Məhkəmə qərarları › İş №e-2(079)-801/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-801/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-801/2025 07.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 164,92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 194,92 (bir yüz doxsan dörd manat, doxsan iki qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, "xxxx" ASC tərəfindən RQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış X2 məxsus Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 15A, 16 saylı mənzilə xx.xx.2024-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 164,92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Naxçıvan şəhəri, 4 saylı MKİS tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktla da müəyyən olunmuşdur ki, X2 məxsus 16 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 18 saylı mənzilin mətbəx otağından su axıntısı nəticəsində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar G-D-3839-2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla tələb irəli sürülmüş, lakin hal-hazırki tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. CPİ0054/24 nömrəli sığorta aktından belə məlum olur ki, «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti və X3 arasında bağlanmış xx.xx.2024-xx.xx.2025-ci il tarixləri əhatə edən, sığorta məbləği 20000 AZN olan, RQA********** nömrəli Sığorta müqaviləsi ilə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 15A, ev 16 mənzili 1 il müddətinə sığorta təminat müddəti barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli, CPİ0054/24 nömrəli Sığorta Aktından sığorta müqaviləsinə aid məlumatlar bölməsində RQA********** nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsi ilə Naxçıvan şəhəri, Çənlibel məhəlləsində yerləşən bina 15A, ev 16 mənzilinin xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək müddətdə, 20000 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində baş verdiyi, mənzili su basdığı, hadisənin sığorta müaviləsi üzrə 1-ci hadisə olduğu, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 365.00 AZN olduğu, şərtsiz azadolmanın məbləğinin 200.00 AZN olduğu, sığorta ödənişinin 164.92 AZN olduğu, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan X2 məxsus Çənlibel məhəlləsi bina 15A, mənzil 16 ünvanına baxış keçirildiyi, baxış keçirilən zaman Çənlibel məhəlləsi bina 15A, mənzil 18 ünvanında yaşıyan Cavabdeh məxsus mənzilin mətbəx otağından 26 iyul 2024-cü il tarixdə su axıtntısının aşkar olunduğu, su axıntısı nəticəsində X2 məxsus Çənlibel məhəlləsi bina 15a mənzil 16 ünvanının qonaq otağı və mətbəx otağınının tavan və divarlarına zərər dəydiyi müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 4849/23 nömrəli qiymətləndirmə aktından X2 məxsus ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin tavanının astar vurulub rənglənməsinə 200 AZN, tullantıların daşınmasına 50 AZN, üz astarına 5 ədəd olmaqla 35 AZN, emusiyaya 2 ədəd olmaqla 60 AZN, xırdavat 1 ədəd olmaqla 20 AZN xərcləndiyi müəyyən olunur. xx.xx.2024-cü il tarixli, 7990 nömrəli ödəniş tapşırığından 164.92 manat dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" ASC tərəfindən X1 AZ31AİİB410100İ**********130 nömrəli bank hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, S-D-383-9-2025 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan "xxxx" ASC tərəfindən RQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanmış X2 məxsus Naxçıvan şəhəri, Çənlibel Məhəlləsi, ev 15A, 16 saylı mənzilə xx.xx.2024-cü il tarixində üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəyməsi barədə məlumatın daxil olduğunu, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən X2 164.92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat sığorta ödənişinin həyata keçirildiyi, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 15A, 18 saylı mənzildən suyun axması nəticəsində maddi ziyanın dəydiyi, bu faktın öz əksini Naxçıvan şəhər, 4 saylı MKİS-in təqdim etdiyi xx.xx.2024-cü il tarixli aktında da tapdığı, AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçirdiyi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə biləcəyi, qeyd olunanları nəzərə alaraq subroqasiya hüququna əsasən 164.92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat məbləğdə vəsaiti 7 (yeddi) iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsinin xahiş olunduğu, qeyd olunan tarixədək həmin vəsaitin ödənilməyəcəyi təqdirdə cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbinin irəli sürüləcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin cavabdehdən tutulacağı barədə xəbərdar olunduğu aydın olur. Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyriyaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma Daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 39.3.2-ci maddəsinə görə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat kimi müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə isə daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə görə sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində Naxçıvan şəhəri, Çənlibel məhəlləsində yerləşən X2 məxsus bina 15A, ev 16 nömrəli mənzilə ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Cavabdehin təqsirli bilindiyi hüquq pozuntudu nəticəsində X2 məxsus mənzilə 365 AZN məbləğində maddi zərər dəyməsi müəyyən olunmuşdur. 7990 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərfindən 164.92 AZN məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. RQA********** nömrəli sığorta şəhadətnaməsindən «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı Naxçıvan şəhəri, Çənlibel məhəlləsində yerləşən X2 məxsus bina 15A, ev 16 nömrəli mənzilin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2025-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan qiymətləndirmə aktına görə mənzilə vurulmuş 365 manat məbləğində zərərin sığorta müqaviləsində nəzərdə tutulmuş 200 AZN (iki yüz) azadolma məbləği çıxılmaqla 164.92 manatı zərərçəkən X1 hesabına köçürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 164.92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat məbləğində pul alınaraq «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 164.92 (bir yüz altmış dörd manat, doxsan iki qəpik) manat məbləğində pul alınaraq «Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar