Məhkəmə qərarları › İş №e-2(080)-27/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-27/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-27/2022 16.02.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ X6 Haqverdiyev, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi kimi 295 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki “Hyundai Sonata” minik markalı, **-KO- *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətimdədir. 02 aprel 2021-ci il tarixdə onun idarə etdiyi həmin avtomobillə Bakı-Sumqayıt yolunda hərəkətdə olarkən ondan qabağda, yolun sağ kənarında, dayanacaq üçün nəzərdə tutulmamış yerdə “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil dayanmış, Cavabdeh həmin avtomobilin arxa-sol qapısını açaraq avtomobildən düşərkən ehtiyatsızlığı ucbatından “Hyundai Elantra” markalı avtomobilin həmin qapısı onun avtomobilimin sağyan tərəfinə sürtülmüş, nəticədə mülkiyyətçi kimi ona 590 manat miqdarında maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fərid Fərzəliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozmaq), sərnişin Cavabdeh barəsində isə 338.3-cü (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) maddəsi ilə inzibati qərar qəbul edilmişdir. İddiaçıya dəymiş 590 manat maddi zərərin tam yarısı, yəni 295 manat hissəsi “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fərid Fərzəliyevin icbari sığortaçısı Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ona ünvanladığı 07 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, avtomobilinə dəymiş zərərin tam deyil, 50 faizinin ödənilmə səbəbi yolnəqliyyat hadisəsində iki nəfər şəxsin təqsirli bilinməsi olmuşdur. İddiaçı Cavabdeh oğlundan ona vurulmuş maddi zərərin əvəzi kimi 295 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 03. 04. 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli İnzibati tənbeh haqqında Abşeron DYP Polis qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə 30 manat cərimə edilmişdir. Belə ki, iş materiallarında olan 03. 04. 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli İnzibati tənbeh haqqında Abşeron DYP Polis qərarından görünür ki, Fərzəliyev Fərid Bəşir oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-cü maddəsi ilə 20 manat cərimə edilmişdir. 08.04.2021-ci il tarixli Cavabdeh izahatından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 08.04.2021-ci il tarixli, Fərid Fərzəliyevin izahatından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərsığorta DSKŞ, Sığorta ödənişi ilə bağlı 3935 nömrəli aktından görünür ki, sığortalı İddiaçı istifadəsində olan Hyundai sonata minik avtomobilinə dəymiş zərər ilə bağlı ümumi zərər 590 manat qiymətləndirilmişdir. Azərsığorta DSKŞ, Sığorta ödənişi ilə bağlı 3935 nömrəli aktından görünür ki, sığortalı Fərid Fərzəliyevin törətdiyi yol nəqliyyat hadisəsinə Azərsığorta DSKŞ-ti İddiaçı 295 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284- 5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-ci maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh 03.04.2021-ci il tarixdə sərnişin kimi istifadə etdiyi HYUNDAİ Elentra markalı ** ND *** dövlət nömrə nişanlı avtomobildən minmə və düşmə qaydalarını pozaraq inzibati xəta törətmiş və İddiaçı HYUNDAİ Elentra avtomobilinə maddi zərər vurmuşdur. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 295 manat maddi zərərin əvəzinin və 30 manat dövlət rüsumunun əvəzi cəmi 325 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X3 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar