Məhkəmə qərarları › İş №e-2(080)-103/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-103/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-103/2022 19.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR2509529A131 saylı kredit müqaviləsi üzrə 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcu, cəmi 12574.12 manat borcun və 127.72 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 24.71 % dərəcəsi ilə 48 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə Cavabdeh 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcu, cəmi 12574.12 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi xəbərdarlıq olunmuş, rəsmi qaydada bildiriş göndərilmiş, lakin borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, sübutların məhkəməyə təqdim edildiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh, iddianı qəbul etmiş, iddianı etiraf etmiş, xx.xx.2020-ci il tarixli, GTKR2509529A131 saylı kredit müqaviləsi üzrə 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcunun olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RGTK2509529A131 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 24.71 % dərəcəsi ilə 48 ay müddətinə 13000 manat məbləğində istehlak krediti verilmişdir. 18.08. 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 13000 manat Cavabdeh nəğd olaraq verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcu, cəmi 12574.12 manat borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, GTKR2509529A131 saylı kredit müqaviləsi üzrə 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcu alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 127.72 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rasim oğlundan xx.xx.2020-ci il tarixli, GTKR2509529A131 saylı kredit müqaviləsi üzrə 11230.22 manat əsas borc, 1343.9 manat faiz borcu, cəmi 12574.12 manat borc və 127.72 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar