Məhkəmə qərarları › İş №e-2(080)-161/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-161/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-161/2023 29.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı “X1” MMC -nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, borclu Cavabdeh 1608 manat borc,150 manat faiz borcu, 50 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun cəmi, 1808 manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1” MMC-nin nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, "X2” MMMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci tarixdə “Vorld Telekom" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun borclu Cavabdeh arasında 11 may 2017-ci il tarixli 01-AGT000011909 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh “Vorld Telekom" mağazasından ümumi nisyə dəyəri 1795.(bir min yeddi yüz doxsan beş ) manat iPhone 7.32 black ( İMEİ **********40162) markalı mobil telefon almışdır. Alıcı Cavabdeh xx.xx.2017-ci il. tarixdən başlayaraq hər ayın 11-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 134 (yüz otuz dörd) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1608 manatı mağazaya ödəməmişdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli, 001 saylı Faktorinq müqaviləsindən görünür ki, “X1" MMC hüquqi şəxs olan "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən Borc tələbi hüququ Faktora hüququn güzəşt edildiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Öhdəliyin icrasını təmin edən hüquqlar, borc tələbilə bağlı olan digər hüquqlar, ödənilməmiş faizlərə (o cümlədən cərimə filizlərinə) hüquq, girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar Faktora keçir. İş materiallarına əlavə edilmiş 11 may 2017-ci il tarixli 01-AGT000011909 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “Vorld Telekom" mağazasından şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 1795 məbləğində olan ümumi nisyə dəyəri 1795 manat olan iPhone 7.32 Black ( İMEİ **********40162) markalı mobil telefonu nisyə alqısatqı şərtləri ilə almışdır almışdır. 12 iyun 2023-cü tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh “X2" MMC-nə 1608 manat əsas borc, 150 manat faiz borcu, 50 manat cərimə pulu, cəmi 1808 manat borcu vardır. Cavabdehə “X2" MMC -nə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə borculya rəsmi qaydada xəbərdarlıq etmək üçün qeydiyyatda olduğu yer üzrə bildiriş göndərmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 39 AZN məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi İddia təmin edilsin. Cavabdeh 1608 manat əsas borc,150 manat faiz borcu, 50 manat cərimə ümumilikdə 1808 manat və 39 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar