1700 (min yeddi yüz) AZN ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh «İPHONE 13» markalı telefon ilə əlaqədar 28 aprel 2024-cü il tarixdən başlayaraq 12 ay ərzində hər ay 141.66 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh 31 mart 2024-cü il tarixli, 136 nömrəli mal satınalması müqaviləsi üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilə ilə tərəflərin: - satıcının alıcıya 1800 manat dəyərində «İPHONE 13» markalı mobil telefonu satdığı, alıcının isə müqavilə ilə razılaşdırılmış şərtlərlə malın dəyərini ödəyəcəyi; - satıcının müqavilələr ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququnun mövcudluğu; - satıcının alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilələrin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək hüququnun mövcudluğu; - satıcının sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək, alıcının isə telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini müqavilələrin 3-cü bəndinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmək vəzifəsinin mövcudluğu; - Alıcının müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək vəzifəsinin mövcudluğu; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın («İPHONE 13»markalı telefonun) dəyərinin ümumilikdə 1800 (bir min səkkiz yüz) manat olduğunu və bu məbləği müqavilənin tərkib hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi, malın («İPHONE 13» markalı telefonun) dəyərinin ümumilikdə 1800 (bir min səkkiz yüz) manat olduğunu, ümum məbləğin 100 (yüz) AZN-ni ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 1700 (bir in yeddi yüz) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəmək vəzifəsinin mövcudluğu; - kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə aylıq ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəməli olması; - müqavilənin tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədə olması barədə razılaşmaları müəyyən olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış 31 mart 2024-cü il tarixli, 136 nömrəli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı İmei kod **********35153, İMEİ2:**********16518 olan «İPHONE 13» markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazımınca icra etmişdir. xx.xx.2024-cü il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda 31 mart 2024-cü il tarixli, 136 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən «İPHONE 13» markalı telefonu 12 aylıq kreditlə 1800 manat dəyərində almağa razılığın verilməsi, kredit üzrə ödənişin 100 manat ödənildiyi və 1700 manat borcun qalması, müqavilənin 2-ci və 3-cü bədinə görə peniya hesablanacağına dair xəbərdarlıq olunmuş, beş gün ərzində borcun ödənilmədiyi halda müqavilədə (Alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasənda məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər və alınan telefonların İMEİ-i bağlada və ya polisə verə bilər) göstərilən maddələrin icra olunacağı barədə xəbərdar olunmuşdur. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi barədə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə arayışdan aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 1700 (bir min yedd yüz) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə aylıq ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 1700 manat əsas borcuna münasibətdə iddiaçı 170 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 85 (səksən beş manat) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1700 (bir min yeddi yüz) manat məbləğində əsas borc, 85 (səksən beş) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 36.94 (otuz altı manat, doxsan dörd qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 3110-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 31 mart 2024-cü il tarixli, 136 nömrəli satınalma müqaviləsinə əsasən 1700 (bir min yeddi yüz) manat məbləğində əsas borc, 85 (səksən beş) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 36.94 (otuz altı manat, doxsan dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar