Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-261/2025 16.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,, müəyyən etdi: İddiaçı Cavabdeh 180 AZN pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində investisiya məqsədilə 350 manat pul cavabdehin kart hesabına köçürülmüşdür. İddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya investisiya məqsədilə verilmiş pul vəsaitinin həftə ərzində iki dəfə hesabatını verməli idi. xx.xx.2025-ci il tarixdə Cavabdeh iddiaçıya geri dönüş edəcəyini, onu işin gedişatı barədə məlumatlandıracağını bildirmişdir. Lakin, cavabdeh uzun müddət heç bir xəbər verməmiş, işin hansı mərhələdə olduğu barədə iddiaçını məlumatlandırmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaçıya qarşı təhqiramiz ifadələrdən istifadə edərək onu təhqir etmiş, pulun bir qismi olan 170 manatı qaytarmış, lakin bugünədək iddiaçıcavabdehlə əlaqə yaratmağa çalışsa da onunla əlaqə yarada bilməmiş, pulun qalan hissəsini ala bilməmişdir. Cavabdeh bu günə kimi 180 AZN pul vəsaitini qaytarmamış müxtəlif bəhanələr uyduraraq borcunun icrasını gecikdirmişdir. Cavabdeh məsuliyyətdən yayınmaq məqsədilə iddiaçını sosial şəbəkələrdən bloka atmış və ona geri dönüş etməmişdir. Bu səbəbdən, cavabdeh həmin məbləği ödəməməyə görə mülki məsuliyyət daşıyır. İddiaçının müqavilə öhdəliklərini pozulması nəticəsində ona dəymiş ziyanın əvəzini tələb etmək hüququ yaranır. İddiaçı dəfələrlə cavabdehlə razılığa gəlməyə çalışsa da cavabdeh ona məhəl qoymamış öz öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasılarının yeri və vaxtı barəsində tərəflərə rəsmi qayada məlumat verilsədə tərəflər məhkəmə iclaslarına gəlməmişlər. xx.xx.2025-ci il tarixdə Cavabdeh Məhkəməyə iddia tələbinə qarşı elektron qaydada etiraz ərizəsi göndərmiş, cavabdeh etiraz ərizəsində bunları qeyd etmişdir. Mən, Cavabdeh, İddiaçı məndən 180 (bir yüz səksən) manat məbləğin ödənilməsini tələb etməsinə tam etiraz edirəm. İddia faktiki və hüquqi baxımdan əsassızdır. İddiaçının öz ərizəsində də göstərildiyi kimi, mübahisə predmeti olan məbləğ “investisiya məqsədilə” verilmişdir ki, bu da tərəflər arasında borc münasibətinin deyil, birgə investisiya (treydinq) fəaliyyətinin mövcud olduğunu təsdiqləyir. İddiaçı iddiasını sübut etmək üçün zəruri hüquqi sənədləri təqdim etməmiş, əksinə təqdim etdiyi yazışma və sənədlərdən mənim mövqeyimin doğru olduğu aydın görünür. Belə ki, iddiaçı yazışmalarda məsələnin bitdiyini “Mən səninlə qurtardım” ifadəsi ilə təsdiqləmiş, vəsaitin investisiya məqsədli və 50/50 razılaşma əsasında qoyulduğunu inkar etməmiş, həmçinin mənim zərərin qalan hissəsini jest məqsədli olaraq könüllü şəkildə qarşılamağımı da danmamışdır. Bu hallar bir daha sübut edir ki, iddiaçının iddiası hüquqi əsasdan məhrum, subyektiv və təhrif edilmiş xarakter daşıyır. Cavabdeh ilə İddiaçı arasında 2025-ci ilin yanvar ayında treydinq fəaliyyəti (investisiya məqsədli əməliyyatlar) üzrə şifahi razılıq əsasında 350 (üç yüz əlli) manat məbləğində vəsaitin birgə istifadəsi barədə razılıq yaranmışdır. Tərəflər gəlir və zərərin 50/50 nisbətində bölüşdürülməsi prinsipi ilə fəaliyyət göstərmiş, bu münasibət borc münasibəti deyil, qarşılıqlı risk daşıyan investisiya əməkdaşlığı xarakteri daşımışdır. xx.xx.2025 tarixində iddiaçı tərəfindən cavabdehin kart hesabına 350 AZN məbləğ köçürülmüşdür. Ən mühüm məqam ondan ibarətdir ki, iddiaçının özü də təqdim etdiyi ərizədə bu məbləğin “investisiya məqsədilə” köçürüldüyünü açıq şəkildə qeyd etmişdir. Yəni iddiaçının mövqeyi ilə təsdiqlənir ki, tərəflər arasında borc münasibəti deyil, investisiya xarakterli riskli fəaliyyət mövcud olmuşdur. Buna baxmayaraq, iddiaçı bu münasibəti sonradan əsassız şəkildə “borc” kimi təqdim edərək iddia qaldırmışdır. Zərərin yaranmasından təxminən 22 gün sonra, yəni 2025-ci ilin yanvar ayının 24-ü, cavabdeh iddiaçıya 170 (bir yüz yetmiş) manat məbləğində vəsaiti könüllü şəkildə qaytarmışdır. Həmin əməliyyatın bank/kart çıxarışı cavabdeh tərəfindən etibarlı sübut kimi əlavə edilir. Sözügedən ödənişdən dərhal sonra iddiaçı cavabdehə mesaj yazaraq “Mən səninlə qurtardım” ifadəsini işlədir və bununla münasibətləri bitmiş sayır. Bu yazışmanın skrinşotu sübut kimi sənədlərə qoşulmuşdur. Buna baxmayaraq, iddiaçı sonradan dəfələrlə yeni ödəniş tələbi ilə cavabdehə yazmış, lakin həmin tələblərə əsas olacaq heç bir yeni razılaşma, sənəd və ya öhdəlik sübutu təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən iddiaçıya treydinq fəaliyyətinin riskli və birgə məsuliyyətli xarakter daşıdığı izah edilmiş, iddiaçı isə bu açıqlamaya heç bir etiraz bildirməmişdir. 2025-ci ilin yanvar ayından oktyabr ayına qədər iddiaçı dəfələrlə sosial şəbəkələr və mesajlar vasitəsilə cavabdehə israrlı şəkildə yazaraq psixoloji təzyiq və narahatlıq yaratmış, həmçinin cavabdehin yaşadığı məhəlləyə gələrək ətrafdakı şəxslərə onun şəklini göstərməklə onu axtarmağa cəhd etmişdir Bu hərəkətlər cavabdehin şəxsi həyatına və mənəvi rahatlığına açıq müdaxilə hesab olunur və iddiaçının davranış motivlərinin obyektiv hüquqi tələbdən deyil, emosional və təzyiq xarakterli səbəblərdən qaynaqlandığını göstərir. Cavabdeh, iddiaçının əsassız və təkrarlanan müraciətləri səbəbindən əlaqəni minimum səviyyədə saxlamış, lakin heç bir maddi öhdəlikdən yayınmamışdır. Linkedİn yazışmalarında da təsdiqləndiyi kimi, tərəflər sonradan üzbəüz görüş keçirmişlər. Həmin görüş zamanı cavabdeh zərərin tamamını könüllü şəkildə qarşılamağı yalnız jest məqsədli olaraq və uzunmüddətli tanışlıq münasibətləri səbəbindən üzərinə götürdüyünü iddiaçıya xatırlatmışdır. Bu bəyanat hər hansı borc öhdəliyinin mövcudluğunu deyil, yalnız etik və könüllü xarakterli bir jesti ifadə etmişdir. İddiaçı bu linkedin yazışmaları zamanı cavab olaraq “Yaxşı, heç olmasa nömrəmi blokdan çıxart” ifadəsini yazmış və borc münasibətinin mövcud olduğunu nə səbəbdən yarandığını əsaslı şəkildə bildirməmişdir. Beləliklə, iddiaçının davranış və yazışmaları da göstərir ki, mübahisə predmeti borc münasibətindən deyil, tərəflər arasında baş vermiş riskli investisiya fəaliyyəti və sonrakı şəxsi anlaşılmazlıqlardan ibarətdir. Yuxarıda göstərilən hallardan açıq görünür ki, iddiaçının ərizəsində irəli sürdüyü iddialar təhrif edilmiş, subyektiv və əsassız xarakter daşıyır. Mövcud münasibət hüquqi mahiyyətinə görə borc öhdəliyi deyil, tərəflərin ortaq risk əsasında iştirak etdiyi investisiya fəaliyyətidir. Cavabdeh bu münasibət çərçivəsində öz üzərinə düşən bütün öhdəlikləri könüllü şəkildə yerinə yetirmiş və iddiaçının tələbləri üçün heç bir hüquqi əsas qalmamışdır. Eyni tarixdə İddiaçı trəfindən Məhkəməyə elektron qaydada vəsatət daxil olmuşdur, İddiaçı vəsatətində bunları qeyd etmişdir, İddiaçı olaraq mən, İddiaçı, Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində vəsaiti investisiya məqsədilə, tərəflər arasında etimad və razılaşma əsasında təqdim etmişəm. Bu fakt tərəflər arasında razılıqla qəbul olunur və mübahisə doğurmur. Cavabdeh "iddiaçı ilə birgə investisiya fəaliyyəti" iddiası irəli sürərək, borc münasibətinin mövcud olmadığını bildirir. Halbuki tərəflər arasında heç bir yazılı investisiya razılaşması, müqavilə, elektron yazışma və ya gəlir-zərər bölgüsünü təsdiqləyən sənəd mövcud deyil. Bu isə göstərir ki, cavabdeh "investisiya fəaliyyəti” iddiasını yalnız formal bəyanat səviyyəsində irəli sürür, lakin onu sübut edən konkret faktiki və hüquqi əsaslar təqdim etmir. Bu səbəbdən onun arqumenti mülki-prosessual qaydada sübutsuz və etibarsız hesab edilməlidir. Məsələnin mahiyyəti vəsaitin investisiya məqsədilə verilib-verilməməsində deyil, cavabdehin öz üzərinə götürdüyü məlumatvermə və hesabatlılıq öhdəliyinin pozulmasındadır. Cavabdeh razılaşmaya əsasən investisiyanın vəziyyəti və nəticələri barədə mütəmadi (həftəlik) məlumat verməli, əməliyyatların nəticələrini izah etməli idi. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirməmiş, uzun müddət ərzində əlaqəni kəsmiş və məlumatvermə öhdəliyini pozmuşdur. Bu pozuntu Mülki Məcəllənin 6-cı, 390-cı və 442-ci maddələrinə ziddir. Həmin maddələrə görə, hər bir öhdəlik vicdanla, qarşı tərəfin mənafelərini nəzərə almaqla və səmimi niyyətlə icra edilməlidir. Cavabdeh tərəfindən bu prinsiplərin pozulması onun investisiya münasibətində öhdəlik daşıyan şəxs kimi məsuliyyətini təsdiq edir. 5. Əgər cavabdeh vaxtında məlumat və hesabat təqdim etmiş, investisiyanın vəziyyəti barədə şəffaf izahlar vermiş olsaydı, bu hal iddia predmetinə çevrilməzdi. Lakin pozuntu məhz cavabdehdən baş verdiyi üçün, investisiya fəaliyyətinin nəticələrinə görə məsuliyyət də onun üzərinə düşür. Eyni tarixdə Cavabdeh məhkəməyə elektron qaydada ərizə ilə müraciət etmişdir, cavabdeh ərizəsində bunları qeyd etmişdir, Cavabdeh məhkəməyə bütün əlçatan və mövcud olan əməliyyat çıxarışlarını, bank kart qəbzlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər əsasında Capital.com hesabından USD 150 məbləği üzrə əməliyyatlar tam sübuta yetirilmişdir, əlavə olaraq xx.xx.2025 tarixində platforma çıxarışında qeyd olunmuş USD 50 əməliyyatının ilkin depozit (xx.xx.2025) ilə zəncirlilik dərəcəsinin müəyyənləşdirilməsi üçün platformanın reconciliation/audit çıxarışına lazım görüldüyü təqdirdə istinadı tələb olunur. Qeyd olunur ki, qoşma sənədlər əlavə edilmişdir; lakin platforma çıxarışının tam Excel formatı sistem tərəfindən dəstəklənmədiyindən, əməliyyat məlumatları ekran görüntüsü (screenshot) şəklində əlavə edilmişdir. Bununla belə, bütün əməliyyatlar unikal İD kodları vasitəsilə identifikasiya oluna və doğruluğu yoxlana bilər. 2) Tərəflərin ilkin ünsiyyət və təqdim etdikləri yazışmalar əsasında ilkin münasibətin investisiya/treydinq xarakterli olduğu açıqdır; iddiaçı öz ərizəsində də məbləğin “investisiya məqsədilə” köçürüldüyünü göstərmişdir. Bu səbəbdən iddiaçının iddia etdiyi qaydada borc mövqeyinin mövcudluğu sübuta yetirilmir və iddia hüquqi əsasdan məhrumdur. 3) Cavabdeh razılaşmaya əsasən tərəflərin mənfəət və zərərin bölüşdürülməsində 50% prinsipini yerinə yetirmişdir; təqdim olunmuş əməliyyat logları USD 150 məbləğinin platformada həyata keçirildiyini göstərir və bu məbləğ hər tərəf üçün təqribən 130 AZN səviyyəsində zərərə uyğun gəlir (təqribi məzənnə əsasında hesablanmışdır). Cavabdeh əlavə olaraq ortaya çıxmış broker/komissiya/məzənnə fərqlərini jest məqsədilə öz vəsaiti hesabına kompensasiya etmişdir; bu fakt məhkəməyə bildirildi və qiymətləndirməyə daxil edilsin. 4) Hüquqi əsaslandırma: a) Mülki Məcəllənin 6-cı maddəsi (vicdanlılıq prinsipi) tərəflərin əməl və iddialarının qiymətləndirilməsində rəhbər prinsiplərdən biridir; cavabdeh təqdim etdiyi sənədlərlə tam şəffaflığı təmin edib və əməlində vicdanlılıq nümayiş etdirir. b) Mülki Məcəllənin 443-cü maddəsi öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzini nəzərdə tutur; bu maddənin tətbiqi üçün ilkin borc-öhdəliyinin mövcudluğu və sübuta yetirilməsi tələb olunur. Tərəflərin münasibətinin investisiya xarakterli olması və iddiaçının öz ərizəsində bunu etiraf etməsi 443-cü maddənin tətbiqini əsaslı şəkildə şübhə altına alır. c) Mülki Məcəllənin müvafiq digər maddələri (məsələn, icranın gecikməsi və gecikmədən doğan məsuliyyətlərlə bağlı normalar) yalnız ilkin borc mövcud olduqda reallaşır; borc yox investisiya münasibəti halında həmin maddələrin tətbiqi məntiqi və hüquqi əsasdan məhrum olur. 5) Xahiş olunan konkret hüquqi nəticələr və məhkəmədən tələb: a) Təqdim olunmuş əməliyyat logları əsasında USD 150 məbləğinin sübuta yetirildiyi tanınsın və bu provable məbləğ nəzərə alınaraq qərar qəbul edilsin. b) USD 50 məbləğinin xx.xx.2025 tarixli ilkin depozit ilə birbaşa zəncirliliyinin müəyyənləşdirilməsi üçün Capital.com-dan reconciliation/audit çıxarışlarının lazım olduğu təqdirdə təqdim edilməsi qərara bağlansın; həmin çıxarış qəbul edildikdən sonra USD 50-in statusu üzrə müvafiq hüquqi nəticə müəyyən edilsin. c) İddiaçının iddiasının müddəalarının hüquqi baxımdan əsassız olduğu təsdiqlənsin və tərəflərarası mövcud investisiya xarakterli münasibətə uyğun olaraq iddia rədd edilsin. Dövlət rüsumu iddiaçının üzərinə qoyulsun. d) Məhkəmədən xahiş olunur ki, iddiaçının təqdim etdiyi yazışmalara əsasən onun investisiya olduğunu qəbul etməsi və işin həmin investisiya münasibətinin nəticəsi kimi bağlanması barədə müvafiq qeydin verilməsini təmin etsin. 6) Son: Cavabdeh şəffaflıq prinsipi ilə bütün mövcud çıxarışları təqdim etmişdir; tərəflərarası ilkin şifahi razılaşma investisiya/treydinq xarakterində olmuş, cavabdeh razılaşmaya uyğun olaraq 50% ödənişi yerinə yetirmiş və əlavə maddi öhdəlik daşımır. Məhkəmədən xahiş olunur ki, təqdim edilmiş sübutları və məhkəmə tərəfindən əldə olunacaq platforma reconciliation-i nəzərə alaraq yuxarıda göstərilən hüquqi nəticəni təsdiq etsin. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə mübahisənin məbləğini və Naxçıvana səfər xərclərini nəzərə alsaq səfər etmək üçün sərfəli olmadığını, bundan əlavə, iş yerindən icazə almaq imkanının mümkün olmadığını, təqdim etdiyi yazılı izahat və təqdim etdiyim materiallar əsasında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını,. Bütün sübutlar tərəfimdən tam formada təqdim edildiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsin mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına WhatsApp və üzərindən iddiaçı və cavabdeh tərəfindən aparılan yazışmalar əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və aldığı 350 manatın 180 manat olan hissəsini ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını, tərəflər tərəfindən təqdim edilmiş yazılı izahatları, elektron yazışmaları və sübutları hərtərəfli, obyektiv və tam şəkildə araşdıraraq, onlara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət verir və aşağıdakı nəticəyə gəlir. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquqi münasibətin mahiyyəti cavabdehin iddia etdiyi kimi “birgə riskli investisiya fəaliyyəti” deyil, faktiki olaraq pul vəsaitinin verilməsi və sonradan geri qaytarılması öhdəliyi ilə müşayiət olunan mülki öhdəlik münasibətidir. İş materiallarından və WhatsApp yazışmalarından açıq görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına xx.xx.2025-ci il tarixində 350 AZN məbləğində pul köçürülmüşdür. Bu fakt cavabdeh tərəfindən də inkar edilmir və bank qəbzi ilə təsdiqlənir. Cavabdeh tərəfindən irəli sürülən “investisiya fəaliyyəti” iddiasına baxmayaraq, məhkəmə müəyyən edir ki, tərəflər arasında yazılı və ya elektron investisiya müqaviləsi mövcud deyil, gəlir və zərərin bölüşdürülməsi, risklərin kimə aid olması, itki halında məsuliyyət bölgüsü barədə konkret hüquqi mexanizm müəyyən edilməmişdir.Cavabdeh tərəfindən təqdim edilən “platforma çıxarışları” tərəflər arasında hüquqi investisiya münasibətinin mövcudluğunu təsdiq edən yetərli və tam sübut hesab edilə bilməz.Bu baxımdan cavabdehin “birgə investisiya fəaliyyəti” arqumenti yalnız şifahi bəyanat xarakteri daşıyır və hüquqi cəhətdən sübuta yetirilmir. Məhkəmə üçün həlledici əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, cavabdeh xx.xx.2025-ci il tarixində 170 AZN məbləğində pul vəsaitini iddiaçıya qaytarmış, sonrakı WhatsApp və Linkedİn yazışmalarında qalan 180 AZN məbləğini ödəyəcəyini açıq şəkildə bəyan etmişdir. Xüsusilə, cavabdehin aşağıdakı ifadələri: - Pulunun yarısını indi atıram, qalan yarısını da atacam -180 manatı da göndərəcəm - Qalan pulu öz üzərimə götürürəm - Pulunu verəcəm, amma vaxtı var Məhkəmə tərəfindən borcun mövcudluğunun açıq və şübhəsiz etirafı kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəlik tərəflərdən birinin digər tərəfin xeyrinə müəyyən hərəkət etməli olduğu hüquqi münasibətdir. Cavabdehin bu ifadələri onun üzərinə pul qaytarmaq öhdəliyi götürdüyünü açıq şəkildə təsdiqləyir. Eyni zamanda cavabdehin “ödəmə üçün konkret vaxt deməmişəm” arqumenti hüquqi baxımdan əsassızdır. Belə ki, öhdəliyin icra müddəti müəyyən edilmədikdə, borclu onu kreditorun tələbi ilə dərhal icra etməlidir. Bu halda iddiaçı dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh əsassız bəhanələrlə öhdəliyin icrasını uzatmış, son nəticədə isə iddiaçını bloklayaraq əlaqədən yayınmışdır. Belə ki cavabdeh pulun bir hissəsini qaytarmaqla borcun mövcudluğunu etiraf etmiş, lakin qalan hissənin qaytarılmasını əsassız şəkildə gecikdirmiş, iddiaçı ilə əlaqəni kəsərək öhdəliyin icrasından yayınmışdır. Məhkəmə qeyd edir ki, WhatsApp və Linkedİn üzərindən aparılmış yazışmalar Mülki Prosessual Məcəllənin 88-ci və 217.4-cü maddələrinə uyğun olaraq sübut kimi qəbul edilir, çünki yazışmalar ardıcıl və məzmun baxımından bir-birini tamamlayır, cavabdeh tərəfindən inkar edilmir, borcun mövcudluğu və qaytarılacağına dair iradəni açıq şəkildə əks etdirir. Yuxarıda göstərilən hallar birgə qiymətləndirildikdə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı qarşı 180 manat məbləğində pul öhdəliyini icra etməmişdir. Cavabdehin iddiaya qarşı etirazları hüquqi və faktiki sübutlarla təsdiqlənmir. İddiaçı tərəfindən tələb edilən məbləğ qanuni, əsaslı və sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 180 manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 180 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 180 (yüz səksən ) manat məbləğində pulun və 30 (otuz ) manat ödənilmiş dövlət rüsumunun əvəzi cəm olaraq 210 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-261/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-261/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver